15:36
12 Oktyabr 2020

“Ermənistan terror, faşist dövlətidir” - Prezident

“Biz qara təbliğatla uzun illərdir ki, üzləşirik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir: “Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəylindən olan məsələlərdir”.

Prezident İlham Əliyev qeyd edib ki, son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlayıb: “Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox halda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyə mətbuatının nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar ki, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır”.

Dövlət başçısı nəzərə çatdırıb ki, atəşkəs rejimi tətbiq olunandan sonra demək olar ki, dərhal Ermənistan öz çirkin əməllərini davam etdirdi: “Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, o atəşkəs haqqında açıqlama verilib, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla çözüləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə konstruktiv davranış göstərəcək. Təəssüf ki, biz bunu görmədik. Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri bombardman atəşinə tutulub, “Toçka-U” raketi ilə şəhər atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistan havadarları, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcəklər, çünki artıq hər şey göz qabağındadır. Dünən hadisə yerində təşkil edilən mətbuat konfransı və bu gün oraya gedəcək xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər, görəcəklər. Bir daha görürlər ki, kim bu münaqişənin səbəbkarıdır, kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir. İnsanlığa qarşı törədilmiş cinayət bunu bir daha göstərir”.

Dİgər xəbərlər