Həsrət Cəfərov kimdir?  - Həyatında güləşdən başqa maraqlı nəsə olmayan çempion
09 avqust 2024 18:15 (UTC +04:00)

Həsrət Cəfərov kimdir? - Həyatında güləşdən başqa maraqlı nəsə olmayan çempion

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazanıb.

Birinci vitse-prezident Mehriban Əliyeva idmançımızı təbrik edərək, sosial şəbəkə hesabında "Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!" yazıb.

Lent.az “Bioqrafiya” rubrikasında Həsrət Cəfərovdan bəhs edir.

- Həsrət Cəfərov harada və nə zaman anadan olub?

Həsrət Valeh oğlu Cəfərov 5 oktyabr 2002-ci ildə Goranboyda doğulub.

- Həsrət Cəfərovun idmançı karyerasında ən böyük uğuru nə olub?

Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2023-cü il Avropa Çempionatının qalibi olub.
Bundan əlavə, Həsrət Cəfərov 2017-ci ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatını qızıl medalla başa vurub. 2018-ci ildə i Həsrət Cəfərov KYRM-da yeniyetmələr arasında Avropa Çempionatının və Xorvatiyada yeniyetmələr arasında Dünya Çempionatının bürünc medallarını qazanıb.

2019-cu ildə Həsrət Cəfərov  Avropa Gənclər Olimpiya Festivalından qalib kimi qayıdıb.  

- Həsrət Cəfərov gənc idmançılar arasında hansı uğurlar qazanıb?

2021-ci ilin mayında U23 Avropa Çempionatının bürünc medalına sahib olan Həsrət Cəfərov, iyulda Almaniyanın Dortmund şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının, avqustda isə Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının qalibi olub. 

- Həsrət Cəfərov Dünya Çempionatlarında nə zaman debüt edib?

Həsrət Cəfərov 2021-ci ildə  Norveçdə Dünya Çempionatında iştirak edib. Həmin ilin noyabrında Belqrad şəhərində (Serbiya) baş tutan U23 Dünya Çempionatında da Həsrət Cəfərov qızıl medala sahib olub.
2022-ci ildə isə Həsrət Cəfərov əvvəlcə martda Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalını qazanıb.  Daha sonra Həsrət Cəfərov Roma şəhərində Matteo Pellicone Turnirinin və Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatını isə Həsrət Cəfərov bürünc medalla başa vurub.
2023-cü ildə Həsrət Cəfərov Avropa Çempionatında mübarizə aparıb və  qalib olub.  İyulda Macarıstanın Budapeşt şəhərində baş tutan Polya İmre beynəlxalq turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qızıl medalına sahib olan Həsrət Cəfərov sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatını final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib olsa da bu nəticə ona 2024-cü il Paris Olimpiadasına lisenziyaya qazandırdı.

Olimpiadada iştirakına qədər o, Xorvatiyanın Zaqreb şəhərində Zagreb Open beynəlxalq turnirinin, daha sonra isə fevralda Rumıniyanın Buxarest şəhərində Avropa Çempionatının, Macarıstanın Budapeşt şəhərində Polya İmre Turnirinin də qızıl medalına sahib olub.

- Həsrət Cəfərov subaydır?

Bəli.
- Həsrət Cəfərov şəxsi həyatı barədə nə danışıb?

“Güləş həyatımın önəmli bir parçasına çevrilib. Günümün hər saatında güləş barədə düşünürəm. Hətta deyə bilərəm ki, bundan başqa həyatımda maraqlı bir şey yoxdur” deyə o bir müsahibəsində bildirib.
Olimpiadadan üçüncü yerin sahibi kimi qayıdan Həsrət Cəfərovun təəssüratı necədir?

67 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı 3-cü yeri tutduğu üçün məyus olmadığını bildirib :“Məni dəstəkləyən və uğuruma sevinən hər kəsə təşəkkürümü bildirirəm. Sevinirəm, sadəcə, qızıl medalın yeri başqadır. Əsas odur, Vətənə medalsız dönmürəm. Komandamızın başı üzərində sanki “qara bulud” var. Medal qazana bilmirdik. Açılışı mən etdim, inanıram ki, davamını uşaqlar gətirəcəklər”.
O, əsas hədəfinin “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında qızıl medal əldə etmək olduğunu vurğulayıb: “Daha yaxşı hazırlaşıb böyük uğurlar qazanmaq istəyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar