Dünyanın bu günü - VİDEO
24 oktyabr 2020 09:18 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

HÜSEYN CAVİD

(1882-1941)

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda dünyaya gəlib. Naxçıvanda molla məktəbində, Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində, Təbrizin “Talibiyyə” mədrəsəsində və İstanbul Universitetinin ədəbiyyat şöbəsində təhsil alıb. Naxçıvan, Gəncə, Tiflis və Bakıda müəllimlik edib. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Ana" pyesi onun dramatik növdə yazdığı ilk əsəridir. "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramların, poema və şeirlərin müəllifidir. Hüseyn Cavid repressiya dövründə həbs olunaraq 9 iyun 1939-cu ildə 8 il müddətinə azadlıqdan məhrum olunub, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib. Böyük şairin nəşinin qalıqları yalnız 1982-ci ilin oktyabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Bakıya, sonra Naxçıvana gətirilib və orada torpağa tapşırılıb. 1996-cı ildə məzarı üzərində məqbərə inşa edilib, Naxçıvanda ev-muzeyi yaradılıb, Bakı şəhərinin Yasamal rayonundakı Hüseyn Cavid prospekti onun adını daşıyır. O, məşhur xəttat Müşkünaz Cavidin həyat yoldaşı, bəstəkar, rəssam və tədqiqatçı Ərtoğrul Cavidin və əməkdar mədəniyyət işçisi Turan Cavidin atasıdır.

NƏSRULLA NƏSRULLAYEV

(1920-1978)

Azərbaycanda elektrotexnikanın banisi, əməkdar mühəndis, görkəmli ictimai və dövlət xadimi Nəsrulla Hidayət oğlu Nəsrullayev 1920-ci il oktyabrın 24-də Bakıda anadan olub. 1944-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Bakı Elektromexanika Zavodunun direktoru, Respublika Xalq Təsərrüfatı Şurasının elektromexanika idarəsinin rəisi, Bakı Şəhər Partiya Komitəsinin I katibi, Dövlət Plan Komitəsinin sədr müavini, Azərbaycanın Rabitə naziri və Yüngül Sənaye naziri kimi məsul vəzifələrdə çalışıb. Dəfələrlə SSRİ Ali Sovetinin və Azərbaycan Ali SSR Sovetinin deputatı seçilib. Nəsrulla Nəsrullayev 1978-ci il aprelin 26-da vəfat edib. O, ictimai-siyasi xadim Namiq Nəsrullayevin atasıdır.

İBRAHİM MƏMMƏDOV

(1928-1993)

Azərbaycanın xalq artisti, bəstəkar İbrahim Qurban oğlu Məmmədov 1928-ci ilin bu günü Bakı şəhərində anadan olub. Ali musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında alıb. 1955-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Xüsusilə simfonik musiqi sahəsində əsərlər yaradıb. "Qəhrəmanlıq simfoniyası", "Təntənəli uvertüra", skripka ilə orkestr üçün "Simfonik variasiyalar", "Balet süitası"nı yazıb. Azərbaycanda ilk uşaq opera-baletinin müəllifidir. 1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi fəaliyyət göstərib və "Solfecio", "Alətşünaslıq", "Partituranın üzündən oxunması" kimi fənlərdən dərs deyib. İbrahim Məmmədov 30 avqust 1993-cü ildə vəfat edib.

RİMMA ƏLİYEVA

(1931-2017)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, film direktoru və prodüser Rimma Əli qızı Abdullayeva 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra “Mosfilm” kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb. “Bir cənub şəhərində”, “Qətldən sonra yeddi gün”, “Yol əhvalatı”, “Qaladan tapılan mücrü”, “Qəm pəncərəsi”, “Avqust gələndə”, “Sahilsiz gecə” və digər ekran əsərlərində film direktoru işləyib. Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib. Rimma Abdullayeva 27 yanvar 2017-ci ildə Bakıda vəfat edib.

İLQAR MEHDİYEV

(1958-1997)

Şəhid İlqar Ərşad oğlu Mehdiyev 1958-ci il oktyabrın 24-də Cəbrayılda müəllim ailəsində doğulub. 1975-ci ildə Cəbrayıl qəsəbə orta məktəbini bitirib. 1977-1979-cu illərdə ordu sıralarında xidmət edib. Bakıda Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti‎ndə məlumatçı işləyib. Yüksək vəzifə tutmasına baxmayaraq, 1988-ci ildən əldə silah Cəbrayılın müdafiəsinə qalxıb. 23 avqust 1993-cü ildə mülki əhalini öz şəxsi maşını ilə döyüş meydanından çıxararkən düşmənə əsir düşüb. Ermənilər ona erməni bayrağını öpüb, Azərbaycan bayrağını təhqir etmək qarşılığında azad olunmaq təklifi etsələr də, yüzlərlə silahlı erməni hərbçisi və azərbaycanlı əsir-girovların gözü qarşısında Azərbaycan bayrağını diz çökərək öpüb, sonra ayağa duraraq erməni bayrağına tüpürüb. Verilən işgəncələrə mətanətlə sinə gərən İlqar Mehdiyev sonradan Azərbaycana qaytarılsa da, bu işgəncələrin səhhətində yaratdığı problemlər səbəbindən 5 fevral 1997-ci ildə Bakıda vəfat edib.

CƏMİL ZEYNALOV

(1971-1992)

Şəhid Cəmil Sərdar oğlu Zeynalov 1971-ci ilin bu günü Zəngilan rayonunun Ağalı kəndində anadan olub. 1989-cu ildə kənd orta məktəbini bitirib. 1991-ci ildə hərbi xidmətə yollanıb və Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Cəmil Zeynalov 1992-ci il dekabrın 10-da Zəngilan rayonunun Şayıflı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

ƏBÜLFƏZ QARAYEV

(1885-1952)

Əməkdar elm xadimi, ilk azərbaycanlı pediatr Əbülfəz Fərəc oğlu Qarayevin anım günüdür. O, 1885-ci il aprelin 20-də Bakı şəhərində anadan olub. 1907-ci ildə gimnaziyanı bitirdikdən sonra Odessa şəhərindəki Novorossiysk Universitetinin Tibb fakültəsinə daxil olub. Azərbaycanda ana və uşaqların sağlamlığının müdafiəsi sisteminin yaradıcısı, Respublika Uşaq Xəstəxanasının təşkilatçılarından biri olub. 1930-cu ildən Azərbaycan Tibb Universitetində assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. 1938-ci ildən ömrünün sonuna qədər Azərbaycan Uşaq Həkimləri Cəmiyyətinə rəhbərlik edib. Əbülfəz Qarayev 1952-ci il oktyabrın 24-də vəfat edib. Hazırda Bakıdakı 2 saylı Uşaq Klinik Xəstəxanası onun adını daşıyır. O, dahi bəstəkar Qara Qarayevin atası, görkəmli pianoçu və caz bəstəkarı Cahangir Qarayevin və Azərbaycanın sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin babasıdır.

HACIBABA HÜSEYNOV

(1919-1993)

Azərbaycanın xalq artisti, xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynovun xatirə günüdür. O, 1919-cu il martın 15-də Bakının Çəmbərəkənd məhəlləsində dənizçi Hüseynəli kişinin ailəsində anadan olub. Erkən yaşlarında məscidlərdə, yas məclislərində növhə və mərsiyə söyləyərmiş. 1941-ci ildən "Parkommuna" zavodunda tornaçı işləməyə başlayıb. 1945-ci ildə baldızı Sara xanım Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edib. Əhməd müəllim gənc xanəndəni öz ansamblına işə gətirib. Burada üç il çalışıb. 1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra Əhməd Bakıxanovun dəvəti ilə Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib. Onun tələbələri arasında Qədir Rüstəmov, Səxavət Məmmədov və Nəzakət Məmmədova kimi görkəmli sənətkarlar olub. 1989-cu ildə 70 illik yubileyindən sonra ilk dəfə xarici səfərə - böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa gedib. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə bir ay ərzində Fransa, Belçika, İsveçrə və Hollandiyada konsertlər verib. İki aydan artıq çəkən son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə İran İslam Respublikasına olub. Hacıbaba Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

VƏCİHƏ SƏMƏDOVA

(1924-1965)

Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Vəcihə Əli qızı Səmədova da bu gün xatırlanır. O, 24 noyabr 1924-cü ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsində təhsil alıb. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olub. Rəssamlıq texnikumunda da pedaqoji fəaliyyət göstərib. "Mahnı", "İntizarda", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" və başqa əsərlərin müəllifidir. Fərdi sərgiləri dəfələrlə Bakı, Moskva və Sofiyada uğurla nümayiş etdirilib. Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Lətif Feyzullayevlə evli olan Vəcihə Səmədova 24 oktyabr 1965-ci ildə vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu adını daşıyır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vəcihə Səmədovanın yaradıcılığına həsr olunmuş "Azərbaycan rəngkarlığının kraliçası" sənədli filmi çəkilib.

FİRUDİN SƏMƏNDƏROV

(1939-2019)

Professor, hüquq elmlər doktoru Firudin Yusif oğlu Səməndərovun anım günüdür. O, 1939-cu il aprelin 12-də Saatlı rayonunda Molday kəndində əkinçi ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1988-1992-ci illərdə Azərbaycan milli azadlıq hərəkatında fəal iştirak edib, 1990-1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətində təmsil olunub. Bakı Dövlət Universitetində müəllim, dosent, professor və kafedra müdiri kimi səmərəli fəaliyyət göstərib. 1992-1993-cü illərdə universitetin rektoru, 1995-ci ildən Cinayət hüququ və kriminologiya kafedrasının müdiri olub. Hüquq elmi sahəsində 100-dən çox elmi əsərin, o cümlədən 90 elmi məqalənin, 3 monoqrafiya, 17 kitab, dərslik, dərs vəsaitinin müəllifidir. Firudin Səməndərov 2019-cu il oktyabrın 24-də Bakıda dünyasını dəyişib və “Qurd Qapısı” adlanan qəbiristanlıqda dəfn olunub.

GÜLNAR SALMANOVA

(1956-2015)

Azərbaycanın əməkdar artisti, aktrisa Gülnar Əlifağa qızı Salmanovanın xatirə günüdür. O, 1956-cı il iyulun 24-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya fakültəsində təhsil alıb. Musiqili Komediya Teatrında işləyib. Onun "50 yaşında cavan" tamaşasında Gülnaz, "Beşmanatlıq gəlin"də Naznaz, "Özümüz bilərik"də Ceyran, "Subaylarınızdan görəsiniz"də Çiçək, "Hicran"da Çarliston, "Bankir adaxlı"da Maral, "Məhəbbət oyunu"nda Ceyran obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb. 2015-ci ildə Prezident Mükafatına layiq görülən Gülnar Salmanova həmin il oktyabrın 24-də Bakıda vəfat edib.

# 796
avatar

Oxşar yazılar