“Kraliça”nın hekayəti: “İnilti gücləndi, gəlinlik paltarı mən tərəf uçmağa başladı...” – XVI BÖLÜM
25 sentyabr 2020 20:15 (UTC +04:00)

“Kraliça”nın hekayəti: “İnilti gücləndi, gəlinlik paltarı mən tərəf uçmağa başladı...” – XVI BÖLÜM

 

Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...

 

Əvvəli: https://lent.az/news/374147

 

16-cı hissə

Kamal tutulandan sonra, elə bil, tamam kimsəsiz qaldım. Rəfiqələrim vardı, çox idilər, amma yenə özümü tənha hiss edirdim. Düzünü desəm, onunla ailə quranda evdarlıq edəcəyimə qərar vermişdim. Ərim istəmirdi cibgirlik edim. Deyirdi, heç nədən narahat olma, qazanıb gətirəcəm, bəy qızı kimi yaşadacam səni. Mən külbaş da inanmışdım, fikirlərimdə özümə tamam başqa həyat qururdum. İndiki ağlım olsa, bilərdim ki, Kamalın dediyi kimi heç vaxt olmayacaq. Peşəsi cibgirlik olan adam, heç olmasa, iki ildən bir ələ keçir, cəzasını çəkir, çıxanda da baxır ki, dost-aşnalarını, ev-eşiyini, ailəsini itirib, məcbur olur ki, hər şeyi sıfırdan başlasın. Ona görə köhnə oğrular həmişə deyərdilər ki, heç vaxt sabahla, gələcəklə yaşamayın, çünki bütün planlarınızı elə bil, suyun üstündə yaba ilə yazırsan – hərfi bitirməmiş, əvvəli pozulub gedir...

 

Cibgir gündəlik həyatı ilə yaşayır; istəməsə də, buna məcburdur. Bizim nəslin bir bədbəxtliyi də vardı. Əgər 1961-ci ildən sonra bütün uşaqlar Yuri Qaqarin kimi kosmonavt olmaq, şöhrətlənmək istəyirdilərsə, əllinci illərin küçə uşaqları oğru olmaq arzusunda idi, oğru həyatına romantika kimi baxırdılar. Oğru kimi gözəl geyinmək, kef eləmək, bahalı restoranları gəzmək, bahalı maşınlar minmək istəyirdilər. Üstəlik, müharibədən sonra böyük bir amnistiya olmuşdu deyə, keçmiş və indiki oğrular uşaqlar üçün bir nümunəyə çevrilmişdi. Amnistiyaya çıxanların da çoxu oğru idi axı...

 

Mən ilk cəzamı çəkəndə, özümə oğru desəm də, hələ oğru deyildim, adi adam, həyatın daşdan-daşa çırpdığı yetim bir qız idim. Oğru təfəkkürünə ilk “srok”umda yiyələndim və “zon”da başa düşdüm ki, əsl oğru olmaq istəyirəm.

 

Yaxşı yadıma gəlir, həbsxanaya ilk dəfə düşəndə dustaqlara hər həftə filmlər göstərirdilər. Bir dəfə kolona “Avara” filmini gətirmişdilər. Rac Kapur həmin filmdən sonra lap populyar olmuşdu. Orada Kapur başını oğurluqla dolandıran kimsəsiz bir gənci oynayırdı. Bilmirəm, indiki cavanlar o filmi görübmü, amma bir səhnə var, onu təsvir etmək istəyirəm. Rac cavan olsa da, artıq Bombeydə məşhur oğrudur. Bir dəfə vəziyyət elə gətirir ki, siniflərində oxumuş bir qızın - Ritanın ad gününə gedəsi olur. Qız da yetim olur, onu Raqunat adlı bir hakim qızlığa götürüb saxlayır. Racla Raqunat təsadüf nəticəsində zərgər dükanının qabağında toqquşur, kişinin əlindəki qutu yerə düşür, Rac onu cəld qaldırıb, sahibinə verir, amma dar macalda içindəki boyunbağını çırpışdırır. Sən demə, boyunbağını Raqunat Ritanın ad gününə hədiyyə alıbmış. 

Nə isə, Rac kişidən üzr istəyib, yoluna davam edir. İş elə gətirir ki, ad günü məclisinə onların hər ikisi eyni zamanda çatır. Raqunatdan hədiyyəsini alan qız qutunu açıb içinə baxır, amma təəccübünü bildirməyə macal tapmamış, Rac yaxınlaşır, rəfiqəsini təbrik edib, cibindəki boyunbağını ona verir. Rita gülümsünüb, oğlana deyir ki, nə qəribə axşamdır – biri boyunbağısız qutu, o birisi qutusuz boyunbağı bağışlayır mənə...

 

Kolonda o filmə baxanda, qızların çoxu sel kimi yaş tökürdü gözlərindən – sentimental, romantik səhnələri çoxdur axı. Mən isə Racın hərəkətlərini əzbərləyir, oğurluq dərsi keçirdim... İndi bəlkə də inanmazsınız, amma insani hisslər üzərində qurulmuş o filmdən sonra, gününü küçədə-bayırda keçirən uşaqların, yeniyetmələrin çoxu Rac kimi usta oğru olmaq, o romantikanı yaşamaq istəyirdi...

 

Cibgirlik qəribə sənətdir. Əvvəlcə oğurluq eləməyə, cibə girməyə qorxursan, amma çətini birinci dəfədir. Bircə dəfə ürəyin ağzından çıxa-çıxa birini soydun və salamat qurtardınsa, adama elə bir əminlik gəlir ki, məəttəl qalırsan. Mən də götürümlü, tez öyrənənlərdən idim. Hərdən elə olurdu ki, univermaqda-zadda diqqətimi məşq etdirirdim – camaatın içində cibgirləri, “kukla” rolunu oynayan “uqolovnik”ləri uzaqdan tamaşa edərək, tapmağa çalışırdım. Tapanda yaman sevinirdim. Çünki cibgir üçün texnika ilə yanaşı, incə intuisiya vacibdir – nə qədər çox baxsan, bir o qədər tez öyrənəcəksən. Qısa desəm, əldən iti olmaq, barmaqların əsnəkliyi, incəliyi mühümdür, amma hərifin diqqətini başqa bir hərəkətlə yayındırmaq daha vacibdir. Hərdən görürsən, avtobusda, trolleybusda bir cibgir hərifini yanlayıb – elə oturuşundan, duruşundan tanıyıram. Bir də görürsən ki, avtobusun o biri başında kimsə səs-küy salır, ya konduktorla, ya sürücü ilə çəpləşir, hamının diqqəti onlara yönəlir. Mən isə o tərəfə baxmıram – gözüm cibgirdədi axı. İşini elə rahat görür ki, məəttəl qalırsan – hərifin ruhu da incimir...

 

Amma bədbəxtlik də gözlənilməz olur. Dedim axı, adam oğurladıqca bişir, arxayınlaşır. Arxayınlıq da cibgir üçün dəhşətlidir. Qorxu, ehtiyat hissini itirdinsə, mütləq tutulacaqsan. Oğru gərək həmişə qorxsun, bir ayağı həmişə qaçaq olsun. Çoxmərtəbəli binalarda işləməyə yüksəklikdən qorxan adamları götürürlər. Elə ki gördülər, hündürlükdən çəkinmir, qoymazlar yuxarıda işləsin, mütləq başqa iş tapşıracaqlar. Cibgir də elədir, intəhası tikintidə mühəndis var, amma bizim başımıza ağıl qoyan yoxdur...

 

Mən də elə axmaq vəziyyətdə ilişdim ki, danışsam, heyran qalarsan. Təsəvvür elə ki, çıxardığım pulqabını ata bilmədim, elə bil barmaqlarım qıc oldu. Sizə bəlkə qəribə gələr, amma ilişən kimi, pulqabını başından eləmək cibgirlərin əsas şərtidir. Cibgirin əlində pulqabı tutmasan, yüz il qala, cinayəti sübut etmək olmaz. Arvad pulqabı olan əlimi bərk sıxıb, yuxarı qaldıraraq, çığırdı. Heç özümə gəlməmiş, arxadan “uqolovnik” tutdu məni. Yəqin reyd imiş, qrup işləyirmiş. Bəlkə pulqabına tamah saldığım hərif də elə onlardan biri imiş...

 

Nə isə... Getdim “srok”a. Özü də artıq hamiləydim deyə, məhkəmədən sonra Tiflisdəki qadın “zon”una yola saldılar. Orada uşaqlılar üçün vəziyyət, səliqə-sahman yaxşı idi; uşaq evi, doğum evi vardı, müəyyən yaşa kimi imkan verirdilər ki, körpə yanında qalsın. Düzü, ora düşəndə sevindim. Üstəlik, “ksiva”m da məndən əvvəl gəlmişdi. “Ksiva” – türmə dilində məktuba deyirlər. Kimin barəsində hörmətli bir oğrudan məktub gəlirsə, yeri rahat olur, zonda öz adamları kimi qarşılayırlar. 

 

Elə ilk gündən uyğunlaşdım. Mənim üçün asan idi, türmə həyatını neçə il görmüşdüm. Amma burdakı qadın “zon”u barədə dillərdə əfsanə dolaşırdı. Baraklarımız Tiflisin kənarında, düz Kür çayının sahilindəki sıldırımın üstündə idi – kolonun bir böyrü sıldırımın kənarına düşürdü. Gecələr çay tərəfdən iniltiyə bənzər bir səs gəlirdi, adam başa düşə bilmirdi ki, külək vıyıltısıdır, yoxsa insan naləsi. Amma o səs gələn kimi, barakdakı arvadlar arasına çaxnaşma düşürdü. Nədən qorxduqlarını anlamırdım. Bir-iki gündən sonra qadınlardan orta yaşlı birisini yanladım, ondan soruşdum. Yazıq arvad dedi ki, çaydan gələn səs ən ürəkli adamın belə canına üşütmə salır, qorxudur. Neçə dəfə rəhbərliyə demişik, xeyri yoxdur. “Nadzor”lar boyunlarına alır ki, o səs gələndə elə bil iflic olurlar, əllərindən ancaq o gəlir ki, qapıları kilidləyib, qulaqlarına pambıq tıxasınlar. Arvad elə danışanda hiss elədim ki, qorxudan az qalıq ölsün. Dedi ki, bir zamanlar bu zonda bir qadın cəza çəkilmiş, burada uşağı olub. Uşağının başına nə gəlirsə, tələf olur. Yazıq qadın özünü qayadan çaya atıb, suda boğulur. Elə o vaxtdan həftədə bir-iki dəfə çay tərəfdən həmin səs gəlməyə başlayıb – guya o qadının ruhudu, uşağını çağıraraq, nalə çəkir...

 

Hadisədən təsirləndim. İnsan bədbəxtliyi içimi sarsıtdı, amma həlak olmuş qadının, uşağın anasının gəlib nalə çəkməsinə inanmadım; fikirləşdim ki, yəqin bu arvadları qorxudan başqa bir səsdir. Bir neçə gündən sonra səsi hər gecə eşitməyə başladıq. Gecələr, bilirsiniz də, ən xırda səs belə aydın eşidilir. Daha bir neçə gün keçdi, gördüm ki, bu naməlum naləni mən də adam səsinə oxşadıram artıq...

 

Nə başınızı ağrıdım, baxdım ki, o ruha inandıqca, ona üz verdikcə, astar istəyir. Yazıq qadının ruһu hər gün körpünün üstündәn işә gedib-gәlәn neçә nәfәrin qorxub һuşunu itirmәsinә sәbәb olurdu. Gündüzlər barakda onun səsi eşidilmirdi, amma gecələr yuxun qaçanda, ha çalışırdınsa, o səsdən yata bilmirdin. Qalmışdım mat-mәәttәl, bilmirdim deyilənlərə inanım, ya yox. Günlərin birindә, qızlara dedim ki, bu gecә körpünün üstünә gedib, o ruһa tamaşa elәyәcәyәm. Tökülüşdülәr üstümә ki, olmaz, boylusan, uşağı salarsan. Gördüm, әl çәkmәyәcәklәr, razılaşdım, dedim, yaxşı, һeç yana getmәrәm. Amma gecә saat on ikinin yarısı olan kimi xәlvәtcә yerimdәn qalxdım, qapını astaca açıb, barakdan çıxdım. Elә bir az körpüyә sarı getmişdim ki, gördüm dalımca gәlәn var.

Bizim barakdan, Tamara adında bir gürcü qızı idi. Dedi ki, tәk getsәn, lap qorxarsan, sәnә һәyan olmağa gəlmişəm. Düzü, çiynimdən bir yük götürüldü, çünki körpüyə tərəf getdikcə canıma xof dolurdu, amma qayıtmaq da kişilikdən deyildi, bir bölük arvadın yanında hörmətdən düşərdim; sevindim ki, tәk gedәsi olmadım, Tamara yanımdadır...

Körpüyә tәxminәn әlli metr qalmış, çayın qırağına iri sap barabanları düzmüşdülәr, qız dedi ki, daһa bundan artıq yaxınlaşmayaq, elә bu barabanların dalında oturub gözlәyәk. Razılaşdım. Elә tәzәcә yerimizi raһatlamışdıq ki, bir dә gördük qışqırıq başladı, nә başladı. Vallaһ, elә bil, ağlamaq sәsini maqnitofona yazmısan - arası kәsmәk bilmir. 

Çayın һәr iki saһili projektorların işığından nura qәrq olmuşdu, һәr şey aydınca görünürdü. Başımı qaldırıb, һa baxsam da, bir şey görә bilmәdim. Amma sәs adamı aşkar dәli elәyirdi. Elә bil bu dәqiqә gәlib sәni aparacaqdı. Donub qalmışdıq, o sәs bizi һipnoz elәmişdi, һeç qımıldana bilmirdik.

 

Bir azdan, bir dә gördüm, ağappaq bir gәlinlik paltarı çayın o biri üzündәn uça-uça gәlir bizә tәrәf. Gәldikcә dә sәs yaxınlaşırdı. İndiki kapron parçalara bәnzәyәn parçadan tikilmiş arvad paltarı idi; һәmin o paltardan başqa һeç nә görünmürdü. Amma görünmәsә dә, aşkar һiss olunurdu ki, uça-uça gələn tək paltar deyil; paltar qadın bәdәnindәdir. Lap dəli oldum, əl-ayağım kilidlərdi. Üzümü Tamaraya çevirəndə, baxdım ki, qız elə bil ölüb. Gözünü paltardan çəkə bilmir, baxdıqca da gözləri daha geniş açılır, bəbəkləri az qalırdı hədəqəsindən çıxsın. Bərk dümsüklədim ki, özünə gəlsin, daһa dayana bilmәdik, “asta qaçana imam qәnim” deyib, götürüldük, qaranәfәs özümüzü yetirdik baraka. Ertәsi gün, üzümü o qədər danladılar ki... Dedilәr, sәnin һeç başın yoxmuş, qarnında sәkkiz aylıq uşaq gәzdirirsәn, demirsәn ki, düşәr?.. Özümü o yerə qoymadım, amma it kimi qorxmuşdum. Özümә һaqq qazandırmaq üçün qayıtdım ki, mәn qorxan deyilәm, neçә dәfә olub, gecәlәr qәbiristanlıqda yatmışam. Soruşdular ki, yaxşı, bәs indi necә, yenә dә qorxmadın? İstədim qorxduğumu büruzə verməyəm, amma hələ canımdan çıxmamış qorxu qeyri-iradi dilləndirdi məni. Cavab verdim ki, bu dәfә deyәsәn qorxdum. Daһa bir söz demәdilәr, elәcә başlarını bulayıb, әl çәkdilәr yaxamdan. Sonra neçә gecә һәmin o qadının özü yuxuma girirdi - uzun saçlı, sivri burunlu, xırda ağızlı, 25-26 yaşlarında gözәl bir qız. Yoldaşlarımdan soruşanda, mәlum oldu ki, elә barakdakı arvadlar da həmin qızı elə bu qiyafәdә görürlәrmiş...

 (Davamı var)

# 14521
avatar

Oxşar yazılar