15:52
29 Sentyabr 2020

“Azərbaycan bayrağı Qarabağda dalğalanacaq” - Prezidentə yazırlar

Müqəddəs Vətən müharibəsi apardığımız bu günlərdə Azərbaycan Prezidentinin ünvanına ölkənin hər yerindən müraciətlər gəlməkdə davam edir.

Lent.az həmin məktublardan bəzilərini təqdim edir.

İsmayıllı rayonu müharibə, əmək və silahlı qüvvələr veteranları adından

Polkovnik Əlaləm Babayev yazır:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düşmənə layiqli cavab verilmişdir. Ordumuz gün ərzində uzun illər işğal altında olan yeddi kəndimizi və ən strateji yüksəklik olan Murovdağ silsiləsini mənfur düşməndən azad etmişdir. Bu qələbələr bizi çox sevindirir. Biz çox inanırıq ki, Sizin rəhbərliyinizlə şanlı ordumuz işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Çünki bizim işimiz haqq işidir.

Bakıdan Arif Əliyev:

- Hörmətli cənab Prezident.

Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatını qətiyyətlə dəstəkləyirik. Ordumuzun uğurları hər bir azərbaycanlı kimi, bizə də sevinc və sonsuz qürur hissi yaşadır.

Qarabağ bizim doğma dədə-baba torpağımızdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir. Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, Azərbaycan Ordusunun yanındadır və biz əminik ki, Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli zəfər çalacaq, Azərbaycan bayrağı əzəli torpağımız Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər.

Bu haqq yolunda zəfər çalacağımıza inanırıq və bu yolda Sizə, ordumuza yeni uğurlar diləyirik.

Şirvandan Leyla İbadovanın müraciətindən:

- Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Mən bir vətəndaş, bir müəllim olaraq son zamanlarda baş verən hadisələrlə bağlı atdığınız addımları bəyəndiyimizi və Sizi dəstəklədiyimizi bildirirəm.

Biz başa düşürük ki, Siz Azərbaycan xalqının 30 illik nisgilinə son qoymaq üçün, şəhidlərimizin məzarlarında rahat uyuması, torpaqlarımızın işğaldan azad olunması və gələcək nəsillərin xoşbəxtliyi üçün bu addımı atmış, ölkədə hərbi vəziyyət elan edərək əks-hücum əmrini vermisiniz.

Şərəfli mübarizəmizdə sözsüz ki, şəhidlərimiz də olacaq. Ancaq biz bilirik ki, azadlıq bəxş edilmir, qan bahasına alınır. Odur ki, düşmənin amansızlığı, müharibənin dəhşəti Azərbaycan xalqını qorxuda bilməz. Keçən gün ordumuzun apardığı hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, kənd Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərininin azad olunması və Murov yüksəkliyinin ordumuzun nəzarəti altına keçməsi xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və nikbinlik yaradıb.

İnanırıq ki, Sizin apardığınız düzgün siyasətiniz və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv ediləcək, torpaqlarımız bütünlüklə azad olunacaq, şəhid analarının yanan qəlbinə su səpiləcək.

Cənab Ali Baş Komandan, əmin olun ki, bu çətin və şərəfli işdə Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır.

Osman Xəlilov isə Yevlaxdan yazır:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bir məcburi köçkün olaraq özümə borc bilirəm ki, Sizə təşəkkürümü və minnətdarlığımı bildirəm. Azərbaycanın bütün vətəndaşları kimi, mən də hər zaman Sizin apardığınız siyasətə inanıb Sizi dəstəkləmişəm. Sizin indi də Qarabağın azad oluması uğrunda göstərdiyiniz əzmi və mübarizliyi görüb susmaq mümkün deyil. Mən inanıram ki, işğal altındakı bütün torpaqlarımız yaxın vaxtlarda Sizin rəhbərliyinizlə azad ediləcək və biz məcburi köçkünlər öz doğma yurdlarımıza qayıdacağıq. Bir məcburi köçkün gənc kimi əminəm ki, o gün uzaqda deyil. Biz gənclər Sizi sevirik, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Vətənimizin uğrunda döyüşməyə hər an hazırıq, hörmətli cənab Prezident.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlarımız var. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah, onların qanı yerdə qalmayacaqdır. Allah Sizi və əsgərlərimizi qorusun.

Dİgər xəbərlər