78
10:59
02 Noyabr 2020

Osloda Parlament binası qarşısında ETİRAZ

Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti - Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, “CAN” Azərbaycan-Norveç təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada azərbaycanlılarla yanaşı, türkiyəli və pakistanlı icmaların nümayəndələri də iştirak edib. Aksiyanın təşkilatçısı, “CAN Azərbaycan” təşkilatının rəhbəri Şervin Nəcəfpur çıxış edərək Qarabağ həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdırıb, Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törədilən terror aktlarının Ermənistanın təcavüzkar siyasətinin davamı olduğunu bildirib.

Aksiyada işğalçı Ermənistan ordusunun Bərdə şəhərini, mülki əhaliyə qarşı istifadəsi qadağan olunan, kasetli bombalar vasitəsi ilə atəşə tutması, bu faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib. Daha sonra terror qurbanlarının xatirəsi yad edilib.

Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,“Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, meydanda Azərbaycanın və dost ölkələrin bayraqlarını dalğalandırıblar.

Türkiyənin Norveçdəki səfiri Fazıl Çormanın da qatıldığı aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Dİgər xəbərlər