“Xalq Sizinlədir və zəfər Sizinlədir” – Prezidentə yazırlar
06 oktyabr 2020 18:06 (UTC +04:00)

“Xalq Sizinlədir və zəfər Sizinlədir” – Prezidentə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevə təkcə ölkə daxilindən yox, dünyanın hər yerindən məktublar gəlməyə davam edir.

Lent.az həmin məktublardan bir neçəsini təqdim edir:

Mümin Kıvanc, İstanbuldan:

- Hörmətli cənab Prezident, uzun illərdir özümə Vətən bildiyim, burada ailə qurduğum Azərbaycanla və övladlığa götürdüyüm balamın daşıdığı Azərbaycan Respublikasının pasportu ilə qürur duyuram. Bu hisslər üçün Sizə minnətdarlıq edirəm. Bilmənizi istəyirəm ki, Sizin rəhbərliyinizlə bütün Azərbaycan xalqı bu günlərdə Vətənimiz Qarabağ uğrunda mücadilə aparır. Bizi özündən ayrı görməyən böyük Azərbaycan xalqının qonaqpərvərliyi və əbədi qardaşlığımız naminə əlimdən, ürəyimdən gələn hər bir köməyi Sizə və Azərbaycan xalqına verməyə hazırıq. Allah bu işdə Azərbaycan Ordusuna kömək olsun.

Yaşasın Azərbaycan, Yaşasın Türkiyə!

Rövşən Bərdüxanov Ankardan yazır:

- Möhtərəm cənab Prezident, Siz dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən və Yüksək Hərbi Texnologiyalara sahib olan “FDl GROUP” şirkəti olaraq, ilk növbədə, Sizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq erməni faşistlərinə qarşı apardığınız mübarizəsini dəstəkləyir, Qarabağ uğrunda başladığınız uğurlu əməliyyatları davam etdirməyinizi arzulayır və Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad olunacağına inanırıq.

Biz “FDl GROUP” şirkəti olaraq bütün potensialımız və texnoloji imkanlarımızla Şanlı Ordumuzun yanında olmaqdan və Azərbaycan xalqı ilə bərabər erməni qəsbkarlarından şəhid qardaşlarımızın intiqamını almaqdan şərəf duyardıq.

Cənab Ali Baş Komandan, Sizin əmrinizdəyik və hər zaman Sizin yanınızda olmağa hazırıq.

Allah Sizi və Azərbaycan xalqını qorusun. Xalq Sizinlədir və zəfər Sizinlədir.

Biz, Türkiyədə yaşayan azərbaycanlılar və böyük Türk xalqı həmişə Sizin yanınızdayıq. 

Yekaterina Məmmədova, Sumqayıtdan:

- Çox hörmətli cənab Prezident, Sizin torpaqlarımız uğrunda apardığınız bu əzmkar mübarizəni uzun illərdir Azərbaycanda yaşayan rus xalqının bir nümayəndəsi kimi sonadək dəstəkləyəcəyəm. Otuz ildir yağı düşmənin əsarətində olan torpaqların tezliklə azad edilməsini səbirsizliklə gözləyirəm.

Cənab Ali Baş Komandan, Sizin və Ordumuzun əməyi, davamlı səyləri nəticəsində hər gün yeni qələbə xəbərləri alırıq. Fəxr edirəm ki, belə əzmli Ali Baş Komandanımız və yenilməz ordumuz var. Bu tarixi günləri bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, ürəyim bütün Azərbaycan Ordusu ilə bir döyünür. Bütün əsgər analarının ağrısı mənim də ağrımdır, sevinci mənim də sevincimdir. Əziz Prezidentim, mən Sizinlə fəxr edirəm. Qoy,  ulu Tanrı bu haqq yolunda Sizi və Azərbaycan xalqını qorusun!

Hədiyyə Balacayeva, Bakıdan:

- Çox hörmətli cənab Prezident, bizim ailəmiz dəfələrlə doğma yurd-yuvasından köçkün düşüb. Keçən əsrin ortalarında Dərələyəz mahalından, 1993-cü ildə isə Kəlbəcər rayonundan məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb.

Sizin hazırkı mövqeyiniz bizim ailə tərəfindən dərin hörmətlə qarşılanıb. Sizin düzgün siyasətiniz həm dünya, həm də Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirirlir. Sizin tutduğunuz bu haqq yolunda Allah Sizə yar olsun.

Öz adımdan və ailəmiz adından Sizin apardığınız bu haqq işini dəstəkləyirəm.

Cənab Prezident, mən 2018-ci il Məkkə şəhərində Ümrə ziyarətində olarkən Sizin şəklinizi aparıb Allah evinin üzərinə qoyub dualar etmişdim. İnşallah ki, mənim dualarım qəbul olar.

Allah Sizi qorusun. Allah ailənizi qorusun.Allah bu işdə Sizə yardımçı olsun. Azərbaycan bayrağı tezliklə işğaldan azad olunmuş torpaqlarda dalğalansın.

Rəşad Qasımov, Biləsuvardan yazır:

- Möhtərəm cənab Prezident, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmış dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində atəşkəs rejiminə nail olmaqla, ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən demokratik islahatlar Azərbaycanın Cənubi Qafqazda lider dövlət olması ilə yanaşı, dünya siyasi arenasında da öz sözünü deyən ölkəyə çevrilməsinə zəmin yaratdı. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyinin təmin olunmasına və sosial-iqtisadi tərəqqisinə nail olduq.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın xarici siyasət kursunda ciddi dəyişikliklər etməsi, Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan, Azərbaycan-Rusiya, Azərbaycan-ABŞ tərəfdaşlığı Azərbaycanın digər dünya dövlətləri ilə münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başlamasına təkan verdi. Sağlam təməllər üzərində qurulmuş ikitərəfli əməkdaşlıq əlaqələri bu ölkələr arasında münasibətləri inkişaf etdirdi.

Hazırda Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqidir. Azərbaycan-Türkiyə münasibətləri bölgədə və dünyada sülhün bərqərar olması, təhlükəsizliyin təmin edilməsi işinə öz töhfəsini verir.

Möhtərəm cənab Prezident, yüksək beynəlxalq nüfuza malik, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Sizin apardığınız rasional və balanslaşdırılmış xarici siyasət nəticəsində BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

Sizin Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdə ölkəmiz qlobal informasiya məkanında mövqeyini möhkəmləndirmiş, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal müqavimət göstərmiş, hətta son dövrlərdə tam üstünlüyü ələ almışdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır.

Möhtərəm cənab Prezident, bu il sentyabrın 27-dən erməni separatçılarının Azərbaycan Ordusunu və mülki şəxsləri hədəfə alması, danışıqlar prosesini yenidən pozması qarşılığında erməni vandallarına dərs verərək, torpaqlarımızı işgaldan azad etmək qərarınız tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Xalqımızın övladları Vətən yolunda canlarından keçməyə hazırdırlar. Şəxsən mən özüm də erməni vandaları ilə vuruşmağa hazıram. Bu uğurlu yolda hər zaman, son damla qanımıza kimi Sizin yanınızdayıq.

Siz çox gözəl qeyd etdiniz ki, geriyə yol yoxdur. 30 il biz onlara şans verdik, artıq bəsdir. Sizin “Rusiya-1” telekanalına verdiyiniz videomüsahibədə çox sərrast və düzgün mövqe tutmağınız bütün dünyanın gözü qarşısında erməni tərəfinin haqsız olduğunu açıq-aydın göstərdi.

Cənab Prezident, ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda Sizə və Ali Baş Komandanı olduğunuz şanlı Ordumuza yeni uğurlar diləyirik. Şəhidlərin qanı yerdə qalmayacaq, Milli Ordumuz Sizin komandanlığınızla onların qisasını alacaq.

Yaşasın Azərbaycan! Yaşasın İlham Heydər oğlu Əliyev!

Çingiz Hüseynov, Ağcabədidən:

- Hörmətli cənab Prezident, Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız.

Mən Sizə bütün ağcabədililər adından təşəkkür edirəm. Düşmənin son günlər ağır artilleriya hücumuna biz ağcabədililər də məruz qalmışıq. Lakin bu, bizi qorxutmur, çünki arxamızda Sizin kimi mərd, qürurlu sərkərdə, sərhədimizdə heç nədən çəkinməyən, mətin, qəlbi Vətən eşqi ilə döyünən cəsur igidlərimiz var.

Sizə cansağlığı arzu edirəm. Allah Ordumuzu qorusun. Allah Sizi və bütün türk millətini qorusun. Türkün türkdən başqa dostu yoxdur.

Orxan Aslanov, Göyçaydan:

- Möhtərəm cənab Prezident, torpaqlarımızın geri qaytarılması üçün apardığınız uğurlu siyasətə görə Sizə Göyçay gəncləri adından böyük minnətdarlığımı bildirirəm.

Cənab Prezident, bir neçə gündür ki, işğal altında olan torpaqlarımızın azad edilməsi xəbərini alır və qürur hissi keçiririk.

Ümid edirik ki, şanlı ordumuz mənfur düşmən üzərində qələbə çalacaq və işğal olunmuş torpaqlarımız geri qaytarılacaq.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!

# 682
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar