13:44
09 Oktyabr 2020

"Danışıqlar Azərbaycanın tələbləri əsasında aparılmalıdır" - Gürcü siyasi ekspertlər

“Ermənistana məxsus silahlı birləşmələrin Azərbaycan şəhərlərini bombalamaqda məqsədi Azərbaycanı təxribata çəkərək münaqişənin miqyasını daha da genişləndirməkdir”.

Bunu APA -nın yerli bürosuna açıqlamasında gürcü siyasi ekspert Omar Ardaşelia deyib.

Onun sözlərinə görə, Ermənistan gec-tez danışıqlar masasına oturaraq Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalacaq: “Çox təəssüf ki, erməni tərəfi Azərbaycanın bəzi şəhərlərini bombalayır və mülki əhaliyə ziyan vurur. Aydındır ki, bunu etməkdə onların məqsədi hazırkı vəziyyəti daha da gərginləşdirmək və Azərbaycanı təxribata çəkməkdir. Çalışırlar ki, Azərbaycan da cavab tədbiri kimi Ermənistanın bəzi şəhərlərini vursun və bu yolla münaqişənin miqyasını daha da genişləndirsinlər. Ancaq Azərbaycan doğru olaraq bu təxribatlara uymur və beləcə Ermənistan arzusunu gerçəkləşdirə bilmir. Görünür Azərbaycan tərəfi hər şeyin fərqindədir. Mən belə düşünürəm ki, Ermənistan gec-tez danışıqlar masasına oturmağa məcbur qalacaq, çünki onlar üçün başqa çıxış yolu qalmır. Budəfəki danışıqlar isə yenə nəticəsiz qalmamalıdır. Artıq Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın münaqişənin həlli üçün növbəti 30 il gözləməyə səbrinin olmadığını açıqlayıb. Ona görə də danışıqlar məhz Azərbaycan tərəfinin tələbləri əsasında aparılmalı və nəticə verməlidir”.

Suxumi Dövlət Universitetinin professoru, tarixçi Quram Marxuliya da bildirib ki, Ermənistan son günlərdə müxtəlif təxribatlarla Azərbaycanı aqressor kimi göstərməyə çalışır: “Ermənistan tərəfi işğal olunmuş ərazilərlə heç bir əlaqəsi olmayan şəhərləri bombalamağa çalışır və bunu ona görə edir ki, Azərbaycan tərəfi də cavab olaraq Ermənistanın bəzi şəhərlərini vursun və daha sonra Ermənistan beynəlxalq arenada Azərbaycanı təcavüzkar kimi göstərsin, münaqişəyə digər dövlətləri cəlb etsin. Artıq görürük ki, Ermənistan böhran vəziyyətindədir, ona görə də Ermənistan rəhbərliyi davamlı olaraq Rusiyanı və digər bəzi ölkələri münaqişəyə cəlb etməyə çalışır, onlardan kömək istəyir”.

Gürcüstanlı politoloq Teymuraz Tumanişvili isə bildirib ki, Ermənistanın Azərbaycan şəhərlərini raket və artilleriya atəşinə tutması müharibə qanunlarına və beynəlxalq hüquq normalarına ziddir. O qeyd edib ki, bu təxribatlar nəticəsində Azərbaycanın dinc vətəndaşları həlak olur, mülki obyektlərə külli miqdarda zərər dəyir: “Azərbaycanın dinc vətəndaşları Ermənistanın hücumu, aqressiyası nəticəsində həlak olurlar. Əlbəttə bizim ictimaiyyət həmişə olduğu kimi bu gün də münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, dinc sakinlərin öldürülməsi yolverilməzdir. Hərbi əməliyyatlar beynəlxalq normalara, müharibə qanunlarına uyğun aparılmalıdır. Bu münaqişənin ən qısa müddətdə sülh yolu ilə həll edilməsi bizim regionumuz üçün çox vacibdir. Müharibənin başlamasını bir çoxları gözləyirdi, elə biz də bunun baş verəcəyini gözləyirdik, çünki vəziyyət gündən-günə gərginləşirdi və Ermənistan təxribat yönlü addımlar atmağa davam edirdi. Ancaq, hər üç ölkə - Azərbaycan, Gürcüstan və Ermənistan gələcəkdə də regionda sülhün bərqərar olunmasına çalışmalı və bunun tərəfdarı olmalıdırlar”.

Gürcüstanın Rəssamlar İttifaqının sədri, professor Quram Tsersvadze isə bildirib ki, işğal faktı qəbuledilməzdir və Azərbaycanın işğal altındakı torpaqları qaytarılmalıdır. O əlavə edib ki, işğaldan azad ediləcək torpaqlarda həm azərbaycanlıların, həm də ermənilərin sülh şəraitində birgə yaşayışı mümkün olmalıdır: “Hazırda davam edən döyüşlər zamanı bir çox insan həlak olub. İşğal qəbuledilməzdir, bir ölkənin başqa bir ölkənin ərazi bütövlüyünə təcavüzü qəbuledilməz haldır. Bu problem sülh yolu ilə və danışıqlar masasında həll olunmalıdır ki, dinc sakinlər həlak olmasın, onlara ziyan dəyməsin. Bu məsələ həll olunmalı, Azərbaycanın işğal altındakı torpaqları qaytarılmalı və hər iki millətin nümayəndələri sülh içində orada yaşamalıdırlar. Necə ki, Gürcüstanda azərbaycanlılar, ermənilər və digər millətlərin nümayəndələri yaşayırlar. Ona görə də bu cür məsələlər tez zamanda danışıqlar yolu ilə həll olunmalı, hər bir dövlət işğal altındakı torpaqlarını qaytarmalı və öz ərazi bütövlüyünü bərpa etməlidir”.

Dİgər xəbərlər