11:45
14 Sentyabr 2020

Külli miqdarda pul mənimsəyən qadın məmurun işi MƏHKƏMƏDƏ - VİDEO

“Orbit-ay LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin direktor müavininə açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, cinayət işi baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, “Orbit-ay LTD”nin icraçı direktoru Rəsmiyyə Qazıyevanın həmin MMC-nin direktor müavini vəzifəsində işləmiş Xatirə Həmidova tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmiyyətin xeyli miqdarda pul vəsaitini ələ keçirməsi barədə müraciəti əsasında Nizami rayon Prokurorluğunda fakt üzrə ötən il noyabrın 26-da Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb.

Nizami rayon Prokurorluğunda aparılan istintaqla Xatirə Həmidovanın cəmi 39 min 107 manat məbləğdə pul vəsaitini cəmiyyətin bank hesabında çeklərə imza etməklə ələ keçirib cəmiyyətin kassasına mədaxil etməməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu il avqustun 19-da Xatirə Həmidova Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddələrlə ittiham elan edilib.

Dİgər xəbərlər