125
12:22
05 Noyabr 2020

Qurban Yetirmişli: “Azərbaycanda son günlər hiss edilən zəlzələlər..."

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ böyük dağıntılara səbəb olub. Zəlzələ nəticəsində çoxlu sayda adam həyatını itirib və xəsarət alıb. Daha sonra noyabrın 3-də Xəzər dənizində, noyabrın 4-də isə İmişlidə zəif hiss olunan zəlzələ baş verib. Bu isə insanlarda müəyyən narahatlıq yaradıb.

Məsələ ilə bağlı APA -ya açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli bildirib ki, bu il ərzində Azərbaycanda təxminən 4000-ə qədər zəlzələ olub: “Elə bir gün olmur ki, bizdə zəlzələ olmasın, gündə təxminən 25-30 zəlzələ olur. Bunların da içərisində indiyə qədər 18-i zəif hiss olunan olub. Yer daxilində bu proseslər həmişə gedir. Hiss olunmayanlar cihazlar tərəfindən qeydə alınır. Rixter cədvəli ilə maqnitudası 3 baldan yuxarı olan zəlzələlər barədə həm özümüzdə məlumat yayırıq, həm də əməkdaşlıq etdiyimiz xarici qurumlara bildiririk. Dünən İmişli ərazisində qeydə alınan zəlzələ episentirdə 4 bala, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. İki gün əvvəl Xaçmazda hiss olunan zəlzələ də Xəzər dənizində olmuşdu. Zəlzələ Xəzərin Dağıstan hissəsinə düşmüşdü, biz qonşu, həmsərhəd olduğumuz ölkələrdə olan və hiss etdiyimiz zəlzələlər barədə də məlumat veririk. Amma qorxulu heç bir şey yoxdur”.

Q.Yetirmişli deyib ki, oktyabrın 30-da Türkiyənin Egey dənizində, İzmirdə olan zəlzələ isə güclü zəlzələ idi: “Bizdə dünənki zəlzələnin maqnitudası 4,2, İzmirdəki zəlzələdə isə 6,6 olub. Oradakı zəlzələni ballığa çevirəndə episentrdə təxminən 8 və 8-dən yuxarıdır. Bizdə baş verən zəlzələnin dərinliyi 52 km-dir, İzmirdə baş verən zəlzələnin dərinliyi isə 12-14 km dərinlikdə olub. Zəlzələ nə qədər dərinlikdə olursa, yer səthindəki dağıntılar da o qədər az olur. İzmirdə olan zəlzələnin Azərbaycana heç bir aidiyyəti yoxdur, məsafə etibarı ilə də bizdə o zəlzələ hiss olunmayıb. İzmirlə Azərbaycan arasında təxminən 2000 km-ə qədər məsafə var. İzmirdə baş verən zəlzələdəki tektonik qırılmalar ilə bizdəki qırılmalar geoloji nöqteyi-nəzərdən götürdükdə tamam başqa-başqa şeylərdir. Onun bura təsiri yoxdur və Azərbaycanda son günlər hiss edilən zəlzələlər İzmirdəki zəlzələnin əks-sədası deyil”.

RSXM direktoru qeyd edib ki, Azərbaycanda zəlzələ sayında artım yoxdur: “Dünən İmişlidəki zəif zəlzələdən sonra təxminən 27 xırda təkan olub, heç biri də hiss olunmayıb, sadəcə cihazlar tərəfindən qeydə alınıb. Zəlzələlər seysmik qurşaqlarda olur. Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir, bu qurşaq Alp dağlarından tutmuş Himalay dağlarına qədər gedib çıxır. Bu, böyük seysmoloji qurşaqdır. Türkiyənin şərqindən qərbinə doğru, Egey, Mərmərə dənizində çoxlu sayda zəlzələ ocaqları var. Orada da plitələrin hərəkəti, tektonik qırılmalar, blokların, plitələrin parçalanması olur, bu zaman zəlzələ baş verir və dalğa kimi səthə yayılır. Bundan əlavə, Sakit okean, Atlantik okeanı seymoloji qurşaqlarında çox güclü zəlzələlər, tektonik proseslər olur. Orada plitələrin hərəkəti, onların bir-biri ilə toqquşması, okeanik plitənin quru kontinental plitənin altına doğru hərəkəti və s. olur. Yaponiyada da bu cür güclü zəlzələlər olur”.

Dİgər xəbərlər