17-ci hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
Bizim bu suallarımız qarşısında bəzi həmsöhbətlərimiz Lüdovik Şakerin rolunu minimuma endirməyə çalışdılar, “biz heç vaxt onu (Lüdovik Şaker) Yelisey sarayındakı mühüm iclaslarda görmürük”, “onu sadəcə olaraq Makronun seçki kampaniyası zamanı göstərdiyi xidmətlərinə görə bu vəzifəyə təyin etdilər...” Doğrudur, o da həqiqətdir ki, yeni Milli Kəşfiyyat koordinasiyasının və terrorizmlə mübarizə qrupunun direktoru (CNRLT) Pier Buske dö Florian onu (Lüdovik Şaker) öz şöbəsinə götürmədi. Buna baxmayaraq, prezident seçkilərinin ikinci turuna bir neçə gün qalmış bir nəfər strategiya eksperti Atlantico informasiya saytına verdiyi müsahibəsində Lüdovik Şakerin adını çəkinmədən qeyd edir və əlavə edir ki, “onun (Lüdovik Şaker) bu vəzifəyə keçməyini Makron hələ kampaniya zamanı qərara almışdı...”
“... o, Makrona yaxın adamdır, həm də Çini və çinlilərin şəbəkələrini yaxşı tanıyır. Olsun. Amma nə səbəbə o bu vəzifəyə təyin olunub? Bu otuz, otuz beş yaşlarında olan təcrübəsiz gənc bir oğlan islamçı terroristlərə qarşı mübarizə aparan gizli informasiya xidmətlərinin ağırçəkili professional agentləri kimi mübarizə aparmağı bacara biləcəkmi? Və ya Amerika gizli agentləri ilə bu mövzuda gündəlik dialoqa girib strateji qərarlar qəbul etməyi bacaracaqmı?”, – deyə bu “strategiya eksperti” ironiya ilə replika atır. Makronun yaxın dostu... 2018-ci ildə Şaker quru qoşunlarının ehtiyatda olan komandiri təyin olunur. Müdafiə Nazirliyinin kəşfiyyat qrupunun ağırçəkili agentlərindən biri bizə bu məsələni başqa cür təqdim edir. Bu adam Yelisey sarayındakı “ikimərtəbəli müdafiə sisteminin” varlığından danışır. Birinci mərtəbədə rəsmi idarəçilər, o cümlədən Nazirlər Kabinetinin direktoru, Patrik Strzoda; ikinci mərtəbədə isə “vaxtilə Makronun seçki kampaniyasını təşkil edən altı nəfərdən ibarət qara kabinet...”.
Bu sözlərin müəllifi həm Lüdovik Şakeri hədəfə alır, həm də təbii ki, Yelisey sarayının baş katibi Aleksi Kohleri. Bu sonuncu, Makron prezident seçiləndən sonra dövlət müdafiə sistemini mərkəzləşdirməyə qərar vermişdi. “Təhlükəsizlik və müdafiə məsələlərində Makron ağlına nə gəlir onu da eləyir...”. Başqa bir həmsöhbətimiz bizə izah etdi ki, “Lüdovik Şaker seçki kampaniyası zamanı Makronun bu həssas mövzulara giriş qapısı idi...”. O vaxt Lüdovik Şaker müdafiə problemləri üzərində işləyən qrupa daxil idi. “Neynəmək olar... V Respublikada həmişə qaranlıq bir sahə olub. Və bu dövlət üçün zəruridir”, – deyə kəşfiyyat qrupunun başqa bir fiquru prezidentə haqq qazandırmağa çalışır. Sözün əsl mənasında, çox müəmmalı bir adam olan Lüdovik Şaker prezidentin adından dövlətin bir neçə yüksək vəzifəli şəxslərinin yanına gedib onlardan “məxfi müqavilələr” imzalamağı tələb edir. Qəribə və sirli bir adamdır bu Şaker. Bəzilərinə o hətt a özünü “xüsusi təyinatlı qrupun keçmiş üzvü” kimi təqdim edir.
WikiLeaks tərəfindən aşkar edilən sənədlərdən bəlli olur ki, "Hərəkətdə!" hərəkatının daxilində Lüdovik Şaker özünü “44-cü piyada alayının keçmiş hərbiçisi” kimi qələmə verir. Kəşfiyyat agentləri yaxşı bilirlər ki, 44-cü alay DGSE (xarici kəşfiyyat) üçün kadrlar hazırlayır. Deməli, belə çıxır ki, keçmişdə Lüdovik Şaker casus olub. Bu informasiyanı sözügedən şəxs nə təkzib, nə də təsdiq etdi. Biz ancaq onu bilirik ki, Şaker Yelisey sarayına gələndən sonra onun DGSE (xarici kəşfiyyat) ilə əməkdaşlığı dayandırıldı. 2018-ci il sentyabrın 5-də xarici kəşfiyyatın rəhbər işçilərindən biri olan Jan-Dominik Merşe L’Opinion gündəlik qəzetinə verdiyi müsahibəsində qeyd edir ki, “Yelisey sarayının missiya icraçısı Lüdovik Şaker, artıq DGSE-də (xarici kəşfiyyat) işləmir”. Şaker də öz növbəsində bu uğursuzluğu daha yaxşı “həzm” etməkdən ötəri bəzi həmsöhbətlərinin qarşısında öyünməkdən çəkinmir və DGSE-də (xarici kəşfiyyat) olduğu vaxtlarda ona tapşırılan missiyalardan həvəslə danışır.
Ardı var…