24997
13:05
10 Sentyabr 2020

İxtisas seçimi edəcək abituriyentlərin NƏZƏRİNƏ: "İşbazlar ortaya çıxıb"

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə ixtisas seçiminə start verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə seçimlə bağlı abituriyent və valideynlərə müraciət edərək bəzi məsələlərə toxunub:

"Məsləhətim budur ki, hər kəs ixtisas seçimini özü etsin, bunu kiməsə həvalə etməsin. Sosial medianı araşdıranda görürük ki, kimlərsə başqalarının əvəzinə ixtisas seçimi edir, bunu məsləhət görmürəm. İxtisas seçimi ilə əlaqədar Bakıda 6 universitetdə və 9 regional bölməmizdə məsləhət mərkəzləri olacaq, bütün xidmətlər pulsuzdur. Elektron növbə götürməklə abituriyentlər məsləhət mərkəzinə müraciət edə bilərlər. Amma düşünürəm ki, buna o qədər də ehtiyac yoxdur. “Abituriyent” jurnalına diqqətlə baxmaqla onlar düzgün seçim edə biləcəklər. İndi onların əllərində şəxsi nəticələri var, diqqətli olsunlar ki, ixtisas seçimi zamanı səhvə yol verməsinlər. Çünki bu zaman ərizə təsdiqlənməyəcək. Bütün ixtisas qrupları üzrə nələrə diqqət edilməsi barədə də kitabçalar var".

Lent.az mövzu ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi ilə yanaşı bir neçə abituriyentlə və valideynlə həmsöhbət olub.

İlk olaraq fikirlərini bildirən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda ixtisas seçimi ilə əlaqədar müəyyən işbazlar ortaya çıxıb ki, onlar abituriyentlər arasında çaşqınlığa səbəb olurlar:

“Onlar bildirirlər ki, abituriyentlər öz ballarından 30, 40, 50, hətta 100 bal da yüksək yaza bilərlər. Bunlar absurd fikirlərdir və bunu edən abituriyentlər ali təhsil müəssisələrinə qəbul olmaya bilərlər. Yaxşı olar ki, abituriyentlər ixtisas seçimlərini bacarırlarsa, özləri etsinlər. Bacarmırlarsa isə burada peşəkarın köməyinə ehtiyac var. Məsələn, mənim 300 balım varsa və 370 ballıq yeri yazmaq istəyirəmsə, ilk olaraq 300-370 bal aralığında olan abituriyentlərin saylarını bilmək lazımdır. DİM bununla bağlı statistikanı müvafiq kitabçada nəşr edir. Burada biz ilk 300-310, 310-320, 320-330, ... , 360-370 bal aralığında olan şəxsləri hesablayırıq. Bunları toplayanda təxmini 2000-ə yaxın rəqəm alınır və bizim 2000 rəqibimiz olur. İndi onlar da bizim yazdığımız ixtisası yazsalar şans onların olur və biz həmin ixtisasa qəbul olmuruq. Ona görə də maksimum ehtiyatlı və düzgün seçim etmək lazımdır”.

Abituriyentlər və valideynlərlə söhbətimiz zamanı məlum olub ki, onların əksəriyyəti ixtisas seçimini etməkdən çəkinirlər.

Abituriyent İlkin Cəfərov:

“İxtisas seçimini mənim üçün məşğələyə yanına getdiyim tarix müəllimim edəcək. Bunun qarşılığında isə heç bir ödəniş istəməyib. Müəllimimə güvənirəm, çünki illərdir ki, uşaqlar üçün bunu edir və demək olar ki, seçimlərində yanılmır”.

Valideyn Aygün Abdullayeva:

“İlk övladımda ixtisas seçimini özüm etmişdim və balı 600-ü keçdiyi üçün mənim üçün rahat olmuşdu. İstədiyimiz ixtisas üçün lazım olan balı keçmişdik, ona görə də rahatlıqla sadəcə 15 ixtisas yerinə 5-ni yazmışdım və qızım birincinə daxil olmuşdu. Bu il isə oğlum 440-ı keçib. Ona görə də bir neçə tanıdığım şəxslərlə məsləhətləşdikdən sonra seçimi edəcəm”.

Abituriyent Könül Səfərova:

“Ötən il ixtisas seçimini düzgün etmədiyim üçün universitetə qəbul ola bilməmişdim. Seçimi isə qonşumuz etmişdi. Bu il isə valideynlərim ödəniş qarşılığında seçim etməyi planlaşdırırlar. Ancaq özümüz də yazılan ixtisaslara birgə nəzər salacağıq”.

Abituriyent Abbas Qasımov:

“İxtisas seçimini özüm edəcəm. Bütün lazım olan vəsasitləri əldə etmişəm. Düşünürəm ki, bunu eləmək elə də çətin deyil. Sadəcə hesablamaq lazımdır və 15 yeri elə seçməlisən ki, kənarda qalmayasan. Mən ilk beşliyi balıma uyğun və ən çox istədiyim yerləri yazacam. Növbəti beşlikdə də balıma yaxın olan bir neçə variantı. Son beşliyi isə balımdan aşağı və hətta ödənişli yerləri yazmağı düşünürəm”.