266
12:00
01 May 2009

ABŞ Azərbaycanın terrorizmlə mübarizəsini yüksək qiymətləndirib

ABŞ Dövlət Departamenti “2008-ci il terrorizm üzrə ölkələr hesabatı” adlı sənəd yayıb.

APA -nın ABŞ bürosunun məlumatına görə, sənədin Azərbaycana aid hissəsində bildirilir ki, Azərbaycan və ABŞ arasında 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrorizmlə mübarizə sahəsində əməkdaşlıq mövcuddur. Əfqanıstana gedən strateji hava dəhlizi üzərində yerləşən Azərbaycan hava uçuşları üçün şərait yaradıb, hüquq mühafizə orqanları ilə əməkdaşlıq və məlumat mübadiləsi sahəsində əməkdaşlıq edib.

Hesabatda ABŞ və Koalisiya qüvvələrinin Bakının mülki hava limanlarında yanacaq doldurmasına və enmələr etməsinə icazə verildiyi bildirilib. Dövlət Departamenti Azərbaycan əsgərlərinin İraq və Əfqanıstanda xidmət etdiyini, rəsmi Bakının öz ölkəsinin sərhədlərinin mühafizəsini artıraraq, terrorçuların insan və materiallar keçirməsinin qarşısını almaqda müsbət irəliləyişlərə nail atıb.

Hesabatda qeyd olunur ki, Azərbaycan İran tərəfindən ruhlandırılan və idarə olunan terrorçu təşkilatların yolunda yerləşir. Həmin qruplar Qafqazda keçməklə pul, insan qüvvəsi və materiallar keçirməyə cəhd etsələr də, hökumət aktiv olaraq həmin qrupların qarşısını alıb.

Departamentin hesabatında ötən il avqustun 17-də “Əbu Bəkr” məscidində baş verən hadisəyə yer ayrılıb. Həmin insident zamanı 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunan hesabatda Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə istinadən hadisənin Dağıstanda qətlə yetirilən İlqar Mollaçıyevin tərəfindən hazırlandığı bildirilib.

Hesabatda, həmçinin, Ermənistanın İranla yaxınlaşmasından narahatlıq ifadə olunub. Amerikanın xarici siyasət idarəsi bu yaxınlaşma səbəbindən rəsmi İrəvanın İrana qarşı aparılan beynəlxalq təzyiq kampaniyası, terrorçuluğa dəstək və nüvə silahının yayılmaması ilə bağlı təzyiqlərə qoşulmaqda meylli olmadığını bildirib.