141
11:23
07 Noyabr 2020

Yerevana qaçan “Xankəndi hökuməti: Bu, məğlubiyyətin etirafıdır – AKTUAL ŞƏRH

Qondarma “Dağlıq Qarabağ Respublikası” “hökuməti” noyabrın 4-də hərbi əməliyyatlarla əlaqədar Xankəndidən Yerevana köçürülüb. Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən başladığı uğurlu əks-həmlə və sülhə məcburetmə əməliyyatları son 20 ildə Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarımızda qeyri-qanuni məskunlaşdırılan ermənilərin kütləvi köçünə səbəb olub. Faktiki olaraq Xankəndi və digər ərazilərdə, demək olar ki, mülki erməni qalmayıb.

Heç kimə sirr deyil ki, Ordumuz Dağlıq Qarabağda yaşayan mülki əhaliyə heç zaman legitim hərbi hədəf kimi yanaşmayıb, dinc insanlara münasibətdə Cenevrə konvensiyalarının tələblərindən çıxış edib. Bununla belə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin apardığı saxta təbliğatın təsiri altına düşən mülki ermənilər münaqişə regionunu tərk etməyi üstün tutublar.

Qondarma “DQR” “hökuməti”ndə yüksək vəzifə tutan məmurların Xankəndini özbaşına şəkildə tərk etmələri, əslində, Ermənistanın hərbi məğlubiyyətinin açıq etirafıdır. Reallığı düzgün qiymətləndirən, ciddi informasiyalara malik olan həmin məmurlar Ermənistanın məğlubiyyətin astanasında olduğunu, Xankəndi və Şuşanın yaxın perspektivdə boşaldılacağını yaxşı anlayırlar.

Ermənistan cəbhədə məğlubiyyətini taktiki geri çəkilmə, qondarma "DQR" separatçı "hökumətinin" qaçmasını isə köçürülmə adlandırır. Lakin bu, böyük məğlubiyyətin, mənasız avantüranın təzahüründən başqa bir şey deyil.


Politoloq Nəzakət Məmmədovanın fikrincə, Ermənistan hakimiyyətinin mənasız avantürası Azərbaycan torpaqlarında yaratdığı rejimin biabırçı sonunu gətirdi.
“Heç şübhəsiz ki, qondarma rejimin qaçması məğlubiyyətin etirafıdır. Onlar bilər ki, Azərbaycan torpaqlarında qalsaydılar, etdikləri cinayət əməllərinin cəzasını çəkməyə məhkum idilər, ona görə də qaçmağı son çarə hesab etdilər. Amma hara qaçsalar da, gec-tez öz əməllərinin cəzasını çəkməli olacaqlar. Faşist liderlərindən bəziləri müharibədə məğlubiyyətə uğradıqdan sonra Latın Amerikasına qaçmışdılar, lakin üstündən illər keçsə də, onlar layiqli cəzalarını aldılar”.
Nəzakət Məmmədovanın fikrincə, Ermənistanda Qarabağ klanı ilə Paşinyan arasında münasibətlər onsuz da çox gərgin idi, separatçı rejimin ora qaçması isə siyasi vəziyyəti daha da gərginləşdirəcək. “Artıq Paşinyan - Qarabağ klanı yox, Paşinyan - Qarabağ klanı - qaçqın separatçı rejim üçbucağı arasında qızğın mübarizə başlayacaq. Azərbaycan düşməni sıxışdırıb öz torpaqlarından qovduqca, onlar Ermənistanda toplaşıb siyasi oyunlarını oradan yönəltməyə çalışacaqlar”.
Politoloq deyir ki, məğlubiyyət Ermənistan və erməni diasporası arasında böyük çat yaradıb və vəziyyət getdikcə gəriginləşəcək. Çünki Paşinyan disporanın, Qarabağ klanı isə Rusiyanın Ermənistan siyasi hakimiyyətinə sırıdığı siyasətçilərdir. “Bu son məğlubiyyət dünya erməniliyinin bütün planlarını alt-üst etdi, ona görə də qarşıdurma qaçılmazdır. Bu məğlubiyyət diasporanın "kadrı" Paşinyanın hakimiyyəti dövründə baş verdiyi üçün Qarabağ klanı bütün məsuliyyəti onun və onu hakimiyyətə gətirən diasporasının üzərinə atmaqla, onları hakimiyyətdən silib atmağa çalışacaq. İstisna edilmir ki, Paşinyana qarşı xalq etirazları təşkil edilsin və onun istefası tələb edilsin. Artıq Paşinyanın hakimiyyətdən getməsinin əsaslı zəmini hazırlanıb. Erməni diasporası özü də məğlubiyyət zərbəsindən sarsılıb. Bu, onların yüzillər boyu həyata keçirdikləri, minlərlə insanın həyatına və milyardlarla dollara başa gələn bir mifin dağılması deməkdir. Ermənistanın siyasi sistemi, bəyin beynəlxalq münasibətləri və s. bu məğlubiyyətin acı nəticələrindən öz payını alacaqlar. Azərbaycan müasir tarixdə yeni çağ qapayıb, çağ açdı. Faşizmin yeni təzahürünün - erməni faşizminin qarşısını aldı, onu məğlub etdi və bununla bəşəriyyəti yeni bəladan xilas elədi. Çünki erməni faşizmi terroru özünün əsas metodu kimi seçib”.
Politoloqun dediyinə görə, Ermənistanda xaos qaçılmazdır, siyasi mübarizə özünün ən yüksək həddinə çata bilər. Terror aktları, dövlət çevrilişi, siyasi qətllər, həbslər istisna edilmir.
“Ermənistan siyasi və hərbi rəhbərliyi ayrı-ayrı güc mərkəzlərinə tabe olduğu üçün Ermənistan həm də böyük dövlətlərin savaş poliqonuna çevriləcəkdir. Azərbaycan torpaqlarının 30 illik işğalı Ermənistanı bəlkə də bundan sonra 300 illik daxili savaşa sürükləyib. Böyük savaş indi Ermənistanın daxilində başlayır”.

Bir sözlə, “DQR” hökumətinin Xankəndini tərk etməsi ilə qondarma rejiminin de-fakto mövcudluğuna son qoyulub. Yerevanın “DQR”nin “müstəqilliyini hansısa dövlətə tanıtdırmaq cəhdləri bundan sonra da fiaskoya uğrayacaq;

Xankəndinin boşaldılması, rəsmilərin ərazini tərk etməsi Ermənistan cəmiyyətində, habelə silahlı qüvvələrinin şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb. Bu, “Dağlıq Qarabağda ikinci müstəqil erməni dövləti” iddialarının fiaskoya uğradığını simvolizə edən addım kimi səciyyələndirilir.

Dİgər xəbərlər