Bakıda mikroavtobusun yük maşınına çırpılması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb.
Bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Yaralılardan biri Respublika Klinik Xəstəxanasına, biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, qalan 3-ü isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
11:22
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri şəxsiyyəti məlum olmayan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.