95
17:50
14 Noyabr 2020

Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa Dostluq Qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib.

XİN-dən Lent.az -a verilən məlumata görə, nazir Ceyhun Bayramov nümayəndə heyətini salamlayaraq Azərbaycan və Fransa arasında mövcud olan dostluq münasibətlərindən bəhs edib. Azərbaycan-Fransa dostluq qrupunun üzvlərinin bu münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb.

Hazırkı səfərin, habelə səfər çərçivəsində deputatların Gəncə şəhərinə baş çəkməsinin, mülki əhalinin Ermənistan tərəfindən məqsədli şəkildə hədəfə alınması ilə bağlı mövcud vəziyyətlə Fransa Milli Assambleyasının üzvlərinin yerindəcə tanış olmalarının, həqiqətlərin Fransa cəmiyyətinə çatdırılması baxımından yüksək əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatların Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğunu vurğulayan nazir Ceyhun Bayramov, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli ilə bağlı kifayət qədər məlumatlı olan Fransanın elə həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyini ifadə edib.

Qarşı tərəf, öz növbəsində Azərbaycana edilən səfərin tarixi bir vaxtda və ölkə üçün yeni dövrün başlanğıcına təsadüf etdiyini və Azərbaycana dəstək olaraq həyata keçirildiyini qeyd etdi. Bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını qeyd edən deputatlar, səfərin həyata keçirilməsindən bir-neçə gün öncə tam atəşkəsə riayət olunmasına dair razılaşmanın imzalanmasının məmnunluq doğurduğunu bildirdilər. Fransa rəsmilərinin Azərbaycan cəmiyyətində narahatlıq doğuran bəyanatlarına toxunan deputatlar Fransanın mövqeyinin hər zaman beynəlxalq hüquqa əsaslandığını və ölkə rəhbərlərinin bu prinsiplərə sadiq qaldıqlarını vurğuladılar. Azərbaycan-Fransa Dostluq Qrupunun üzvləri qismində Azərbaycan ilə bağlı həqiqətlərinin Fransa cəmiyyətinin diqqətinə çatdırılması baxımından üzərilərinə məsuliyyət düşdüyünü bildirdilər.

Qarşı tərəf bölgədə hərbi əməliyyatların dayandırılması ilə əlaqədar birgə bəyanatın imzalanmasını alqışlayaraq, bundan sonra Azərbaycan və Ermənistan arasında, eləcə də Minsk Qrupu çərçivəsində dialoqun davam etdirilməsinin vacibliyini ifadə edib.

Dİgər xəbərlər