"Ən gözəl cavab Azərbaycan bayrağını yüksəyə qaldırmaq olar" - Canni de Byazi
09 oktyabr 2020 19:16 (UTC +04:00)

"Ən gözəl cavab Azərbaycan bayrağını yüksəyə qaldırmaq olar" - Canni de Byazi

 

“Çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi situasiyadır”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində Monteneqro ilə sabah səfərdə keçiriləcək oyunu dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Sabahkı oyuna maksimum dərəcədə motivasiya olunmuşuq. Qrupun birincisi olmaq istəyiriksə, qələbə qazanmalıyıq. Bilirik ki, bütün komandalar reytinqdə bizdən üstündür. Ancaq məqsədimizi reallaşdırmaq üçün sona qədər mübarizə aparacağıq”.

- Sabahkı oyunun heyətini müəyyənləşdirmisiniz?
- Heyəti bu günkü məşqdən sonra müəyyənləşdirəcəyəm.

- Monteneqronun əvvəlki rəqiblərdən nə kimi fərqi var?
- Monteneqro böyük keyfiyyətlərə malik komandadır. Bir çox oyunçusu dünyanın müxtəlif çempionatlarında çıxış edir. Həm təcrübəli, həm də gənc futbolçuları var. Onları yaxşı təhlil etmişik. İlk iki oyunda qələbə qazansalar da, böyük üstünlük əldə etdiklərini demək olmaz. Biz bir matçda uduzmuşuq. Hansı ki, həmin görüşdə bir saatdan çox azlıqda çıxış etmişik. Sabah kim az səhvə yol versə, qələbə qazanacaq.

- Hazırda ölkədə hərbi vəziyyət var və Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad etməyə çalışır. Bu vəziyyət futbolçulara necə təsir edir?
- Təbii ki, butün futbolçuların hamısı bu barədə düşünür, torpaqlarında baş verənlərdən narahatdırlar. Mənim fikrimcə, ən gözəl cavab sabah gözəl oyun göstərib, Azərbaycan bayrağını yüksəyə qaldırmaq olar. Bu, əsgərlərimiz üçün də gözəl motivasiya sayılacaq.

# 880
avatar

Oxşar yazılar