Adi faşizm: yetim qalan körpələr, sahibsiz gəlinciklər, Bəxtiyarın gülüşü – Səbuhi Məmmədli Gəncədən yazır
14 oktyabr 2020 18:18 (UTC +04:00)

Adi faşizm: yetim qalan körpələr, sahibsiz gəlinciklər, Bəxtiyarın gülüşü – Səbuhi Məmmədli Gəncədən yazır

 - Anama min dəfə dedim, qalma o evdə. Atırlar. Həmin gün mən getdim nənəmgilə, atam, anam, bacım...

Hüseyn deyir bunları. 8 yaşlı Hüseyn. 3 gün keçib o dəhşətli gecənin üstündən. Sanki 30 il qocalıb bu uşaq...

***

“Tapın tez mənim karandaşlarımı. Hardadı mənim karandaşlarım?”

Uçub dağılmış evlərinin qalıqları arasında ora-bura var-gəl edir dayısı Miriylə. Hardansa karandaş tapıb gətirirlər. Bəyənmir, özününkünü istəyir. Bilmirlər hardan tapsınlar 4 yaşlı Bəxtiyarın karandaşlarını, bu dağıntının arasında...

***

Nilay. İki yaşlı Nilay. O, ümumiyyətlə, nə baş verdiyini bilmir. Atası Adil, anası Günay, nənəsi Afaqın cənnətdə olduğundan da xəbərsizdi. Nə bilir axı Nilay cənnət nə olan şeydi. Özü mələk kimi. Dupduru gözlü bu mələk elə bir cəhənnəm gecəsi yaşamayıb ki...

***

Oktyabrın 11-də Ermənistandan atılan “Elbrus”lar Gəncədə qətliama səbəb oldu. 10 nəfər həyatını itirdi. 30-dan çoxunu yaraladı. Gəncə böyük bir vəhşət yaşadı. Həmin gün baş verənlər bu üç uşağın həyatında – təkcə onlarınmı?  - unudulmayacaq heç vaxt. Üç uşaq - Anar və Nurçin Əlizadələrin övladları Hüseyn və Sevil, Adil və Günay Əliyevlərin iki yaşlı qızları Nilay yetim qaldı. Bəxtiyar, hə, o toppuş, fotosu sosial şəbəkələrdən, saytlardan, agentliklərdən düşməyən, üzünü qan basmış, amma iri gözləriylə işıq saçan Bəxtiyar isə möcüzə nəticəsində sağ qaldı.

Sağ qaldı deyirik ha, baş verənlərin miqyasını anlamaq üçün onca dəqiqəlik də olsa, erməni faşistləri tərəfindən Qələbə Parkı yaxınlığında viran edilmiş o məhəlləyə baş çəkin. On ölü? Bu, bir möcüzədir. Elə Akifə xanımın dediyi kimi, “bizi Allah qurtardı. Səhər açılanda ətrafa baxanda inana bilmirdik ki, bu xarabalıqdan sağ çıxmışıq”.

Nüşabə Heydərova danışır:

- Bəxtiyar adətən mənim yanımda yatırdı. Bax, burda, bu çarpayıda. Həmin gecə necə oldusa, o biri otağa keçdi. Özü də gec yatdı. Saat iki olmuşdu, ya ya yox, gördüm ev silkələndi. Divarlar üstümə gəldi. Özümdən asılı olmayaraq “Bəxtiyar” qışqırdım. Sonrasından xəbərim olmadı.

Hə, erməni faşistləri məhz gecə hədəfə almışdılar dinc sakinləri. Həmin vaxt Gəncə dərin yuxuya getmişdi. Məqsəd də elə gecə zərbəsiylə daha çox insan qırğınına nail olmaq idi.

Balaca Bəxtiyarı dağılan evin qalıqları arasından güclə tapıb çıxararlar. Evin divarları hər an uça bilərmiş deyə, ehtiyatla davranırlar. Nə baş verdiyini belə anlamırmış uşaq. Üz-gözü qanlı birtəhər ərazidən uzaqlaşdırırlar. Erməni xislətinə yaxşı bələd olduqlarından ikinci zərbədən ehtiyatlanırlar.

***

Hər iki valideynini itirmiş Sevil danışır. Qardaşı Hüseyndən fərqli çox ötkəmdi, möhkəmdi. Amma uşaqdı axı. Hərdən kövrəlir, ovcunu çənəsinə söykəyib fikrə gedir. Amma nə baş verdiyini də anlayır. Onu da başa düşür ki, atasını-anasını bir də səsləyə bilməyəcək. Sonuncu dəfə məhz elə həmin gün “ata, ana” deyə bağırıb.

- Həmin gecə qardaşım nənəmgildəydi, atamla anam yatmışdılar. Mən o biri otaqda kinoya baxırdım. O qədər möhkəm partlayış oldu ki, otağın şüşələri çilik-çilik olub üstümə düşdü. Bu vaxt gördüm ki, o biri otaqdan atam xırıltılı səslə məni çağırır. Mən necə olursa olsun o biri otağa keçmək istəyirdim. Amma bacarmırdım. Mamamın isə ümumiyyətlə səsi gəlmirdi. Atam yenə məni çağırdı. Nə illah eləyirdim, keçəmmirdim. Çünki ikinci mərtəbə bizim üstümüzə, atamgil olan otağa aşmışdı. Qışqırırdım, bağırırdım, ağlayırdım, onları çağırırdım. Bir azdan atamın səsi də kəsildi...

Atası Adil elə həmi gecə dünyasını dəyişmişdi. Anası Günayı isə xəstəxanaya çatdırsalar da, həyatını xilas edə bilməmişdilər.

- Onlar mənim atamı, anamı şəhid etdilər.

Bunu Sevilin qardaşı Hüseyn deyir. Əlindəki dəsmalı da tez-tez dişlərinə sıxır. Ağlamaq, kövrəlmək istəmir. Bacardıqca dik dayanmaq istəyir.

Və hər dəfə bu hərəkəti etdikcə, sadəcə özünü saxlaya bilmirsən; Tez-tez əlini bacısının saçlarına uzadır, toxundurur, oxşayır. Elə durmadan da deyir:

- Allah heç olmasa bacımı mənim üçün saxladı.

Hüseynin əmisi Yalçın qardaşının yadigarlarını böyüdəcəyini deyir.

- Erməninin ilk əməli deyil son baş verənlər. İlk vəhşiliyi deyil. Biz Xocalını yaşamışıq. Onlar növbəti dəfə bu alçaqlığa əl atdılar. O boyda qardaş itirdim. Onun bacım kim sevdiyim həyat yoldaşını itirdim. Bütün şəhidlər mənim qardaşım və bacımdı. Bunlar belə vəhşiliklə bizi qorxutmaq, ruhdan salmaq istəyirlər. Amma qıra bilməyəcəklər. Sındıra bilməyəcəklər. Olmayacaq.

“Bu uşaqları təkcə onların qohumları, əzizləri deyil, bütün Gəncə, bütün Azərbaycan böyüdəcək. Onlar bizə əmanətdilər. Şəhid əmanətidirlər”. Bunu isə az qala yer üzündən silinmiş o məhəllənin sakinləri deyirlər...

***

Qulağı sarıqlıdır Bəxtiyarın. Bir yerdə dayanmır. Dayısı Miri deyir ki, həmin gecə dağıntılar altında qalan Bəxtiyar valideynləri və yaxınlıqdakı insanlar tərəfindən uçqunun altından çıxarılıb. Hadisə vaxtı o, üzündən və qulağından xəsarət alıb. Elə indi də qulağı sarıqlı gəzir.

Tez-tez də qışqırır, Bəxtiyar: “Açın bunu. Mənim “lampoçka”larımı verin”. Hə, karandaşdan keçib kiçik lampalara. Atası Elnur elektrikdi, deyir evdə işləyəndə tez-tez gəlib dururmuş yanında.

 

- Maraqla baxırdı. Neçə gündü belədi. Girib otaqları ələk-vələk edir, birtəhər çıxardırıq. Bude, yenə getdi. “Bəxtiyar!” Gözünü süzüb atasına tərəf baxır. Şkafın içinə girir az qala. Budur, şkafın qapısının arxasından atasına, dayısına, mənə qıyqacı baxıb gülür: “Tapdım”. Karton qutunun içində sınmış balaca lampadır. Atası əlindən almaq istəyir: “Əlini kəsərsən”. Dayısının qucağına atılır.

- 4 yaşı var. Çox şok keçirdi. Hələ də nə baş verdiyini anlaya bilmir. Onun üçün nağıl kimi gəlir baş verənlər. İnandırım sizi, onun sağ qalması möcüzəydi. Onu tapdığımız yer daş-kəsək, şüşə qırıntılarıyla doluydu. Bir də baxdıq ki, o boyda dağıntının altından baxıb gülür.

“Gəl şəkil çəkdirək” - deyirəm. Əllərini yelləyir.

- Sənə karandaş alacam.

- İstəmirəm, özümünkünü istəyirəm.

Dayısı Miri birtəhər razı salır. Əlimdən tutub məni həmin gecə yatdığı o otağa aparır. 

- Sən harda yatmışdın?

Həmin çarpayıya oturub, gözlərini məchul bir nöqtəyə zilləyir...

***

16 yaşlı Emin Qurbanlını sağ qaldığına nəinki öz ailəsində, heç həmin məhəllədə belə inanmırlar. Adam bütünlüklə viran edilmiş evin qalıqları arasından...sağ çıxıb. Akifə xanım deyir ki, divar uçub, hər tərəf daş-kəsək, hamı qaçıb bayıra.

- Gördük Emin yoxdu. Qışqırdıq, köməyə çağırdıq, hamı öz canının hayında. Birtəhər dağıntıları yara-yara onun olduğu otağa girdik. Gördük sağdı. Qalaqların altından tapıb çıxardıq.

Dağıntıların arasından xeyli uşaq oyuncaqları, gəlinciklər çıxıb. Qıpqırmızı qərənfillərlə bəzədilib o oyuncaqlar. Onların arasında kiçik bir ayı balası diqqəti çəkir.

- Nilayındı, - deyir, qonşulardan biri. Heç kimi qalmadı. Nənəsi belə həlak oldu. Babası böyüdəcək onu.

O uşaqlara Dövlət sahib çıxacaq. O insanlara əvvəlkindən də gözəl evlər tikiləcək. Amma gecənin bir qaranlığında vəhşicəsinə qətlə yetirilmiş o dinc sakinlər, bu uşaqların valideynləri bir daha geri qayıtmayacaq. Faşizm, əsil erməni faşizmi də elə budur!

 

# 2290
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar