110
18:33
04 Noyabr 2020

Hər kəsdə günah axtaran Paşinyan: Adam niyə güzgüyə baxmır?

Azərbaycan ordusunun zəfəri qarşısında duruş gətirə bilməyən Ermənistan indi xaosa yuvarlandıqca, bu ölkənin rəhbərliyi müxtəlif şantajlara əl atmaqdan belə çəkinmir. Erməni baş nazir Paşinyan çoxsaylı müsahibələrində utanmadan və həyasızlıqla guya əldə etdikləri faktlara istinadən ciddi cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxlaq ictimai rəyə aşılamağa çalışır. Paşinyan dünyanın böyük dövlətlərini Azərbaycan-Türkiyə birliyinin “terroru” və “uzaqgedən planları” ilə şantaj edir. Hakimiyyətə gələndə Koçaryan-Sarkisyan cütlüyünün cinayətlərindən bezmiş erməni xalqını populist vədlərlə aldadan baş nazir elə başa düşür ki, eyni yolla dünya ictimaiyyətini, dünya liderlərini də aldada bilər. Bütün bunlar onun haqqında olduqca mənfi rəy yaradır və təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyətdə Ermənistan lideri haqqında siyasi təlxək təəssüratı formalaşıb.

Ermənilər anlayır ki, işğal olunan ərazilər artıq əldən çıxıb, odur ki, belə uydurma xəbərlərlə özlərini sığortalamaq istəyirlər. Siyasi ekspert Aydın Quliyevin dediyinə görə, hazırda münaqişə fonunda Ermənistanın və şəxsən Paşinyanın hərbi, diplomatik, siyasi, beynəlxalq hüquqi və psixoloji durumunun onlar üçün daha ağır perspektivdən xəbər verdiyi heç kimə sirr deyil: “Bu günlərdə Paşinyanın “Əl-Cəzirə”yə və Mnatsakanyanın alman qəzetinə müsahibələrində aşkar həqiqətlərdən necə rüsvayçılıqla yan keçməyə çalışdıqlarını və saysız yalanlar danışdıqlarını bütün dünya gördü. Ermənistanın cinayətkar dövlət elitası apardıqları təcavüzkar siyasətə izah verə bilməyəndə “Türkiyənin fəallaşması Osmanlı imperiyasının bərpa cəhdidir” kimi cəfəng təşviqat tezislərindən daha tez-tez istifadə edirlər. Bu taktika əslində Ermənistan liderinin həm özünün yalanlarını və cinayətlərini diqqətlərdən yayındırmaq cəhdidir”.

N.Paşinyan guya Türkiyəyə məxsus hərbi təyyarələrin hərbi əməliyyatlarda iştirak etdiyi, Paşinyan Azərbaycan tərəfindən minlərlə yaraqlının vuruşduğunu bildirir, faktların olduğunu deyir, lakin onların heç birini təqdim edə bilmir. Baş nazir dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, Rossiya-1 kanalına müsahibəsində, o, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir. “The Jerusalim Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir.

Paşinyanın iddialarını dinlədikcə, aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. Maraqlıdır ki, Ermənistan rəhbərliyi hər kəsdə günah axtarır, lakin ən böyük günahkarın özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasəti olduğunu başa düşmək istəmir. Baş nazir dəfələrlə Azərbaycanın təkliflərini qulaq ardına vuranda, ölkəmizə qarşı saymazyana münasibət, təhqiramiz davranış sərgiləyəndə, 27 il ərzində danışıqlar prosesində əldə olunmuş müsbət dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməliydi.

Dİgər xəbərlər