87
11:39
03 Noyabr 2020

Su ötürücü qurğuları oğurlayan dəstə üzvləri saxlanıldı - FOTO

Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın müxtəlif rayonlarında yol infrastrukturuna külli miqdarda ziyan vurmaqla oğurluq edən dəstə üzvləri zərərsizləşdirilib.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, yol kənarlarında quraşdırılan yağış və qurund sularının axıdılması üçün nəzərdə tutulan ötürücü barmaqlıqların naməlum şəxslər tərəfindən oğurlanması barədə müvafiq təşkilatlardan daxil olan çoxsaylı şikayətlər əsasında 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbir zamanı oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Şahmalı Əzimov və qardaşı Nizami tutulublar. Şöbədə araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər oğurladıqları dəmir qurğuları metal qəbulu ilə məşğul olan Niyazı adlı şəxsə satıblar. Əməliyyat zamanı su ötürücü barmaqlıqları oğurluq olduğunu bilə-bilə alan paytaxt sakini Niyazi Fərəcov da saxlanılıb. Bu şəxslərin yaşadıqları ünvanlara və işlədikləri yerlərə baxış zamanı oğurlanan su ötürücü barmaqlıqların bir hissəsi aşkar olunub maddi sübut kimi götürülərək Polis Şöbəsinə gətirilib.

Sadalanan faktlarla bağlı cinayət işinin istintaqının aparılması üçün toplanan materiallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Araşdırma zamanı Şahmalı və Nizami Əzimovların paytaxtın müxtəlif nöqtələrindən 90 ədəd su ötürücü qurğular oğurladığı və ümumilikdə yol infrastrukturuna 12 min manata yaxın maddi ziyan vurduqları məlum olub.

Dİgər xəbərlər