19:24
15 Oktyabr 2020

"Çox xoşbəxtəm ki, qələbə sevincini bizim insanlara bəxş edə bildik” - Dövlət başçısı

“Mən şadam ki, bu gün onun kimi bu sözləri deyən minlərlə insan var. Onlar deyirlər, göz yaşları tökürlər. Bu, sevinc göz yaşlarıdır ki, mən artıq qaçqın deyiləm, mən bu qaçqınlıq vəziyyətindən canımı qurtarmışam”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində Tərtərdə yaşayan məcburi köçkünlərdən birinin artıq məcburi köçkün olmadığı barədə NTV-nin müxbirinə söylədiklərinə münasibət bildirərkən söyləyib.

Dövlət başçısı bildirib ki, ona minlərlə məktub daxil olur: “Bu məktubları oxuyanda sözün düzü, bəzi hallarda mən də sevinc göz yaşlarımı saxlaya bilmirəm. O qədər səmimi, o qədər isti, o qədər qürurverici sözlər orada yazılır və mənə mesaj kimi çatdırılır ki, bir daha görürəm ki, nə qədər Azərbaycan xalqı böyük xalqdır. Uzun illər belə vəziyyətdə yaşamaq, ancaq ümidlərlə yaşamaq ki, gün gələcək, onlar öz dədə-baba ocaqlarına qayıdacaqlar, bu, doğurdan da böyük fədakarlıqdır. Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini biz hamımız bizim insanlara bəxş edə bildik. Bir daha demək istəyirəm, mən artıq bunu demişəm, orada hər şey dağılıb. İnşallah, hərbi qarşıdurma başa çatandan sonra siz də, biz, hamımız, bütün insanlar gedib görəcəklər ki, ermənilər orada hansı vəhşətlər yaradıblar. Bütün şəhərlər darmadağındır, yəni Stalinqraddan da pis mənzərədir. Evlər dağılıb, bizim bütün əmlak talan edilib, çərçivələr, qapılar - bütün hər şey talan edilib. Heç nə yoxdur. İndi Füzuli kəndlərindən əsgərlərimiz xəbər verir, materiallar göndərir, Füzuli şəhəri də artıq bizim gözümüzün qabağındadır, orada bir dənə də salamat bina tapmaq mümkün deyil. Bu vəhşiliyi törətdilər. Amma bizim qaçqınlarımız bilirlər ki, o torpaqları biz bərpa edəcəyik, evləri inşa edəcəyik, onlar ora qayıdacaq və sülh, əmin-amanlıq şəraitində öz dədə-baba torpaqlarında yaşayacaqlar”.

Dİgər xəbərlər