82
14:36
20 Oktyabr 2020

Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri elan olundu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Lent.az -a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 5934 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1292 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola biləcəksiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) oktyabrın 21-dən etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər oktyabrın 21‑dən 26‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Dİgər xəbərlər