Xəstəxanada vəsiyyətnamə yazan, atasına nifrət edən “qabyuyan”: “Ölsəydim...” - SİRLİ ULDUZLAR
24 sentyabr 2020 20:15 (UTC +04:00)

Xəstəxanada vəsiyyətnamə yazan, atasına nifrət edən “qabyuyan”: “Ölsəydim...” - SİRLİ ULDUZLAR

“Əsl peşəkardır. Bacarıqları, üstün keyfiyyətləri və əla xarakterə sahib olması ilə bağlı kitab yaza bilərəm”. Bunu dünyanın ən güclü məşqçilərindən sayılan Yurgen Klopp deyib onun haqqında. “Liverpul”un transferinə 85 milyon avro xərcləməklə səhv etmədiyini çoxdan sübuta yetirib. Həqiqətən də, hazırda dünyanın ən güclü müdafiəçilərindən biridir. Bəli, Lent.az-ın “Sirli Ulduzlar” layihəsi bu dəfə məhz ona - “Liverpul”la yanaşı, Niderland millisinin də dirəyi olan Vircil van Deykə həsr olunub.

Televizor ustası və hərbi polis

1991-ci il, iyulun 8-də Breda şəhərində dünyaya göz açıb. Ailədə 3 uşaq olublar. Vircil evin ilk övladıdır, Cordan adlı qardaşı və Cennifer adlı bacısı da var. Atası Ron van Deyk televizor ustası işləyirdi. Surinam əsilli anası Hellen Fo Siu isə hərbi polisdə xidmət edirdi. İlk vaxtlarda ailədə münasibətlər qaydasında idi. Vircili futbola yazdıran atası onu hər dəfə məşqə aparıb gətirirdi.

“Atasını heç vaxt bağışlamayacaq”

Vircilin 12 yaşı olanda valideynləri ayrılırlar. Daha doğrusu, atası ailəni ataraq, evi tərk edir. Uşaqlar anaları ilə qalmalı olurlar, beləcə onların ataları ilə bütün əlaqələri kəsilir. Cordan və Cennifer analarının ilk soyadlarını götürürlər. Vircil isə atasının soyadını daşısa da, formasının arxasında həmin soyadın yazılmasına icazə vermir. “Vircil ailəmiz və ölkəmiz üçün inanılmaz uğurlara imza atdı. Onunla qürur duyuruq. Formasında soyadının yazılmasını istəmir, çünki atasına çox qəzəblidir. Ron həyat yoldaşı və 3 övladını ataraq boşandığı üçün Vircildə ona qarşı nifrət yaranıb. Uşaq vaxtı atasının yoxluğunu çox çəkdi. Çünki Ron onları tərk edəndən sonra Vircil və digər 2 övladı ilə uzun illər heç maraqlanmadı. Anası isə hər zaman onların yanında idi və hekayənin əsas qəhrəmanı olmağı bacardı. Vircil vaxtında atasının soyadını götürdüyünə görə özünü qınayır. Formasında soyadını yazdırmamaqla isə atasına olan qəzəbini ifadə edir. Onu heç vaxt bağışlamayacağını deyir”, - Vircilin əmisi məsələni belə izah edir.

“Elə düşünürdüm ki, xoşbəxt ailələri var”

Oynadığı ilk aşağı yaş futbol komandası - VDS-19-un baş məşqçisi olmuş Rik Kleyn də həmin dövrü yada salıb. O, Vircilin formasında soyadının yazılmasına qarşı çıxdığını xatırlayaraq, təəccübləndiyini deyib: “Van Deyk həyatını bütünlüklə futbola həsr etmişdi. Ləng olsa da, üzərində çox çalışırdı. Vircili həmişə atası gətirərdi məşqə. Onların bir-birlərini çox istədiklərini, münasibətlərinin qaydasında olduğunu zənn edirdim. Elə düşünürdüm ki, xoşbəxt ailələri var. Bu səbəbdən soyadını formada yazdırmayanda çox təəccüblənmişdim”.

Hər saata 4 avro və “çayevoy”

Uşaqlıqdan əziyyətə qatlaşan Vircil heç vaxt işin ağırlığından qorxmayıb. Valideynləri ayrıldıqdan sonra çalışmaq məcburiyyətində qalır. 16 yaşında ikən Bredada yerləşən “Oncle Jean” restoranına qabyuyan kimi işə düzəlir. “Oncle Jean” 1935-cü ildə emalatxana olaraq tikilsə də, sonradan restorana çevrilib. Vircil burada qab yuduğu hər saata 4 avro və “çayevoy” alırdı. Məktəb, “Villem II”nin akademiyasındakı məşqlər və iş... Üçünü bir arada etmək çətin olsa da, yeniyetmə oğlan bunun öhdəsindən gələ bilirdi: “Bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü məşqə gedirdim, şənbə günü oyunumuz olurdu. Buna baxmayaraq, axşam saat 6-dan gecəyarısına qədər qabyuyan işləyirdim”.

“Telefon nömrəsini silməmişdim...”

Restoranın sahibi Jak Lips keçmiş işçisini belə xatırlayır: “Vircil yaxşı işçi idi. Öz işini düzgün və səliqəli görürdü. Bir dəfə görmədim ki, nədənsə şikayət eləsin. Ona futbola əbəs yerə getdiyini deyirdim. Çünki məşqçilər xüsusi istedadının olmadığını açıq şəkildə bildirirdilər. Hələ də “Liverpul”un van Deykə görə o qədər pul xərclədiyinə inana bilmirəm, bu, möhtəşəmdir. Mətbəximizi tərk edəndə dedim ki, ağlını başına yığ, burda ömürboyu pul qazanmaq şansın var. Qayıda biləcəyini düşündüyüm üçün telefon nömrəsini silməmişdim”.

“19 yaşımadək yaxşı futbolçu ola bilmədim”

“Villem II”də van Deykin istedadını üzə çıxara bilmirlər. Nəticədə o, klubu tərk etməli olur. “16-17 yaşım olanda futbol həyatım bitə bilərdi. Çox çətin vəziyyətlə üzləşmişdim. Həmin vaxt boyum balacaydı, hətta kiçik qardaşım məndən uzun idi. Bu səbəbdən məni müdafiənin cinahında yoxlayırdılar. Lakin sürətli olmadığım üçün həmin mövqedə özümü doğrulda bilmirdim. Məni akademiyadan kənarlaşdırmaq barədə danışırdılar. Komandadakı ən pis oyunçulardan biri idim. Ləng, balacaboy, dizində problem olan biri... Yəni futbol üçün uyğun deyildim. Ümumiyyətlə, 19 yaşımadək yaxşı futbolçu ola bilmədim”, - həmin anları yada salır Van Deyk.

“Boyum 20 santimetr artdı, akademiyadan qovmadılar”

Sonra necə olursa, akademiyanın məşqçiləri Vircilə bir az da şans verməyi düşünürlər. Məhz həmin mövsümdə Van Deykin bəxti üzünə gülür: “Bir il ərzində boyum sürətlə - 20 santimetr artdı. Bunun hesabına məni akademiyadan qovmadılar. Mənə verilən şansdan ikiəlli yapışdım. Və... Əzmkarlığım sayəsində, üzərimdə çox işləməklə komandanın kapitanı oldum”.

Onu hesabdan silmək istəyənlərə qısa zamanda özünü isbat etməyi bacarır Van Deyk. Bununla belə, klubda qalmağın mənası yox idi. Çünki onu əsas komandaya dəvət etməyin tez olduğunu düşünürdülər. Bununla barışmayan Vircil 2010-cu ildə “Qroningen”in gənclər komandasına keçir və tez bir zamanda əsas komandaya yüksəlir.

“Heç kimin ağlına gəlməzdi ki...”

20 yaşı tamam olmamış Erediviziyada debüt edir. Böyük futbolda ilk matçını 2011-ci il, mayın 1-də “Den Haq”a qarşı keçirir. “Qroningen”in sabiq futbolçusu Tim Sparv Vircilin komandaya gəlişini yaxşı xatırlayır: “İlk vaxtlarda ondan faktiki olaraq hücumçu kimi istifadə edirdik, xüsusən də matçların sonunda - qol vura bilmədiyimiz anlarda. Hündürboy idi, başla yaxşı oynayırdı. Amma heç kimin ağlına gəlməzdi ki, bu oğlan yaxın gələcəkdə dünyanın ən güclü müdafiəçilərindən biri sayılacaq”.

“Anamla birlikdə Tanrıya dua edirdik...”

Karyerası baxımından işlər yoluna düşsə də, bu dəfə qarşısına daha böyük maneə çıxır - sağlamlığı ilə bağlı ciddi problem yaranır. Xəstəxanaya yerləşdirilən Vircilin appendisit, peritonit (qarın boşluğunun iltihabı), böyrək infeksiyası və qarın boşluğunun absesindən əziyyət çəkdiyi üzə çıxır. Həkimlər həyati təhlükəsinin olduğunu, təcili əməliyyata ehtiyac duyulduğunu bildirirlər. Əməliyyatdan öncə Vircil vəsiyyətnamə yazmalı, lazımi sənədlərə qol çəkməli olur: “Çarpayıda uzanıb tavana necə baxdığımı hələ də xatırlayıram. Ağır vəziyyətdəydim, heç nə edə bilmirdim. Həyati təhlükədəydim. Həmin an beynimdən ancaq pis ssenarilər keçirdi. Anamla birlikdə Tanrıya dua edirdik və bütün mümkün nəticələr ağlımızdan keçirdi. İmzalamaq üçün mənə bir neçə sənəd təqdim etdilər. Bu, vəsiyyətnamə idi. Ölsəydim, pulum və əmlakım anamın adına keçəcəkdi. Sənədləri imzalamağa məcbur idik. Çünki heç kim xəstəliyimin necə nəticələnəcəyini bilmirdi”.

“Viva La Vida”nı eşidəndə gözləri dolur

Həyatda qalmaq mübarizəsi aparan van Deyk əməliyyatdan sonra 13 gün xəstəxanada həkim nəzarətində saxlanılır. Həmin vaxt “Viva La Vida” mahnısını dinləyərək özünü motivasiya edir. Və bacarır... Xoşbəxtlikdən, Vircil nəinki sağalır, hətta ayağa qalxandan 1 ay sonra futbola qayıdır. Dediyinə görə, ona kömək olan “Viva La Vida”nı hər dəfə eşidəndə gözləri dolur.

3 milyon avroya “Seltik”ə

Van Deyk çətin xəstəlikdən sonra tam bərpa olunaraq həyatında və karyerasında yeni mərhələyə qədəm qoyur. Az sonra Şotlandiyanın “Seltik” klubundan təklif alır. Tərəflər razılaşırlar və 3 milyon avro qarşılığında transfer baş tutur. Ağır əməliyyatdan sonra sıraya dönən Vircili sata bildiyi üçün “Qroningen” rəhbərliyi “qabağa düşdüyünü” zənn edir. Təbii ki, yanılırlar. “Qroningen” yaxın gələcəkdə adından söz etdirəcək Van Deyki cəmi 3 milyona əldən buraxdığı üçün udan yox, uduzan tərəf olur.

Premyer Liqaya açılan yol

Vaxt gəlir, vədə yetişir, Vircil karyerasında daha bir önəmli addım atır. Onun İngiltərəyə yolu açılır. 2015-ci ildə Premyer Liqanın bir neçə klubu van Deyki almaq uğrunda rəqabət aparırdı. Mübarizədən “Sauthempton” qalib ayrılır və 15 milyon avro ödəyərək Vircili heyətinə qatır. İlk ilində komandanın ən yaxşı futbolçusu seçilən Vircil növbəti mövsümdə “Lester”lə oyunda zədələnir və mövsümün sonunadək yaşıl meydanlardan uzaq qalır.

“Liverpul”a keçid və böyük uğurlar

Sıraya dönən Vircili 2017/2018 mövsümünün ortasında “Liverpul” transfer edir - 85 milyon avroya. Keçid hər iki tərəf üçün faydalı olur. Van Deykli “Liverpul” geridəqalan müddətdə Premyer Liqa, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionatının qalibi olmağı bacarıb.

Məşhurluq, şan-şöhrət onu dəyişməyib, xarakteri olduğu kimi qalıb. Surinamlı anasının təkbaşına 3 övlad böyütdüyü günləri, özünün Bredada qabyuyan işlədiyi vaxtları unutmayıb. Unutsaydı, futbol dünyasının hörmət etdiyi Vircil Van Deyk ola bilməzdi...

Rizvan BABAYEV

# 11881
avatar

Oxşar yazılar