Azərbaycanda şirkət rəhbəri tutuldu
23 sentyabr 2020 18:39 (UTC +04:00)

Azərbaycanda şirkət rəhbəri tutuldu

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanunsuz hallara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.  

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında toplanmış materiallarla “AzGold” Məhdud Məsuliyyətli Cəmiyyətin faktiki rəhbəri Muxtarov Müşfiq Rəhman oğlunun 2012-2014-cü illər ərzində özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə etməklə maliyyə vəziyyətinə dair bilə-bilə yalan məlumatlar təqdim etdiyi “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin “Göyçay” filialı ilə aralarında bağlanmış kredit müqavilələri əsasında ümumilikdə 700 min dollar məbləğində qanunsuz kredit vəsaitini götürərək, “AccessBank”a külli miqdarda ziyan vurmasına, kredit vəsaiti üzrə həmin dövrün məzənnəsi ilə cəmi 572 min 377 manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, “AccessBank”in normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla, həmçinin, Müşfiq Muxtarovun özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyul ayında bir neçə vətəndaşı qızıl külçələrinin ölkə ərazisinə gətirilib-satılması biznesinə sərmayə yatırıb qazanc əldə etmək adı ilə aldatmaqla 3 şəxsə məxsus cəmi 2 milyon 19 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar müəyyənləşib.  

Qeyd edilən qanunsuz hərəkətlərə görə Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

 

# 7180
avatar

Oxşar yazılar