12:28
09 Sentyabr 2020

Karantində saxta arayış verən keçmiş məmurun işi MƏHKƏMƏDƏ

Qubada karantin dövründə sərbəst hərəkət etmək üçün arayış verən ərazi nümayəndəsinin ibtidai istintaqı başa çatıb.

Quba rayon Prokurorluğundan Lent.az -a daxil olan xəbərə görə, İcra Hakimiyyəti başçısının Vladimirovka inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin sentyabrın 7-də cinayət işinin ibtidai istintaqı tamamlanaraq aiddiyyəti üzrə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin xüsusi karantın rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaq zamanı, İslam Abayevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə qanunsuz olaraq arayışlar verməsinə və bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İslam Abayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər