Dünyanın bu günü - VİDEO
26 sentyabr 2020 12:36 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

QARAŞ ƏMİROV (1926-1973)

Sosialist Əməyi Qəhrəmanı, neftçi Qaraş İbrahim oğlu Əmirov 26 sentyabr 1926-cı ildə Zəngilan rayonunda anadan olub. Əmək fəaliyyətinə Bibiheybətdə qazma kontorunda qazmaçı köməkçisi kimi başlayıb. Ağa Nemətulla, Hacı Temirxanov və başqa tanınmış ustalarla çiyin-çiyinə işləyib, dərin quyular qazan qabaqcıl ustalardan biri olub. “Kürovdağ”, “Mişovdağ”, “Qarabağlı”, “Kürsəngi” və başqa bu kimi iri neft yataqları bilavasitə onun iştirakı ilə kəşf edilib. Öz briqadası ilə birlikdə 10 il ərzində 44 quyu qazıb. Azərbaycan Neft Kəşfiyyatı Trestinin 1 saylı qazma kontoruna, Carlı və Qobustan kəşfiyyat qazma idarələrinə rəhbərlik edib. VI-VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, Sov.İKP XXII və XXIII qurultaylarının nümayəndəsi olub. Qaraş Əmirov 1973-cü il martın 22-də vəzifəsini yerinə yetirərkən vertolyot qəzasında həlak olub və İkinci Fəxri Xiyabanda dəfn olunub.

FƏXRƏDDİN DADAŞOV (1950)

Azərbaycanın xalq artisti, kamança ifaçısı, professor, dosent Fəxrəddin Əlisahib oğlu Dadaşov 1950-ci il sentyabrın 26-da Bakıda anadan olub. Bülbül adına orta-ixtisas musiqi məktəbində və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında kamança ixtisası üzrə təhsil alıb. 1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. 49 xarici ölkədə konsertlər verib, 1988 və 1998-ci illərdə Fransada keçirilən beynəlxalq festivalın laureatı olub. Fəxrəddin Dadaşov Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

ŞAİQ BƏŞİROV (1974-1993)

Şəhid Şaiq Bəxtiyar oğlu Bəşirov 1974-cü ilin bu günü Sumqayıtda anadan olub. Sumqayıt şəhərindəki 26 nömrəli tam orta məktəbdə, Sənaye və qeyri-sənaye texnikumunda təhsil alıb. 1992-ci ildə hərbi xidmətə çağırılıb. Şaiq Bəşirov 1993-cü il aprelin 3-də Laçın rayonu uğrunda döyüşdə mühasirədə qalmış əsgər yoldaşlarına çörək və silah-sursat gətirərkən snayperlə vurularaq dünyasını dəyişib.

BÜLBÜL (1897-1961)

Dünya şöhrətli opera müğənnisi, SSRİ xalq artisti Bülbülün anım günüdür. Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci il iyunun 22-də Şuşada dünyaya gəlib. Kiçik yaşlarından məlahətli zəngulələrinə görə xalq ona Bülbül adını verib. Xalq mahnılarını, təsnif və romansları da böyük sənətkarlıqla ifa edib. İtaliyada vokal təhsili alan ilk azərbaycanlı olub. Vətənə geri döndükdən sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. Geniş diapazonlu, gözəl axıcı səsi olan müğənni böyük aktyorluq istedadına malik olub. Opera və Balet Teatrının səhnəsində onlarla bənzərsiz obrazlar yaradıb. Təbii ki, bunların zirvəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasında oynadığı Koroğlunun partiyası durur. Bülbül 1961-ci il sentyabrın 26-da dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. Konservatoriya nəzdindəki orta ixtisas musiqi məktəbi onun adını daşıyır.

AFAD QURBANOV (1929-2009)

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, dilçi və türkoloq alim, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi Afad Məhəmməd oğlu Qurbanovun xatirə günüdür. O, 1929-cu il yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistanın Kalinino rayonunda) anadan olub. Qızıl Şəfəq və İlməzli kənd məktəblərində, Gürcüstan Müəllimlər İnstitutun­da, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Azər­bay­can Pe­daqoji Univer­si­te­tin­də dekan müa­vini, de­ka­n və rek­tor vəzifələrində çalışıb, 1979-cu ildən öm­rünün sonuna qədər Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyib. 1990-1994-cü il­lər­də Milli Məclisin üzvü və əlifba islahatının təşkilat­çı­­la­rın­dan olub. Onun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq, həmin komissiyanın sədri təyin edilib. 100-ə qədər elmi mə­qalənin, “Azərbaycan onomas­ti­ka­sı”, “Azərbaycan onomalogi­yası məsə­lə­ləri”, “Poetik onomasti­ka”, “Dilçiliyin tarixi”, “Müa­sir Azərbaycan ədəbi di­li” və başqa əsərlərin, mono­qra­fi­ya­­ların müəllifidir. Azərbaycanın Dövlət Müka­fatına layiq görülən Afad Qur­ba­nov 26 sentyabr 2009-cu ildə Bakıda vəfat edib.

ŞƏRİF ŞƏRİFOV (1938-2007)

Azərbaycan operatoru Şərif İsmayıl oğlu Şərifov da bu gün xatırlanır. O, 13 oktyabr 1938-ci ildə Bakıda doğulub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında operator assistenti, operator, quruluşçu operator kimi işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, bir müddət Türkiyədə müəllim kimi fəaliyyət göstərib. Bir neçə bədii və sənədli filmin quruluşçu operatoru olub, müxtəlif janrlarda 50-yə yaxın sənədli film çəkib. “Solmaz bir bahar kimi” filmi Lenin komsomolu mükafatına, “Anam Kür” filmi akademik Həsən Əliyev adına mükafata, “Əsrin müqaviləsi” filmi “Humay” milli mükafatına layiq görülüb. Şərif Şərifov 2007-ci il sentyabrın 26-da vəfat edib.

NATİQ SƏFƏROV (1943-2004)

"Qızıl Qələm" mükafatı laureatı, tərcüməçi Natiq Əli oğlu Səfərovun anım günüdür. O, 1943-cü il iyunun 27-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində texnik kimi başlayıb, burada kiçik redaktor və redaktor işləyib. Daha sonra "Azərbaycan" jurnalında ədəbi işçi, böyük redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir olub. "Yazıçı" nəşriyyatında bədii tərcümə şöbəsinin böyük redaktoru, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini, 1989-1991-ci illərdə "Qanun" jurnalının baş redaktoru vəzifələrində çalışıb. Dünya ədəbiyyatından etdiyi peşəkar tərcümələri oxucular tərəfindən rəğbətlə qarşılanıb. Natiq Səfərov 26 sentyabr 2004-cü ildə dünyasını dəyişib.

CƏFƏR BEHBUDOV (1951-2019)

Müğənni Cəfər Behbudovun xatirə günüdür. O, 17 avqust 1951-ci ildə Bakıda teatr rejissoru Ağaəli Məstanov və SSRİ xalq artisti Rəşid Behbudovun bacısı, Azərbaycanın əməkdar artisti Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Azərbaycan Televiziyasının solisti olub. 1980-ci illərdə Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə məşhurlaşıb. Repertuarına "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar daxildir. 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçən Cəfər Behbudov ömrünün sonunadək burada yaşayıb və 2019-cu il sentyabrın 26-da vəfat edib.

ARİF QUBADOV (1966-2009)

Azərbaycanın Milli Qəhrəmanı Arif Vəliş Oğlu Qubadov da bu gün xatırlanır. O, 1966-cı il sentyabrın 20-də Cəlilabad rayonunun Əliqasımlı kəndində anadan olub. Əliqasımlı kənd orta məktəbində, Bakı Birləşmiş Komandirlər Məktəbində və MTN Akademiyasının Sərhəd Qoşunları bölməsində təhsil alıb. 1984-cü ildə hərbi xidmətə çağırılıb. Sədərək, Ağdam, Füzuli, Tərtər və Ağdərə cəbhələrində rəşadətlə döyüşüb. Əfətli, Yusifcanlı, Əhmədbəyli, Alxanlı, Aşağı Kürmahmudlu və Yuxarı Kürmahmudlu kəndləri onun komandirliyi ilə ermənilərdən azad edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə "Azərbaycan Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 2009-cu il sentyabrın 26-da Türkiyədə vəfat edib.

NATİQ ƏHMƏDOV (1969-1991)

Azərbaycanın Milli Qəhrəmanı Natiq İlyas oğlu Əhmədovun anım günüdür. O, 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Kalininqrad şəhərində artilleriya hissəsində hərbi xidmətdə olub. 1988-ci ildə ordudan tərxis olunub və üzümçülük kolxozunda çalışıb. Daha sonra Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsində işləyib. 26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən ermənilər tərəfindən pusquya düşmüş avtobusu görüb. Avtobusdakı mülki şəxsləri xilas etmək üçün iş yoldaşı ilə birgə son damla qanına qədər döyüşüb və qəhrəmancasına şəhid olub. Ağdam rayonunun Novruzlu kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Natiq Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

# 1408
avatar

Oxşar yazılar