“Deyirdim, səni maşınımda gəzdirəcəm, arzum qəlbimdə qaldı...” - TAYM-AUT
27 noyabr 2020 20:15 (UTC +04:00)

“Deyirdim, səni maşınımda gəzdirəcəm, arzum qəlbimdə qaldı...” - TAYM-AUT

 

 

Lent.az-ın “Taym-aut” rubrikasının növbəti qonağı Azərbaycan millisinin sabiq futbolçusu, PRO kateqoriyalı məşqçi, hazırda “Zirə” Futbol Akademiyasının koordinatoru vəzifəsində çalışan Zaur Həşimovdur. Onunla indiyədək keçdiyi həyat yoluna nəzər saldıq...

 

“13 yaşımadək problem yaşamamışam”

“Sumqayıtda anadan olmuşam, uşaqlığım orda keçib. Əslimiz isə Füzulidəndir. Əvvəl orta səviyyədə dolanırdıq. Ailədə 4 uşaq olmuşuq. Evin ilk övladı mənəm, bacım və 2 qardaşım da var. Sonbeşiklər, yəni qardaşlarım əkizdirlər. Onlar həddindən artıq dəcəl və ərköyün böyüyüblər. Ancaq ilk övlad olduğum üçün valideynlərim tərəfdən sevgini daha çox mən hiss edirdim. 13 yaşımadək bir uşaq kimi heç bir problem yaşamamışam. Atam bizneslə məşğul olur, qonşu ölkələrdən müxtəlif mallar gətirib satırdı. Anam isə evdar qadın idi. 13 yaşımdan sonra artıq bəzi sıxıntıları hiss etməyə başladım. Atamın işi getmədiyindən, Rusiyaya qazanc dalınca yollanmaq məcburiyyətində qaldı. Bundan sonra ailə məsuliyyəti daha çox mənim üzərimə düşdü”.

 

“Get, sentyabrda gələrsən...”

“Futbolla 9 yaşımdan məşğulam. Mənədək qohum-əqrəbada dayım bu yola baş vurmuşdu, amma həvəskar səviyyədə. Sumqayıtda “Polad” komandasında oynayıb. Futbola qədər 3-4 ay güləşə getdim, ancaq maraqsız gəldi. Axtarışda idim. Məhəllədə futbol oynayanda hiss edirdim ki, məndə alınır. Elə oldu ki, bir gün Sumqayıtda Mehdi Hüseynzadə adına stadiona, rəhmətlik Tofiq Rzayevin yanına getdim. Özüm getdim, heç kim aparmamışdı məni. Birinci dəfə mənim üçün uğursuz olmuşdu. Tofiq müəllim uşaqlardan heç kimin xətrinə dəyməmək üçün həmişə deyirdi ki, get, sentyabrda gələrsən. O sözü mən də eşitdim. Amma digər uşaqlardan fərqli, sentyabrda yenə ora üz tutdum. Beləcə, futbola yazıldım”.

“Coğrafiya və tarixə xüsusi həvəsim var idi”

“Məktəbdə əlaçı olmamışam, amma pis oxuyan da deyildim. Coğrafiya və tarix fənlərinə xüsusi həvəsim var idi. Hətta bir dəfə - 9-cu sinifdə oxuyanda müəllim valideynimi çağırıb demişdi ki, Zauru futbola getməyə qoymayın, gələcəyin yaxşı hüquqşünası, mütəxəssisi ola bilər. Amma futbolla nəfəs alırdım. İstənilən çətinliyə sinə gərməyə hazır idim. Futbola getdikdən sonra məktəbdə qiymətlərim zəifləmişdi. Dərsdən qaçdığım vaxtlar da olub. Ancaq sakit uşaq olmuşam, dəcəl, dalaşqan deyildim. Düzdür, məktəbdə futbol oynayanda mübahisələrimiz düşürdü və bəzən davaya qədər gedib çıxırdı”.

“Bütün qərarları özüm verirdim”

“Atam Rusiyaya gedəndən sonra ailədə müəyyən qərarları verməyə başlamışdım. O vaxt mobil telefonlar yox idi, əlaqə qurmaq indiki kimi asan deyildi. Bəzi məsələlər var idi ki, yerində qərar vermək lazım gəlirdi. Buna görə də məsuliyyətimi dərk edirdim. 19 yaşımda ağır itki ilə üzləşdim, anam dünyasını dəyişdi. Bundan sonra məsuliyyət tam mənə keçdi, ailə başçısı oldum. Düzdür, atam bacardığı qədər bizə kömək edirdi, amma bütün qərarları özüm verirdim. Bacım və qardaşlarımın da həyatında, qərarlarında rol oynamağa başlamışdım”.

“Anamı elə görmək çox çətin idi”

“Anam xərçəng xəstəliyindən dünyasını dəyişəndə 41 yaşındaydı. Ona qədər xəstəlik dövrü var idi, hansı ki, 2 ilə yaxın davam etdi. O dövr də bizim üçün çox ağır keçmişdi. Anamı elə görmək çox çətin idi. Elə vəziyyətdəydim ki, özümdən balaca bacım və qardaşlarım var idi, onların maddi və mənəvi ehtiyacları da mənim boynumda idi. Bir sözlə, o dönəmlər bizim üçün həddindən artıq sıxıntılı keçmişdi. Anam dünyasını dəyişəndə vəsiyyət etmədi. Sadəcə, son vaxtlar tez-tez təkrarladığı söz var idi. Deyirdi ki, dünyasını dəyişən insan tez unudulur, həyat öz axarı ilə davam edəcək”.

“Tez evlənmək mənə hər cəhətdən xeyir verib”

“23 yaşımda evlənmişəm. Ailə həyatı qurandan sonra mənim üçün heç nə çətinləşmədi. Çünki əvvəldən üstümdə məsuliyyət var idi. Həmin dövrdə dolanışıq, ev problemi ilə üzləşməsəydik, bəlkə də daha erkən - 20-21 yaşında evlənərdim. İndi də düşünürəm ki, tez evlənmək mənə hər cəhətdən xeyir verib. Karyerama müsbət təsir göstərib, artıq övladlarım böyüyüblər. Yeri gəlmişkən, 4 övladım var: 2 oğlan, 2 qız”.

“Hiss etdim ki, vidalaşmaq vaxtıdır”

“Futbola təzə getdiyim vaxtlarda ailəmdən ancaq dəstək görmüşəm. Valideynlərim heç vaxt buna qarşı çıxmayıblar, əksinə, həmişə dəstək veriblər. Əllərindən nə gəlirsə, mənim üçün ediblər, valideyn kimi daim arxamda dayanıblar. 16 yaşadək futbol həyatımı Sumqayıtda davam etdirdim. Sonra U-16-nın, ardınca U-18-nin formasını geyindim. Premyer Liqada debütüm 17 yaşımda Buzovnanın “Xəzri” komandasında reallaşdı. Sonra “Şəfa”, “Xəzər Universiteti”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran” və “Qarabağ” klublarının şərəfini qorudum. Son klubum isə “Sumqayıt” oldu. Hiss etdim ki, futbolla vidalaşmaq, gənclərə yol açmaq vaxtıdır. Buna görə də müqaviləmin müddətinin bitməyinə 6-7 ay qalmış şəxsən özüm klubun prezidentinə müraciət etdim, karyeramı bitirmək istədiyimi bildirdim. Ondan sonra isə məşqçiliyə başladım. Atam sağdır, qazandığım uğurları gördü. Çox istərdim ki, bunları anam da görəydi”.

“Bunu özümə bağışlaya bilmirəm”

“Futbol mənə çox şey verib, amma çox şeyi də əlimdən alıb. Məsələn, sağlamlığıma təsir edib, uduzanda və ya oyunum alınmayanda stress keçirmişəm, 3-4 dəfə əməliyyat olunmuşam. Daha yaxşı futbolçu ola bilərdim. Amma bunun qarşısını kəsən nüanslar var idi. Səhər Sumqayıtda məktəbə, ordan çıxıb Bakıya məşqə gedirdim, məşqdən də evə qayıdırdım. Bu rejim daha yaxşı futbolçu olmağıma çətinlik törədirdi. Bundan əlavə, elə vaxtlar olub ki, əsas heyətdə yerimi itirməyim deyə, zədəli-zədəli, həddindən artıq ağrı ilə meydana çıxmışam. Zədələnirdim, tam sağalmağım üçün 2-3 həftə vaxt lazım gəlirdi, amma mən fikir vermirdim. Bunu özümə bağışlaya bilmirəm, çünki karyerama böyük təsir göstərdi, sonradan əziyyətini çəkdim. Amma futbolu seçdiyimə görə heç vaxt peşman olmamışam. Sadəcə, ikinci şansım olsaydı, karyeramda buraxdığım səhvləri bir daha etməzdim”.

“Yaşadığım problemlərlə oğlumun da üzləşməsini istəmirəm”

“Ailədə yolumu davam etdirən var. Böyük oğlum Səlim “Qarabağ”ın U-15 komandasında oynayır. Qapıçılığı seçib, 9 yaşından ordadır. “Qarabağ”da məşqçi işləyəndə oğlumu özümlə aparıb gətirirdim. Bir gün gəlib gördüm ki, qapıda dayanıb, seçiminə mane olmadım. Valideyn kimi nə dəstək vermək lazımdırsa, edirəm. Butsi, əlcək və ya başqa bir şey lazım olanda dərhal alıram. İstəyirəm ki, belə problemlərlə üzləşməsin. Çünki özüm o problemləri çox yaşamışam. 17-18 yaşım olanda mənim hələ şəxsi, peşəkar butsim yox idi. O vaxt milliyə çağırılan futbolçulara federasiya tərəfindən butsi verilirdi, amma yarışlardan sonra yığırdılar. Son 1 ildə Səlimi buraxmışam həyatın ağuşuna, artıq hər şeyi dərk edir. Uşaqların, əsas da qız övladlarımın dərslərinə xüsusi fikir veririk. Onları əlavə məşğələlərə yazdırmışam”.

“Bacım bizə analıq edib”

“Balaca oğlum, 7 yaşlı Abdullaha xüsusi sevgimiz, qayğımız var, çünki evin sonbeşiyidir. Övladlarım arasında xasiyyət baxımından mənə oxşayanı yoxdur. Daha çox əmiləri kimi ərköyündürlər. Qızlarımdan birinə bacımın adını qoymuşam. Çünki anam dünyasını dəyişəndən sonra bizə analığı bacım edib. Həmin vaxt cəmi 18 yaşı olsa da, bütün əziyyətimizi çəkirdi. Yeməyimizi bişirir, geyim, təmizlik, bir sözlə, hər şeyə fikir verirdi. Buna görə də qızım anadan olanda ona bacımın adını qoydum”.

“Məni danladı, hətta əl qaldırdı”

“Uşaqları çox sıxmaq olmaz, amma tam sərbəstlik vermək də düzgün deyil. Heç vaxt övladlarıma əl qaldırmamışam. Səsimin tonunu dəyişəndə özləri başa düşürlər ki, vəziyyət çox ciddidir. Mənə anam yox, atam əl qaldırıb. Bir dəfə məktəbdə dəftərin birinci səhifəsini pis xətlə yazmışdım, ikinci səhifədə isə tapşırığı ideal yerinə yetirmişdim. Müəllimə birinci vərəqdə xəttim pis idi deyə, onu cırmışdı ki, ikinciyə yaraşmır. Atama sübut edə bilmədim ki, o vərəqi müəllimə cırıb. Məni danladı, hətta əl qaldırdı ki, belə etmək olmaz! Sonradan gedib öyrəndi ki, bunu müəllimə edib”.

“1995-cı ildə Bakıda tapılmayan şampun almışdım”

“Cavan vaxtı çox bədxərc olmuşam, indi bir az qənaətciləm. Yaş artdıqca xarakterimdə bəzi dəyişikliklər baş verib ki, biri də budur. İlk qazancım 14 yaşımda olub. Həmin vaxt U-15 millisinin heyətində İspaniyaya turnirə getmişdik. Onda bizə 20 dollar ezamiyyət pulu vermişdilər. Pulu nəyə xərclədiyim indiyədək yadımdadır. Anama hədiyyə və ev üçün 1995-ci ildə Bakıda tapılmayan şampun almışdım. 1996-cı ildə birinci liqada oynamağa başlayanda isə Sumqayıt və Buzovnadan gələn uşaqlara yol pulu verirdilər. İlk dəfə həmin pulu götürəndə şirniyyat mağazasından tort almışdım”.

“25 ildən çoxdur ki, dostluğumuz davam edir”

“Dost hər an güvənə, etibar edə biləcəyin, sevincinə sevinib, kədərinə şərik olan insandır. Ətrafımda belə insanlar çoxdur, həmişə bir yerdəyik. Onlardan da mənə ən yaxınları Aftandil Hacıyev, Ayxan Abbasov və Elnur Çodarovdur. Artıq 25 ildən çoxdur ki, dostluğumuz davam edir. Dostlarım həyatda ən dəyərli qazanclarımdan biridir. Ən çətin anlarımızda belə bir-birimizin yanında olmuşuq. Onlarla görüşüb söhbətləşməyi çox xoşlayıram. Ailəmlə, övladlarımla vaxt keçirməyi də eynilə. Boş vaxt tapanda köhnə oyunları, futbola, taktikaya aid epizodları izləməyi xoşlayıram, mənə çox maraqlı gəlir”.

“Əvvəl hər situasiyaya reaksiya verirdim”

“Cavan vaxtı - 25-26 yaşında səbirsiz idim. Maşın sürəndə yoldakı hər situasiyaya reaksiya verirdim, hirslənirdim. Amma yaşa dolduqca daha təcrübəli, sakit adama çevrilirsən. Cavan vaxtı maşını sürətlə sürdüyüm vaxtlar olub. İndi oturub fikirləşirəm ki, mən necə belə etmişəm? Qarşımdakı insanda ən çox səmimiyyətə önəm verirəm. İnsan səmimi olanda səhvini də boynuna alır. Sevmədiyim, qəbul etmədiyim şey mənim həqiqəti bildiyim halda kiminsə yalan danışmasıdır”.

“Başqalarının haqqına girməkdən qorxuram”

“Yaxınlarını itirmək qorxusu hamıda var. Buna görə də elə düşüncələri özümə yaxın buraxmıram. Başqalarının haqqına girməkdən, işimdə hansısa ədalətsiz qərar verməkdən qorxuram. Ən çəkindiyim şey budur. Arzularım var, amma elə şeylər var ki, o, səndən asılı deyil. Həmişə anama deyirdim ki, maşın alacam, qabaqda əyləşərsən, səni gəzdirəcəm. Bu arzum qəlbimdə qaldı. Hərdən fikirləşirəm ki, anam dünyasını dəyişəndə 42 yaşı var idi, indi mən 40 yaşı haqlayıram, amma özümü cavan sayıram. Deməli, anam da dünyasını dəyişəndə cavan olub, sadəcə mənim üçün yaşlı idi, çünki anam idi. İstərdim ki, anam sağ olaydı, övladlarımın qayğısına qalaydı. Oğlumu yaxşı futbolçu görmək istəyərəm. Bu, reallaşsa, çox sevinərəm. Ümumiyyətlə, həyatda sevindiyim anlar az olmayıb. Amma ən çox 18 yaşımda ilk dəfə əsas milliyə dəvət alanda sevinmişdim. Adımı həmin siyahıda görmək qürurverici idi”.

“O doğmalığı özləri ilə apara bilməzlər”

“Ata yurdumu - Füzulinin Saracıq kəndini ermənilər işğal edəndə kənddə olmuşam,  əmimgilə getmişdim. 1993-cü ildə kənddən çıxmağımız heç vaxt gözümün önündən getmir. 27 ildir o mənzərə yaddaşımdadır. Hamının avtobuslara minməsi, nənəmin göz yaşları... Bütün bunları görmək çox ağır idi. O vaxtdan məndə ermənilərə nifrət, kin yaranmışdı. Saracıq kəndinin, eləcə də işğal altında olan hər bir torpağımızın azad olunduğunu eşidəndə isə göz yaşlarını saxlamaq qeyri-mümkün idi. Sevincimizdən ağlayırdıq. Doğma kəndimizə gedəcəyim günü səbirsizliklə gözləyirəm. Nənəm dünyasını dəyişəndə onu Horadizdə dəfn elədik. Uşaq olanda yayda kəndə gedirdim. Füzulidəki kəhrizlər, üzüm bağları yaxşı yadımdadır. Təpələrə, dağlara çıxıb-düşdüyümüz günləri xatırlayıram. Əmilərimin həyətləri var idi, oraya böyük əmək vermişdilər, bağlar salmışdılar. Yəqin ki, indi onlar qalmayıb. Amma kəhrizləri, dağları, təpələri, o doğmalığı ermənilər özləri ilə apara bilməzlər”.

“Uşaqlar, uşaqlar, mən burdayam, kömək edin”

“2000-ci ilin əvvəlləri idi, səfərdən qayıdırdıq. Məşqçimiz tanınmış veteranlardan, olduğumuz ölkə isə Avropanın inkişaf etmiş ölkələrindən biri idi. Hava limanında pasport-kontroldan keçdik. Futbolçularla gəzişirdik. Birdən eşitdik ki, məşqçimizin hardansa səsi gəlir. “Uşaqlar, uşaqlar, mən burdayam, mənə kömək edin” deyə qışqırırdı. Deməli, məşqçi hava limanında qarşısına çıxan qapılardan birini açaraq içəri daxil olub. 2-3 addım getdikdən sonra görüb ki, önündə uzun dəhliz var, içəridə isə heç kim yoxdur. Başa düşüb ki, səhv girib. Otaqdan çölə çıxmaq istəyəndə isə görüb ki, qapının dəstəyi yoxdur. Çox güman, bayıra çıxış kartla olub. Çarəsiz olduğunu anlayıb və başlayıb qapının arxasından qışqırmağa. Səsə gedib qapını açmışdıq. Otaqdan çıxarkən məşqçinin simasında yarı sevincli, yarı həyəcanlı ifadə var idi (gülür).

Bir də təzə-təzə ölkə xaricinə gedəndə şüşə qapılarla bağlı problem yaşayırdıq. Həm oteldə, həm də hava limanında şüşə qapıların bağlı və ya açıq olduğunu təxmin edə bilmirdik, tez-tez üzümüz çırpılırdı ona (yenə gülür)”.

# 20590
avatar

Rizvan Babayev

Oxşar yazılar