Ermənistan: Terrordan “yoğrulmuş” dövlət – DTX və ABŞ xəbərdarlıq edir
25 oktyabr 2020 13:41 (UTC +04:00)

Ermənistan: Terrordan “yoğrulmuş” dövlət – DTX və ABŞ xəbərdarlıq edir

Cəbhə xəttində ard-arda ağır məğlubiyyətlərə düçar olan Ermənistan atəşkəs razılaşmasına baxmayaraq özünün terror dövləti olduğunu bird aha sübut etdi. Gəncə şəhərinə atılan raketlər, nəticədə onlarla dinc insanın həlak olması, yaralanmasına səbəb oldu. Tərtərin, eləcədə Ağdamın, Bərdənin, Goranboyun, hətta cəbhə xəttindən olduqca aralıda olan rayonlara atılan raketlər məhz bu məqamdan xəbər verir. İndi isə məlum olub ki, düşmən başqa terror aksiyalarına hazırlaşır.

Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini  təkrarlamaq niyyətindədirlər. “Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir. Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır,  yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələri xahiş olunur. Eyni zamanda son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diplomatik heyəti, diaspora təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”. 

“Artıq ABŞ tərəfindən bəyan edilib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi ərazidir. Biz bilirik ki, Ermənistan tərəfi əvvəllər də terror təşkilatları və qrupları ilə əlaqədə olub”.  Bunu isə bir qədər əvvəl keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdi. H. Hacıyev onu da qeyd etmişdi ki, Azərbaycan mülki şəxsləri və xarici diplomatik korpusun nümayəndələrini terror təhdidindən qorumaq üçün bütün lazımi addımları atır: “Biz artıq Azərbaycan səfirlikləri olan ölkələrə müraciət etmişik ki, Azərbaycanda yerləşən diplomatik missiyaların təhlükəsizlik səviyyəsi qaldırılsın, təhlükəsizliyə xüsusi diqqət ayrılsın”. 

Dünən ABŞ-ın Bakıdakı Səfirliyi etibarlı mənbələrə əsaslanaraq Bakıda yaşayan ABŞ vətəndaşlarına potensial terror və insan oğurluğu təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Səfirliyin yaydığı təcili məlumatda ABŞ vətəndaşlarına “JW Mariott Absheron” otel və digər ərazilərdən uzaq durmağa çağırır. Səfirlik bu məlumatı etibarlı mənbələrə əsaslanaraq yaydığını da qeyd edir.

Əslində erməni terroru, dinc insanların qətli ilk yaşanan məqamlar deyil. Heç uzağa gteməyək,  2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlov erməni snayperçisinin atəşi nəticəsində öldürülüb. 2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın ölümünə Ermənistanın nəzarətində olan ərazilərdən Tovuz çayına atılmış “doldurulmuş” oyuncağın partlaması səbəb olub. 2017-ci ildə 18 aylıq Zəhranın həyatına erməni əsgərlərinin atdığı raketlər son qoyub. Bu uşaqlar erməni terrorunun qurbanlarıdır. Ekspertlərin fikrincə, indi təkcə dövlətin tədbirləri deyil, vətəndaşlar da sayıqlığını artırmalıdır. Çünki düşmən cəbhədə məğlub olduğuna görə, azğınlaşıb. Hələ keçən əsrin 90-cı illərində müəyyən üstünlüyə malik olmasına rəğmən, hər cür təxribatlara əl atmışdı. Bu gün isə fəlakətli şəkildə məğlubiyyətə uğrayır və deməli, azğınlığı daha da artacaq. Ermənistan xislətinə uyğun, terror dövləti olduğunu bird aha sübut edir. Dünyada tanınmış “Daşnaksütyun”, “Hnçak”, “Dro”, ASALA və s. birbaşa ermənilərin təşkilatlardır. Ancaq erməni terror maşını sadəcə azərbaycanlılara qarşı deyil, ümumiyyətlə bütün dünyaya qarşı təhdidir. Terrorun mahiyyəti ondan ibarətdir ki, insanlar arasında qorxu, xof yaransın. Ermənilərin də məqsədi budur.

Amma unudurlar; indi zaman başqadır. Azərbaycan xalqının əzmini heç cür sındırmaq mümkün deyil. Əksinə, düşmənə qarşı döyüş əzmimiz, iradəmiz güclüdür. İndi hamımız daim ayıq-sayıq olmalı, şübhəli məqamlara biganə yanaşmamalıyıq. Hamı bir nəfər kimi hərbi vəziyyətin müəyyənləşmiş qaydalarına mütləq əməl etməlidir.

Onda heç bir terror bizi haqlamaz.

# 1252
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar