Təşkilat sədrindən Ərdoğana məktub: "Münaqişə yaranarsa, döyüşməyə hazırıq..."
09 sentyabr 2020 13:30 (UTC +04:00)

Təşkilat sədrindən Ərdoğana məktub: "Münaqişə yaranarsa, döyüşməyə hazırıq..."

“Qardaş Türkiyə Tovuz hadisələri zamanı birmənalı olaraq Azərbaycanı müdafiə etdi. Siz qardaş ölkənin rəhbəri kimiTürkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bəyan edərək, Azərbaycana lazım olan dəstəyi hərbi, siyasi və diplomatik kanallarla göstərdiniz”.

Lent.az xəbər verir ki, bu sözləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai birliyinin sədri Emin Həsənli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktubda bildirib. Təşkilat sədri həmçinin iki qardaş ölkənin hərtərəfli əlaqələrinin daha da gücləndiyini qeyd edib:

“1918-ci ilin may-sentyabr aylarında Bakı şəhəri də daxil olmaqla, Azərbaycanın bir çox ərazisi Nuri Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən erməni daşnak-bolşevik işğalından azad edilib. Azərbaycan xalqı bu savaşda canını fəda etmiş 1130 Türk şəhidini heç bir zaman unutmur. Çanaqqala döyüşlərində Azərbaycan türkləri şəhidlər verərək, Türkiyənin istiqlal savaşında maddi dəstək olublar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir Millət - İki Dövlət" ideyasına sadiq olan Prezident cənab İlham Əliyevin və Sizin müdrik siyasətiniz nəticəsində əməkdaşlığımız ən yüksək səviyyəyə çatıb.

Qardaş Türkiyə Tovuz hadisələri zamanı birmənalı olaraq Azərbaycanı müdafiə etdi. Türkiyə-Azərbaycan əməkdaşlığının ən bariz nümunələrindən biri isə birgə hərbi təlimlərin keçirilməsidir. Bu kontekstdə Prezident cənab İlham Əliyevin çıxışından olan bu hissə strateji mənada olduqca möhtəşəm səslənir: "Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir". Siz isə çıxışınızda “Qardaş Azərbaycana bütün imkanlarla dəstək verilir və bu davam edəcək. Türkiyə Ordusu Azərbaycanın ixtiyarındadır” deyə, qətiyyətlə ifadə etdiniz. Bu fikirlər bir daha qardaş ölkənin Azərbaycanın gücünə güc qatdığını birmənalı olaraq ifadə etdi”.

Emin Həsənli eyni zamanda Aralıq dənizində Türkiyə və Yunanıstan arasında baş verən gərginliyə də toxunub. O, Türkiyə prezidentinə yazdığı məktubda əgər münaqişə baş verərsə, milli kimliyimizin naminə Azərbaycanın ehtiyatda olan hərbçilərinin türk ordusunun əsgəri olaraq döyüşməyə hazır olduğunu bildirib:

“Son zamanlar Türkiyənin ölkənin cənub sahilindəki Yunan adasına yaxın, öz sularında qazma işləri aparmaq üçün gəmi göndərəcəyini açıqladıqdan sonra Yunanıstanın hərbi dəniz həyəcanı verməsi, eyni zamanda, Türkiyənin Şərqi Aralıq dənizinə yeni seysmik araşdırma fəaliyyəti üçün "Oruc Reis" gəmisini göndərməsi ölkənin Yunanıstanla gərginlik yaşamasına səbəb olub. Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə toxunması da iki ölkə arasında olan əlaqələrin yüksək səviyyədə olmasının sübutudur.

Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz ehtiyatda olan hərbçilər və gənclər tarixi ənənələrimizə sadiq qalaraq, bildiririk ki, Türkiyə ilə Yunanıstan arasında olan bu gərginlik münaqişəyə çevrilərsə, bizlər də həmin döyüşlərin iştirakçısı olmaq və qardaşlarımızla birgə Türkiyə Silahlı Qüvvələrinin tərkibində döyüşməyə hazırıq. Qardaşlığımızın, milli kimliyimizin, dövlətçiliyimizin qorunması naminə istənilən döyüşə hazırıq! Yaşasın Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3643

Oxşar yazılar