14:34
28 Sentyabr 2020

Qismən səfərbərliyə kimlər cəlb oluna bilər? - AÇIQLAMA

Dövlət başçısının bu gün imzaladığı sərəncamla ölkədə qismən səfərbərlik elan edilib. Ancaq bəziləri qismən səfərbərlik barədə məlumatsızdırlar. Buna görə də sbununla bağlı suallar yaranıb.

Hüquqşünas Şamil Paşayev Lent.az -a qismən səfərbərliyin nə demək olduğunu açıqlayıb. O, bildirib ki, ümumi səfərbərlik üçün tələb olunan bəzi müddəalar qismən səfərbərlikdə həyata keçirilmir:

“Səfərbərliyin elan edilməsi səfərbərliyin hazırlığı və bu haqda qanunla tənzimlənir. Səfərbərlik Konstitusiyaya uyğun olaraq, prezident tərəfindən təyin edilir. Səfərbərlik özü də hazırlıq və səfərbərlik kimi hissələrə bölünür. Səfərbərlik qismən və ümumi ola bilər. Bu zaman yerli mərkəzi icra orqanlarının da görməli olduqları bir sıra işlər var. Təşkilatın hüquqi formasından asılı olmayaraq, idarə, təşkilat, müəssisələrin, fiziki və hüquqi şəxslərin səfərbərliyi, hərbi nəqliyyat vəziyyəti və s. nəzərdə tutulur.

Ümumi səfərbərlik bütün insanlara, qurumlara, texnikalara aid olur. Qismən səfərbərlikdə isə qanunda göstərilən tələblərin bəzi müddəaları həyata keçirilir. Bu zaman hərbi nəqliyyat vəziyyəti elan edilə bilər. Qismən səfərbərlikdə ancaq tələbdən asılı olaraq, məsələn, peşəkar zabitlər, minaatanlar, snayperlər, yaxud müəyyən yaşda olanlar cəlb olunur. Səfərbərliyin bu növündə tələb olunanları müvafiq icra orqanı işləyib hazırlamalıdır.

Səfərbərlik zamanı vətəndaşlar müvafiq çağırış vərəqi ilə qeydiyyatda olduğu komissarlığa çağırılır. Bu zaman lazım olduqda onların mülkiyyətindəki bütün əmlakları da səfərbərliyə təqdim etmələri mümkündür. Həm fiziki və hüquqi şəxslər, həm də əmlaklar xüsusi birləşmələrin tərkibinə daxil edilir.

Səfərbərlik zamanı tələbləri yerinə yetirməyən vətəndaşlar Cinayət Məcəlləsinin 321-ci maddəsinə uyğun olaraq, məsuliyyət daşıyır”.

Dİgər xəbərlər