"Azərbaycanın şərəf, namus tarixi yazılır" - tanınmış şəxslərdən ORDUYA DƏSTƏK
02 oktyabr 2020 17:01 (UTC +04:00)

"Azərbaycanın şərəf, namus tarixi yazılır" - tanınmış şəxslərdən ORDUYA DƏSTƏK

Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına qarşı bütün cəbhə boyu əks-hücuma keçib və uğurlu əməliyyatlar barədə Müdafiə Nazirliyinin operativ olaraq yaydığı məlumatlar xalqın dövlətə, orduya və Ali Baş Komandana inamını daha da artırır.

Lent.az cəbhədə baş verənlərlə bağlı tanınmış şəxslərin fikirlərini öyrənməyə davam edir.

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı deyib ki, Azərbaycan ədalətli savaş aparır:

 

“Mən ilk dəfədir görürəm ki, savaşın itki, qan demək olmasına baxmayaraq, insanlar müharibə olduğuna sevinirlər. Çünki cəmiyyət vasitəçilərin, beynəlxalq təşkilatların yalanlarından, nəticəsiz sülh danışıqlarından bezib. Biz aqressiyaya cavab olaraq əks-hücuma keçmişik və ədalətli savaş aparırıq. Savaşın qısa olmayacağını bilirəm, ancaq uğurlu olacağına da əminəm. Həm iqtisadi, həm hərbi, həm də insan resursları cəhətdən güclü olan tərəf bizik. Biz öz torpaqlarımızı azad etmək istəyirik”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev düşünür ki, müharibənin dayandırılması Qarabağın itirilməsinə də gətirib çıxara bilər:

“Azərbaycan xalqı 30 ilə yaxındır ki, müharibə gözləyir. Və artıq bu məqamı yaşayırıq. Bu gün Azərbaycanın şərəf, namus tarixi yazılır. Azərbaycan xalqı mütləq şəkildə qələbə qazanacaq. Ordumuzu dəstəkləmək lazımdır. Bütün siyasi müxtəliflikləri, baxışları kənara qoymalı və birbaşa Ali Baş Komandanın ətrafında birləşməliyik. Biz bu şəkildə birləşsək, mütləq şəkildə Qarabağı alacağıq”.

Tanınmış şair Rüstəm Behrudi bildirib ki, Azərbaycanın Ermənistana qarşı apardığı əks-hücum əməliyyatları xalqın taleyində son döyüş olmalıdır:

“Azərbaycan xalqının taleyi bu döyüşdə həll olunur. Ya qalib gələcəyik, ya da bir millət kimi ortadan qalxacağıq.

Aparılan əməliyyatlarda ərəb dünyasına, islam faktoruna bel bağlamaq olmaz. Çünki zaman-zaman təcrübə göstərib ki, millət ümmətdən həmişə irəli olub. Millətləri, etnosları bir-birinə bağlayan ancaq həmin millətin genetik kodu, qan yaddaşıdır. Biz ancaq özümüzə və bizi müdafiə edən türk xalqına arxayın olmalıyıq”. 

Şair vurğulayıb ki, Pakistan xalqının Azərbaycana kömək etməsində islam faktoru yoxdur:

“İslam faktorunun burada olduğunu iddia edən adamlar Pakistan xalqının keçdiyi tarix yolunu bilmirlər. Pakistan xalqının etnos olaraq ortaya çıxmasında türk faktoru güclü olub. Bu da təkcə bir amil deyil. Sonuncu Pakistan şahı etnik cəhətdən azərbaycanlı olub və Pakistanı dövlət halına gətirib.

Bundan başqa, XX əsrin əvvəllərində Pakistanda sel, daşqın fəlakətləri ilə yanaşı qonşuları ilə müharibə aparanda Azərbaycanın tanınmış milyonçusu Hacı Zeynalabdin Tağıyev 100 000-ə yaxın qızıl pul dəyərində onlara kömək edib. Bundan başqa da Pakistanlılara bir çox işlərdə yardımçı olub. Necə ki, fərdlərin qürur hissi olur, millətlərin də qürur hissi olur. Qüruru olan xalqın isə mütləq yaddaşı olur və bunları unutmurlar. Pakistanlılar bunları unutmadı və ona görə də bizə kömək edirlər”. 

 

 

# 1462
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar