Dünyanın bu günü - VİDEO
19 sentyabr 2020 09:12 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO


AĞAXAN TALIŞINSKİ

(1885-1949)

Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor Ağaxan Talışınskinin doğum günüdür. Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər birdərəcəli məktəbində, Bakıda gimnaziyada və Kiyev Dövlət İnstitutunun Tibb fakültəsində təhsil alıb. Müxtəlif illərdə müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. 1945-ci ildən ömrünün axırına qədər Azərbaycan Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun travmatologiya-ortopediya və protezləşmə klinikasının müdiri olub. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun tələbələri üçün Azərbaycan dilində ilk dərslik – “Travmotologiya” monoqrafiyasını yazıb. Ağaxan Talışınski 21 dekabr 1949-cu ildə Bakıda vəfat edib.

REYHAN MÜSLÜMOVA

(1949-2002)

Müğənni, aktrisa Reyhan Müslümova 1949-cu il sentyabrın 19-da Qubada anadan olub. Valideynləri kimi həkim olmaq istəsə də, sonda müğənni olmağa qərar verib. Karyerasında ilk addımlarını “Lalə” qızlar ansamblında atıb. 18 yaşında “Dəli Kür” filmində Cahandar ağanın qızı Salatın rolunda çəkilib. Artıq çəkidən azad olmaq istəyən Reyhan Müslümova 2002-ci il aprelin 2-də xəstəxanada liposaksiya əməliyyatı zamanı dünyasını dəyişib.

AQİL QULİYEV

(1963-1992)

Azərbaycanın Milli Qəhrəmanı Aqil Sahib oğlu Quliyev 1963-cü il sentyabrın bu günü Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olub. Azərbaycan Neft Akademiyasının axşam şöbəsində və Xarkov Ali Milis Məktəbində təhsil alıb. 1986-cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək, orada müəllimlik etməyə başlayıb. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra ailəsini də götürərək Bakıya gəlib. Könüllü olaraq 45 nəfər döyüşçü ilə birlikdə Ağdam bölgəsinə göndərilib və rota komandiri təyin edilib. Daha sonra Xocalıya yollanıb. 1992-ci il fevralın 18-dən 25-nə qədər Xocalıda davam edən döyüşlərdə böyük rəşadətlə döyüşüb. Fevralın 25-də bu döyüşlərin birində hər iki ayağından yaralanıb və şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Aqil Quliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakının Bayıl qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

MAHİR HÜSEYNOV

(1975-1994)

Şəhid Mahir Şəfa oğlu Hüseynov 19 sentyabr 1975-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirəndən sonra qısa bir müddət kolxozda çalışıb. Daha sonra Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə çağırılıb. Bakıda və Qusarda təlim keçib. 1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qrup əsgərlə Tərtər və Ağdərə bölgələrinə kəşfiyyata göndərilib. Çaylı kəndində düşmənin arxasına keçərək ermənilərin 2 tankını və 1 PDM-ni təkbaşına məhv edib. Mahir Hüseynov 1994-cü il aprelin 18-də Ağdərənin Həsənqaya məntəqəsi uğrunda gedən döyüşdə həlak olub. Azərbaycan Prezidentinin fərmanı ilə ölümündən sonra "Döyüş xidmətinə görə" medalı ilə təltif olunub.

AİDA İMANQULİYEVA

(1939-1992)

Görkəmli şərqşünas alim, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru Aidə Nəsir qızı İmanquliyevanın anım günüdür. O, 10 oktyabr 1939-cu ildə Bakıda görkəmli pedaqoq və jurnalist Nəsir İmanquliyevin ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini, 1966-cı ildə Moskvada Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb. Tədqiqatları müasir ərəb filologiyasının problemlərinə həsr olunub. Dövri mətbuatda bu mövzu ilə bağlı məqalələri və tərcümələri nəşr olunub. Ərəb ədəbiyyatına həsr olunan sanballı monoqrafiyaların müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə olunub. Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da Bakıda vəfat edib.

CƏFƏR CƏFƏROV

(1914-1973)

Azərbaycanın əməkdar incəsənət xadimi, teatrşünas, ədəbiyyatşünas və estetik Cəfər Haşım oğlu Cəfərovun xatirə günüdür. O, 1914-cü il sentyabrın 7-də Bakıda doğulub. Moskvada A.Bubnov adına Pedaqoji İnstitutda təhsil alıb. Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin müdiri, Azərbaycan Yazıçılar İttifaqının məsul katibi və mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda Teatr və kino şöbəsinin müdiri olub. Bir çox korifey sənətkarların yaradıcılıqları barədə elmi məqalələr, monoqrafiyalar, Azərbaycan və rus teatrlarının ən maraqlı tamaşalarına resenziyalar yazıb. Cəfər Cəfərov 19 sentyabr 1973-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

SOLTAN HACIBƏYOV

(1919-1974)

Azərbaycanın xalq artisti, bəstəkar, pedaqoq və dirijor Soltan İsmayıl oğlu Hacıbəyov da bu gün xatırlanır. O, 8 may 1919-cu ildə Şuşada anadan olub. Onun yetişməsində və formalaşmasında xalq musiqisinin böyük təsiri olub. 1930-cu ildə Bakıya köçüb, 1936-cı ildən əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayıb və tərbiyə alıb. Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olaraq, truba sinfində oxuyub. Eyni zamanda Musiqili Komediya Teatrında dirijor vəzifəsində çalışıb. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olub. Bəstəkarın ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" (1940) musiqili komediyasıdır. “Karvan” süitası ona böyük şöhrət qazandırıb. 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-1974-cü illərə qədər Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da Bakıda vəfat edib.

RAUF HACIYEV

(1922-1995)

SSRİ xalq artisti, Azərbaycanın görkəmli bəstəkarı Rauf Soltan oğlu Hacıyevin anım günüdür. O, 1922-ci il mayın 15-də Bakıda anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyanı bitirib. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasının direktoru, mədəniyyət naziri və Bəstəkarlar İttifaqının katibi vəzifələrində çalışıb. Onun “Romeo mənim qonşumdur”, “Kuba - məhəbbətim mənim”, “Qafqazlı qardaşqızı”, “Ana, mən evlənirəm” operettaları böyük şöhrət qazanıb. Vokal yaradıcılığı, xüsusilə lirik, vətənpərvər ruhlu mahnıları Azərbaycan musiqisinin inkişafında əhəmiyyətli rol oynayıb. Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ƏLƏKBƏR KAZIMOVSKİ

(1953-2016)

Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Ələkbər Rauf oğlu Kazımovskinin xatirə günüdür. O, 10 iyul 1953-cü ildə Bakıda anadan olub. “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül”, “Kənddən gələn var” və başqa filmlərin müəllifidir. Uzun illər Azərbaycan Televiziyasında çalışıb. Ələkbər Kazımovski 19 sentyabr 2016-cı ildə Bakıda dünyasını dəyişib. O, rejissor Rauf Kazımovskinin oğludur.

# 1126
avatar

Oxşar yazılar