Sentyabrın 10-u bir qayda olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə hər il intiharlara qarşı mübarizə günü kimi qeyd edilir.
Lent.az məlumat verir ki, mövzu ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik-araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova bildirdiyinə görə, son zamanlar intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında intiharların daha çox baş verməsi narahatedici məsələlərdəndir:
“İntihar hallarına bütün yaş qruplarında rast gəlinir. Səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması aiddir. Sözsüz ki, insanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial – psixoloji problemlər demək olar eynidir. Mütəxəssislər bu fikirdədir ki, 10-11 yaşlı uşaq hələ ölümlə həyatı bir-birindən tam ayıra bilmir, bu iki anlayışın sərhədlərini müəyyən etmək qabiliyyətində deyil. Onlar ölümü tam mənası ilə dərk etmədikləri üçün bəzən ətrafındakıların diqqət cəlb etmək üçün intihara əl atırlar. Buna görə də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda, birmənalı şəkildə, ölümə cəhd kimi qiymətləndirilmir".
Baş məsləhətçi qeyd edib ki, əksər hallarda, 13 yaşına qədər olan uşaqların özünəqəsdə əl atmasının əsas səbəbi yaxınlarının ona hansı hislər bəslədiklərini bilmək marağıdır:
"Valideynindən aldığı hansısa bir kiçik töhmətə görə uşaq yalnız anasını qorxutmaq və ya azacıq cəzalandırmaq naminə atdığı addımın sonunun nə ilə bitəcəyini tam dərk etməyərək, intihara əl ata bilər. Buna görə də uşaqlara qarşı davranışlarda həmişə çox ehtiyatlı olmaq lazımdır. Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur.
14 yaşda intihara cəhdin səbəbləri də dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. Qarşı tərəfə öz hisslərini bildirməyin bir yolunun da məhz özünəqəsddən keçdiyini düşünən uşaqlar az deyil. Burada eyni zamanda internet resurslarının dırnaqarası rolu da qeyd olunmalıdır. Məsələn, uşaqların bir sıra oyunlar oynaması və ya virtual məkandan asılılığı bir çox hallarda intiharlarla nəticələnir.
16-20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərlə mübarizə apara bilməyən, həyatının belə davam edəcəyindən qorxanlara ölüm ən asan çıxış yolu kimi görünür. Daha yuxarı yaş qrupları arasında isə intiharın səbəbləri sırasında ailə münaqişəsi, qısqanclıq, məişət zorakılığı, sosial və maddi çətinliklər, ruhi və başqa sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə və digər səbəbləri göstərmək olar”.