<span style="color:red;">Aktyor bu filmə çəkiləndən sonra küçəyə çıxa bilmirdi  - SSRİ-nin ən çox gəlir gətirən 10 filmindən biri
09 iyun 2019 11:02 (UTC +04:00)

Aktyor bu filmə çəkiləndən sonra küçəyə çıxa bilmirdi - SSRİ-nin ən çox gəlir gətirən 10 filmindən biri

Bu il Azərbaycan kino tarixində maraqlı işlərindən biri olan “7 oğul istərəm” filminin 49 yaşı olur. 49 ildir ki, bir film sevilərək baxılır, onu ərsəyə gətirən ictimai quruluş, idiologiya iflasa uğramış olsa da belə sənət əsəri kimi qəbul olunur, baxılır, sevilir. İndi də bəzi epizodları dillər əzbəridir.

 

Hamam hamam içində

Xəlbir saman içində,

Dəvə dəlləklik eylər

Köhnə hamam içində.

 

İsmayıl Osmanlının film boyu müxtəlif məkanlarda gözlənilmədən peyda olub bu misraları oxuması filmə xüsusi rəng qatması ilə bahəm həm də obraza nifrət aşılayır. Aktyor da gözəl yaradıb. Yeri gəlmişkən, İsmayıl Osmanlı bu filmə çəkiləndən sonra Bakı küçələrinə çıxa bilmirmiş. Bir dəfə aktyoru küçədə Kələntər dayı bilib döyməyə də qalxıblarmış, Allah istəyib ki, ətrafda kinonu həyatdan ayıra bilən ayıq adamlar da olub.

 

“Çal aşıq, çal, komsomolun canı it canıymış”,   “Yanıq Kərəmi çal ağa, bəy havasıdır”, “Tələsmə gizir”, “Hanı peykanlıda kişi?”, “Yoxsa əzrayıl gəlib bu kəndi torbasına yığıb aparıb”, “Allah sizə rəhmət eləsin ölülər”, “Sən mütrüflük edəndə, mən əlimə silah alıb döyüşürdüm”, saydıqca bitməyən sitatlar gətirmək olar “7 oğul istərəm” filmindən. Hər birinin də dərin və çoxçalarlı mənaları var.

 

 

Komsomol tarixini bəy balası çəkə bilməz

 

Senari o vaxt filmi çəkəcək rejissorla birgə, onunla razılaşdırılıb yazılıbmış. Filmi çəkmək isə Kamil Rüstəmbəyova həvalə olunubmuş. Bəli, “Axırıncı aşırım” filminin rejissoru Kamil Rüstəmbəyova. Fikir verəndə aydın sezmək olur ki, bu iki film arasında qəribə bir “qohumluq” var. Estetika, ruh qohumluğu. Senari tam hazır olub, rollar belə bölüşdürülüb, bu vaxt Mərkəzi Komitədən göstəriş gəlib ki, filmi Tofiq Tağızadə çəkməlidir.  Sovet idiologiyasına görə komsomol tarixindən olan bir filmi bəy balası çəkə bilməz. Təbii ki, Kamil Rüstəmbəyov o filmə elə çalarlar qata bilərdi ki, bu  mövcud idiologiyaya sərf etməzdi. Hərçənd, bu gün də aktual olardı. Necə ki, “Axırıncı aşırım” filmində bunu edib.

 

O vaxt kinostudiyaya  rəhbərlik edən və filmi Kamil Rüstəmbəyovun uğurlu çəkəcəyinə inanan Adil İsgəndərov heç nə edə bilmir.  Yalnız  “Axırıncı aşırım”ı çəkmək söhbəti ortaya gələndə onu Kamil Rüstəmbəyova həvalə edib üstündə durmaqla yanğısını çıxarır. Odur ki, bu iki film fərqli rejissorların adına da olsa nə iləsə dəsti-xətt bənzərliyi var.

Tofiq Tağızadə həmkarının seçiminə hörmətlə yanaşmaqla yalnız Humay və Cəlal obrazlarına seçilən aktyorları dəyişir. Cəlal obrazına Əliabbas Qədirovu deyil Ənvər Həsənovu çəkir. Humay isə Zemfira İsmayılova olur, ona qədər tanınmayan başqa bir aktrisa sınaqdan keçirilibmiş. 

 

Sarı Şəmistan 7 aktyora xalça bağışlayıb

 

 

Film 1970 - ci ildə çəkilib,  Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunub.
 

Ssenarini Yusif Səmədoğlu  Səməd Vurğunun “Komsomol poeması” əsasında qələbə alıb.

Səməd Vurğun özü müəllim işlədiyi illərdə komsomol sıralarında xidmətləri olub. “Məndən tez-tez soruşurlar xoşbəxtsinizmi? Cavab verirəm – Hə! Çünki gəncliyim Lenin komsomolu sıralarında qanlı-qadalı müharibələrdə keçmişdir.” (S.Vurğun)
Gəray bəy, Şəkər bəy, Bəxtiyar  konkret tarixi şəxsiyyətlərdir. Sarı Şəmistanla sonralar çəkiliş qrupunun görüşü də olub. Onlar yalnız film ekranlara çıxandan sonra məlum olub. Bütün bölgələri, əyalətləri gəzən filmlə birgə oralarda görüşlərdə olan aktyorlar qarşılarına çıxıb özünü təqdim edən personajların qarşısında karıxıb qalırmışlar.  Belə görüşlərdən birində sağ-salamat Sarı Şəmistan 7 oğulun hərəsinə bir xalça da bağışlayıb.

 

 

Bir neçə epizodda çəkiliş vaxtı dəyişiklik olunub. Məsələn, Bəxtiyar Humayı döyən səhnədə mübahisə düşüb. Sonda belə qərara gəlinir ki, bolşevik silahdaşını itirdiyi üçün gözünə heç nə görünmür, qızı döyür, amma o biri bolşevikdə milli hisslər baş qaldırır,  kişinin qadını döyməsinə yol vermir. Burda hadisənin biri o birini tamamlayır.

Qəbristanlıqda  “gədələri də yığışdır” ifadəsi bəy balası Cəlalı qıcıqlandırır və əmisinə silah çəkir.

 

Çəkilişlər Abşeronda, Şağanda, Mərdəkanda, Buzovnada, Fatmayidə, Qobustanda və kinostudiyanın pavilyonunda aparılıb.
 

Xəyyam Mirzəzadə Amerikada göz yaşlarına boğulub

 

Filmə çəkilən 7 aktyor bu film sayəsində 7  əzəli əbədi qardaş olublar. İndi də rəhmətə gedənlərin də ailəsinin xeyir-şərinə sağ qalanlar yarıyır.

 

Bu gün onlardan üçü sağdır – Əbdül Mahmudov, Rafik Əzimov və Ənvər Həsənov.

 

 

Rafik Əzimov deyir:  “Yeddi oğul istərəm” filmi SSRİ bankına ən çox valyuta gətirən 10 filmlər cərgəsində idi: “Bir maraqlı faktı da deyim ki, filmin bəstəkarı Xəyyam Mirzəzadə Amerikada Brodveydə gəzintiyə çıxıbmış. Birdən şəhərin bir küçəsində geniş bir reklama rast gəlir. Həmin reklam ingilis dilində yazılsa da, şəkillərdə 7 oğulun məğrur görünüşü baxana gəl-gəl deyirmiş”. Həmin reklama çox diqqətlə baxan Xəyyam Mirzəzadənin gözündən biixtiyar yaş axmağa başlayır. Bu, sevinc yaşları idi ki, Azərbaycan filmi Amerika kimi bir ölkədə geniş maraq doğurmuşdu…”

 

Filmin finalı da son anda dəyişdirilib. Gəray bəy məğlub olub intihar etməzdən əvvəl kəndə od vurub onu yandırır. Başqa bir versiyaya görə kəndi əslində bolşeviklər od vurub yandırıblar, Gəray bəyi ələ keçirmək üçün.  Finalda bütün kənd od tutub yanması səhnəsi dəyişdirilir, kənddə heç bir faciə yoxdur, yalnız Gəray bəy intihar edir.

“Get Sarı Şəmistana de ki, Gəray bəyi qanına qəltan etdim”.

 

7 oğuldan sağ qalan üçü

Ənvər Həsənovun xatirələrindən: “Mənim üçün ən çətin səhnə Cəlalın ölüm səhnəsi olub. Səhnə həm fiziki, həm də mənəvi cəhətdən ağır idi. Cəlal dağa, dərəyə çıхır, qayalıqları keçir, neçə yerdən qaçır, atılıb-düşür və həmin vəziyyətdə dayanır, Gəray bəyin qarşısında. Başlayır monoloqunu deməyə. Bu kadr Qobustanda çəkilirdi. Cəlala dörd güllə dəyir və hər güllə dəyən səhnə ayrıca lentə alınırdı. Həmin kadr isə 3-4 dubl çəkilirdi. Aхırıncı gülləni Gəray bəy vurur. Həmin gülləylə də Cəlal yerə yıхılaraq ölür. Mən yerə yıхılan vaхt çəkiliş qrupundan qəribə səs eşidildi. "Stop" deyildikdən sonra hamı mənim başıma yığışdı və asta-asta başımı qaldırdı. Demə, yıхıldığım yerdən azca kənarda sivri ağızlı daş varmış. Əgər bir az da kənara yıхılsaydım, daş gicgahıma bata bilərdi. Ъəlalın ölüm səhnəsi az qala mənim ölümümə səbəb olacaqdı. Çəkilişdən əvvəl səhnə təmizlənmişdi. Ancaq o kiçik daş nəzərdən qaçmışdı. O çəkilişdən sonra bir həftə işə çıхmadım. Bu səhnələr heç vaхt yaddan çıхmaz".

Ənvər Həsənov Qobustanda aparılan çəkilişlər zamanı baş vermiş gülməli bir hadisəni хatırlayır. Uzun müddətlik və ağır çəkilişlərdən sonra aktyorlar istirahət etmək üçün kölgə aхtarışına çıхırlar. Birdən əllərində torba və uzun çubuqlar olan iki kişinin gəldiyini görüb onların ilan tutan olduğunu anlayırlar. Həmin kişilərə yaхınlaşıb ilanlar barədə söhbət etməyə başlayırlar. Hamının diqqəti ilanlara yönələn anda Elçin Məmmədov yavaşca yaхınlaşıb Hamlet Хanızadənin (filmdə Gizir rolunu ifa edir) ayağından elə tutur ki, guya onu ilan çalır. Bu zaman Hamlet Хanızadənin rəngi ağarır və ürəyi zəif olduğundan huşunu itirir. Aləm dəyir bir-birinə. Tofiq Tağızadə gəlib ilan tutanları qovur. Hamlet Хanızadəni 15-20 dəqiqədən sonra özünə gətirirlər. Ayılandan sonra Hamlet Хanızadə qisas almaq üçün Elçini aхtarmağa başlayır. Elçin Məmmədov isə bunu əvvəldən bildiyi üçün qaçıb gizlənmişdi. Aхırda "qoy gəlsin, filmimizi çəkib qurtaraq, isti vurub başımıza" deyə Хanızadəyə müraciət edirlər. Nəhayət, çətinliklə də olsa aktyorları birtəhər barışdırmağa müvəffəq olurlar. 

Bəxtiyarın pilləkəndə oturub siqaret çəkmə səhnəsi 3 dubl çəkilib. Həmin çəkilişi xatırlayan Uzun Qasım – Əbdül Mahmudov deyir ki, şəxsən özü bu səhnəni səbirsizliklə gözləyirdi: “Mən də pilləkənin altında oturub maraqla Həsən Məmmədova baxırdım. Onun bu səhnəni necə yaradacağı mənə çox maraqlı idi. Gözünün içini, plastikasını görmək istəyirdim. Əslində mənə elə gəldi ki, o, heç nə etmədi. Çünki adət etdiyimiz pafosu, ah-ufları görəcəyimi düşünürdüm. Plyonka aşkarlanandan sonra bu epizoda baxanda dəhşətə gəldik. Bu səhnəni Həsən Məmmədov o qədər gözəl yaratmışdı ki. Qəribə nisgilli, kədərli baxışları vardı. Mənim fikrimcə, o epizod olmasaydı, film də yaxşı alınmazdı

 

Sonda filmin bütün yaradıcı heyətini bütünlüklə təqdim etməyi lazım bildim.

Əsərin Müəllifi : Səməd Vurğun

Ssenari Müəllifi : Yusif Səmədoğlu

Quruluşçu Rejissor : Tofiq Tağızadə

Quruluşçu Operator : Rasim İsmayılov

Quruluşçu Rəssam : Nadir Zeynalov

Bəstəkar : Xəyyam Mirzəzadə

Səs Operatoru : Vladimir Savin

Rejissor : T. Məmmədov

Geyim Rəssamı : Mais Ağabəyov

Qrim Rəssamı : V. Bereznyakov, Elbrus Vahidov

Quraşdırılmış Səhnələrin Operatoru : Rasim İsmayılov

Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev

Montaj edən : Tamara Nərimanbəyova

Redaktor : İntiqam Qasımzadə

Rejissor Assistenti : Mirzəbala Məlikov, M. Məmmədov

Operator Assistenti : Rafiq Kərimov, Ziya Babayev(Z. Babayev kimi)

Rəssam Assistenti : T. Abdullazadə, N. Viçina

Çalır : Kinematoqrafiya Dövlət Simfonik Orkestri

Dirijor : D. Ştilman

Filmin Direktoru : Davud Zöhrabov

İşıqçı : A. Məmmədzadə (titrlərdə yoxdur)

Rejissor Köməkçisi : Almaz Mustafayeva (titrlərdə yoxdur)

-Bəxtiyar

Ənvər Həsənov-Cəlal

Elçin Məmmədov-Mirpaşa

Əbdül Mahmudov-Qasım

Şahmar Ələkbərov-Qəzənfər

Rafiq Əzimov-Şahsuvar

Ələsgər İbrahimov-Zalımoğlu

Həsənağa Turabov-Gəray bəy

İsmayıl Osmanlı-Kələntər

Zemfira İsmayılova-Humay

Hamlet Xanızadə-Gizir

Fərhad İsrafilov-Qəqəni

Məmmədrza Şeyxzamanov-Kərəm

Məhluqə Sadıqova-Əri ölən qadın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16895
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

4 mart 2020 , 11:31
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00