16-cı hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
Bu əlaqə lətifə kimi görünsə də, Emmanuel Makronun bir-birindən fərqli personajlarla, eləcə də onun Əlcəzair şəbəkələri ilə əlaqələrini şübhə altına alır. 2018-ci ilin oktyabr ayında gündəlik qəzet Libération yazır ki, Aleksandr Benalla və franko-əlcəzairli Aleksandr Djuri Londonda görüşüblər. Əvvəlcə, Benalla bunu inkar edir, ancaq bir müddət sonra, Mediapart saytına müsahibəsində etiraf edir ki, həqiqətən də payızda, bir neçə dəfə onunla Londonda görüşüb.
Benalla Libération qəzetinin jurnalistinə onu da deyib ki, “mən, həqiqətən də, Djuri ilə Londonda görüşmüşəm... ancaq sizin qəzet bizim görüşümüzün tarixini səhv yazdığından, mən bilərəkdən bunu inkar etdim ki, sizin məqalənizdəki xəbərin yalan olduğunu hamı bilsin”.
PREZİDENTİN CASUSU
Bu adamın adı heç bir rəsmi görüşlərdə çəkilmir, heç bir orqaniqramda onun şəkli yoxdur. Ona polisdən nə çağırış gələcək, nə də Senatın araşdırma komissiyası ona “Benalla məsələsi” ilə bağlı suallar verəcək. Bununla belə, Le Monde qəzeti Aleksandr Benallanın mayın 1-də nümayiş zamanı çıxardığı oyunlar barədə çap etdiyi məqalədə 38 yaşlı Lüdovik Şakerin də adını çəkəndə, Yelisey sarayının divarları titrəyir, prezident də, onun klanı da panikaya düşür. Özü də bu panika Benalla məsələsi ilə bağlı panikayla müqayisədə daha böyükdür. Bu da o deməkdir ki, bütün bu problemlər, həqiqətən də dövlət səviyyəsində, dövlət başçısı və onun ətrafındakı adamlar tərəfi ndən yaradılıb... nə qədər acınacaqlı görünsə də, bu hadisə yay aylarında televiziyada gedən seriala bənzəyir. Lüdovik Şakerin sadəcə olaraq bircə dəfə qəzetdə adının çəkilməsi prezident sarayının mətbuat xidmətində zəlzələyə səbəb olur. Çünki Emmanuel Makron prezident seçiləndən bəri Şaker onun siyasi sisteminin mərkəzində baş rol oynayır. “O, prezident aparatının döyünən ürəyidir”, – deyə Müdafiə Nazirliyinin yüksək rütbəli bir məmuru etiraf edir. O vaxta qədər demək olar ki, heç kimin tanımadığı bu gənc, admiral Bernard Rojelə tabe olan “missiya icraçısıdır”.
Bernard Rojel kimdir?
Respublika Prezidentinin müdafiə kabinetinin rəisi, milli müdafiə sisteminin çox məsul bir fiquru, dövlət başçısı ilə paralel Milli Ordunun ali baş komandanı, quru və hava qoşunlarının, eləcə də dəniz donanmasının baş komandanlıqları arasındakı əlaqə qrupunun rəhbəri. Ona bu çox çətin və məsuliyyətli işdə yüksək rütbəli zabitlər, hər üç ordunun generalları, eləcə də xarici kəşfiyyat zabitləri kömək edirlər. Bir sözlə, Yelisey sarayının ali baş komandanlığı ayrıca bir qaladır və burada “ Fransa dövlətinin müdafiə sirri” saxlanılır...
Üstəlik, “dövlətin ən əsas müdafiə sirri!”. Dövlət müdafiə sirrinin saxlanıldığı belə bir gizli yerə “missiya icraçısı” təyin olunması V Respublika dövründə görünməmiş bir hadisədir.
Yaxşı, hələ bu bir yana... bəs ehtiyatda olan sadə bir hərbiçi Lüdovik Şaker niyə belə bir məsul vəzifəyə təyin olunub?
Hansı səbəblərə görə senatorlara onun haqqında sual verməyə icazə verilmir?
Nə üçün Benalla məsələsi barədə təhqiqat aparan komissiya onu istintaqa çağırmağı ağlına belə gətirmədi?
Ardı var…