Deputat Qarabağ qazisinin təqaüdə göndərilməsi ilə bağlı nazirə məktub yazdı
25 sentyabr 2020 16:20 (UTC +04:00)

Deputat Qarabağ qazisinin təqaüdə göndərilməsi ilə bağlı nazirə məktub yazdı

Millət vəkili Aqil Abbas Qarabağ qazisi, Cəbrayıl könüllü batolyonunun komandiri Vaqif Əlisoyun təqaüdə göndərilməsi ilə bağlı təhsil nazirinə müraciət məktubu ünvanlayıb. Lent.az xəbər verir ki, məktubda deyilir:

"Bu günlərdə Qarabağ qazisi Bakı şəhər Suraxanı rayonundakı 281 nömrəli məktəbin müəllimi Vaqif Əlisoyun təhsil naziri Emin Əmrullayevə ünvanladığı bir müraciətini ürək ağrısı ilə oxudum və həmin müraciəti də saytımızda yerləşdirdik, qəzetdə də dərc elədik.

Vaqif Əlisoy 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilib.

Hörmətli nazir, əvvəla Vaqif Əlisoyun 65 yox, 60 yaşı  var, bu məsələyə qayıdacağıq.

Mən həmişə demişəm,  bu  mənim  subyektiv fikrimdi, orta  məktəb ali məktəb üçün kadr  hazırlayan  təşkilat deyil. Orta  məktəbin  birinci vəzifəsi  vətəndaş  hazırlamaqdı. Canı ilə, qanı ilə , ruhu ilə bu Vətənə, bu dövlətə bağlı olan VƏTƏNDAŞ!

Təbii ki, istedadlıları, savadlıları ali  məktəbə  daxil olacaq, orda  həm  mütəxəssis kimi, həm də bir vətəndaş  kimi daha da yetkinləşəcəklər. Və bütün orta  məktəbləri  bitirənlər də ali məktəbə daxil ola bilmir, ya peşə məktəblərinə üz tutur ki, peşə sahibi olsun, ya da gedib digər  sahələrlə – əkinçiliklə  məşğul olur, sürücülük edir, bənnalıq edir, daş yonur və sair və ilaxır.  Yəni bir  vətəndaş kimi bu millətə, bu dövlətə  qulluq edir.

Ağa Laçınlı «Səmimiyyət» adlı  şeirində deyir:

Bir  ölçü götürsək səmimiyyəti,

Alim var, çobandan aşağı qalar.

Və Ağa Laçınlının  təbirincə desək:

Bir ölçü götürsək vətəndaşları

Alimlər var ki adi bir  çobandan aşağı qalar.

Vaqif Əlisoy əsl vətəndaşdır və şagirdlərini də bir vətəndaş kimi yetişdirib. Şagirdlərinin başqa uğurlarını qoyuram bir  kənara, şagirdləri bu  Qarabağ qazisini məhz ona görə sevirdilər ki, onları bu millət, bu dövlət üçün yararlı bir vətəndaş kimi tərbiyə edirdi . Bu sirr deyil ki, orta  məktəblərdə kişi müəllimlərin sayı heç 10-15 faiz  təşkil etmir. Həm də məktəblərdə kişi müəllimlərinə ehtiyac var. Belə bir vaxtda bir kişi müəllimini təqaüdə göndərmək nə dərəcədə məqsədəuyğundur? Özü də həm müəllim kollektivinin, həm də məktəb direktorunun böyük hörmətlə yanaşdıqları bir Qarabağ qazisini, bir kişini.

Söhbəti  uzatmayım, gələk  yaş məsələsinə. Vaqif müəllimin 65 yaşı yoxdu, 60 yaşı var. Çünki o, ömrünün 5 ilini əlində silah səngərlərdə keçirib. Nə  gecəsi olub, nə gündüzü, nə rahatlığı, nə yemək-içməyi, nə ailəsini görüb, nə şagirdlərini. Qanın-qadanın içində keçən 5 il. Əslində bu 5 il ən şərəfli bir ömürdü, amma bu 5 ili yaşamayıb ki.

Evi-eşiyi, kəndi-kəsəyi, yurdu-yuvası viran qalıb. Özü, ailəsi, nəsil-nəcabəti çöllərə düşüb. Nə qədər əzizi şəhid olub.

Vaqif Cəbrayılzadə Səttar Bəhlulzadə haqqında yazır:

Ölsəydi

bu dünyanın qara torpaqları

dolduramazdı

qocanın üz qırışlarını.

İndi Vaqif Əlisoyun  sifətinə baxmaqla bir insanın nə qədər  ağrı-acı çəkdiyini  görmək  olar.

Vaqif Əlisoy ümumiyyətlə, bəxti gətirməyən  adamdı. Ermənilərlə müharibədə də heç bəxti gətirmədi, döyüşdə vurulub  şəhid olsaydı indi Azərbaycanın  Milli Qəhrəmanıydı.

Hörmətli Nazir!

Siz rəsmi ad almayan  Azərbaycanın Milli Qəhrəmanı Vaqif Əlisoya bir  müəllimliyi  çox görməyin!

Sağ olun!".

# 1930
avatar

Oxşar yazılar