1900
14:35
12 Sentyabr 2020

Livan ermənilərinin Qarabağ köçü: Beynəlxalq normalar pozulur, beynəlxalq qurumlar susur

Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozmaqda davam edir. Paşinyan hökuməti Beyrutda baş verən partlayışı işğal altındakı Dağlıq Qarabağ və yeddi ətraf rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət bilib. Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandakı bir neçə erməni ailəsi bölgədə yerləşdirilib.
Azərbaycan torplaqlarında yaradılmış qondarma rejimin rəhbərinin köməkçisi Rudik Usnunts Livandan Qarabağa insanların köçürülməsi barədə danışıb.

“Mənim başçılığım altında işçi qrup yaradılıb. Biz 100-150 ailə qəbul etməyə hazırıq. Amma 1000 ailə gəlsə belə? onları da yerləşdirməyə hazırıq. Biz? Livan ermənilərinə ev, iş verə, cəmiyyətə inteqrasiya edə bilərik”.

Əslində, bu, ilk erməni məkri deyil. Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb.

Ermənilərin məskunlaşdırma siyasəti aparması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Livandan etnik erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürməsi beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir və bu addımı atmaqla Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı bütün imkanların üstündən xətt çəkir.

Heç kimə sirr deyil ki, Suriyadan və Livandan köçürülən etnik ermənilərin sıralarının xeyli hissəsini Yaxın Şərqdə terrorçuluq fəaliyyəti göstərən ermənilər təşkil edir. Bu isə danışıqlardan imtina edilməsi anlamındadır və eyni zamanda münaqişənin hərbi yolla tənzimlənməsinə yaşıl işıq yandırmaq anlamındadır. Burada bütün məsuliyyət Ermənistanın, onun havadarlarının və Minsk qrupunun üzərinə düşəcək

Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar və işğal siyasətini qətiyyətlə pisləməyincə, bu ölkənin təhlükəli qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görməyincə, bütün bölgə davamlı olaraq dağıdıcı silahlı qarşıdurmalara sürüklənmə riski ilə qarşılaşacaq.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də açıqlamasında bildirib ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir: “Xüsusilə vurğulamaq istərdim ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevrilir”.

Ermənistan təkcə bu yerləşdirməylə həm də beynəlxalq hüququ pozur. Prezident köməkçisinin də vurğuladığı kimi Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. “Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir”.

Ermənistanın köçürmə siyasəti beynəlxalq ekspertləri də narahat edir. Məsələn, rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərinə Livandan ermənilərin köçürməsi, beynəlxalq hüquq və normaların kobud sürətdə pozulmasıdır. “Bunu hamı çox yaxşı başa düşür. Ermənistanda da anlayırlar ki, atdıqları bu addım beynəlxalq hüquqa ziddir”.

Misirli siyasi ekspert Əhməd Abdo Tərabik isə işə bu mövzuda bəzi beynəlxalq qurumların fəaliyyətsizlikdə günahlandırıb. O bildirib ki, işğal faktını tanıyan beynəlxalq təşkilatlar zəbt edilmiş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə kəskin reaksiya vermir, bir çox hallarda isə göz yumurlar.
Sitat: “Ermənilər bu ərazilərə sonradan köçürülüb və indi belə çıxır ki, süni şəkildə Dağlıq Qarabağda məskunlaşdırılan bir xalq, yəni ermənilər, bütün dünyadakı soydaşlarını sonradan işğal etdikləri həmin torpaqlarda yerləşdirməlidir? Axı bu məsələlər cəngəllik qanunları ilə deyil, beynəlxalq hüququn normaları ilə tənzimlənir. Beynəlxalq ictimaiyyət isə susur. Buna təəssüf etmək lazımdır”.