1805
13:26
09 Sentyabr 2020

Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində dərslər necə keçiriləcək? - MÜSAHİBƏ

Sentyabr ayının 15-dən etibarən Azərbaycanda yeni tədris ili başlayır. I-IV sinif şagirdləri ənənəvi formatda təhsil alacaqlar, yəni məktəbə gedəcəklər. V-XI sinif şagirdləri üçün isə dərslər onlayn formatda baş tutacaq.

“Rəqəmsal Bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova ölkədəki koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, layihənin yeni tədris ilinə hazır olub-olmamasından Lent.az -a danışıb.

- Azərbaycanda yeni tədris ilinin başlanmasına bir neçə gün qalıb. Doğrudur, bu müddət müxtəlif yaş qruplarına görə dəyişir. Bildiyimiz qədər "Rəqəmsal Bacarıqlar" layihəsi həm ibtidai, həm də yuxarı sinif şagirdləri üçün həyata keçirilir. Hər iki format üçün tədrisə hazırsınızmı?

- Təhsil naziri cənab Emin Əmrullayevin elan etdiyi kimi, şagirdlərin ənənəvi təhsilə mərhələli şəkildə qayıtması planlaşdırılır. Yeni tədris ilinin başlanması qərarının elan edilməsinə qədər biz hər iki ssenari üzrə hazırlıq işləri aparmışdıq: həm mart ayından etibarən uğurla başladığımız onlayn tədris formatı, həm də adi - əyani formatda.

Görülən işləri nəzərə alaraq, biz yeni tədris ilinə tam hazırıq. Qeyd etmək istərdim ki, pandemiya ilə bağlı vəziyyətin gərgin olmasına baxmayaraq, planlaşdırıldığı kimi, layihə yeni tədris ilində həm coğrafi, həm də say baxımından genişlənəcəkdir. Hal-hazırda hazırlıqlar həm mövcud, həm də layihəyə yeni qoşulmuş məktəblərdə aparılır. Layihəni həyata keçirmək üçün informatika otaqlarının infrastrukturu yaxşılaşdırılmış, dərs proqramları təkmilləşdirilmiş, şagirdlər üçün platformada əks olunan materialların daha dərin səviyyədə mənimsənilməsinə imkan verəcək yeni alətlər hazırlanmışdır.

Əvvəlki tədris ilində olduğu kimi, “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində keçiriləcək dərslər “Dərs Vaxtı” proqramı vasitəsilə də yayımlanacaqdır.

- Yeni tədris ilində layihə neçə məktəbi (şagird, müəllim) əhatə edəcək?

- “Rəqəmsal bacarıqlar” layihəsi Azərbaycanda şagirdlərdə alqoritmik düşüncə və məntiqi təfəkkürün, layihə qurmaq və icra etmək bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrətmək məqsədilə 2017-2018-ci tədris ilindən etibarən həyata keçirilir. Layihənin pilot mərhələsi Bakı şəhərinin 43 məktəbindən 6500 şagirdi əhatə edirdi. Layihə hər il daha geniş vüsət almağa başladı. Beləliklə, 2018-2019-cu tədris ilində layihə Bakı, Gəncə və Biləsuvar şəhər və rayonları olmaqla 73 məktəbi və 5-6-cı siniflər üzrə 26000 şagirdi əhatə etdi. Keçən tədris ilində layihə Bakı, Gəncə, Biləsuvar, Sumqayıt, Mingəçevir və Şamaxı şəhər və rayonları üzrə 122 məktəbdə təhsil alan 70.000 şagird üçün tətbiq olundu. Yeni tədris ilində 100 yeni məktəbdə həyata keçiriləcək layihə 100 mindən çox şagird və 1100-dən çox müəllimi əhatə edəcək. Beləliklə, layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan və Şəki şəhər və rayonları üzrə 222 məktəbin II-IX sinif şagirdləri üçün həyata keçiriləcəkdir.

- Daha əvvəl qeyd etdiyiniz kimi, karantin rejiminin tətbiq olunmasına baxmayaraq, bu yay layihə iştirakçıları üçün çox fəal keçdi. Xahiş edirəm, bu barədə daha ətraflı məlumat verəsiniz.

- Mart ayında ölkədə sərt karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq, məsafədən tədrisə davam etmək üçün layihə çərçivəsində bir sıra işlər aparıldı. Keçən tədris ilinin sonunda şagirdlərin tədrisini distant formatda təşkil etmək məqsədilə layihənin platforması yeni formata uyğunlaşdırılmışdır. Belə ki, layihə platforması şagirdlərə daha əlçatan olması üçün sadələşdirildi, hər dərsə uyğun nəzəri materiallardan ibarət ətraflı təqdimat və videoizahlar platformada yerləşdirildi. Bu da şagirdlərin mövzuları daha dərindən mənimsəməsinə dəstək oldu.

Onu da qeyd edək ki, tədris ilinin sonunda mövzulara uyğun 197 videodərs hazırlanmışdı. Bununla yanaşı, "Mədəniyyət" və "ARB Günəş" telekanallarında "Dərs vaxtı" proqramı çərçivəsində 72 teledərs yayımlanmışdı. Biz həmçinin layihə platformasını “Virtual Məktəb” layihəsinə inteqrasiyasını təmin etdik ki, şagirdlər vahid platforma üzərindən fəaliyyəti davam etdirsinlər.

Mövcud vəziyyətlə əlaqədar olaraq yay aylarında müəllim və şagirdlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələri üçün iyul ayının əvvəlindən etibarən “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində “Virtual Məktəb”də həm müəllimlərin, həm də şagirdlərin İT bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həftəlik canlı formatda vebinarlar təşkil olundu. Vebinarlar zamanı biz mövzuların bütün şagird yaş qrupları üçün faydalı və uyğun olmasına çalışırdıq. Nəticələri təhlil etdikdə iştirakçıların fəallıq göstəriciləri bizi çox sevindirdi. Bu vebinarlar məktəblilər üçün maraqlı, interaktiv dərslərin təşkili baxımından çox faydalı idi, buna görə də onları yalnız "İnformatika" müəllimləri deyil, digər fənn müəllimləri də izləyirdi. Ümumilikdə, 7451 müəllim və şagirdin qatıldığı 10 vebinar keçirilmişdir.

10 iyul tarixində onlayn formatda təşkil olunan canlı konfrans zamanı “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində ən yaxşı müəllim və məktəb rəhbərləri elan olundu və mükafatlandırılma prosesi həyata keçirildi. Tədbirdə layihənin illik yekun nəticələri təqdim olundu, 2019-2020-ci tədris ilində layihənin həyata keçirilməsinin bütün mərhələləri üzrə hesabat xarakterli məlumatlar təqdim edildi və əldə olunan nəticələr açıqlandı.

Ölkədə elan olunan karantin rejimi, “Alqoritmika” heyəti tərəfindən müəllimlər üçün illik imtahanların keçirilməsinə mane olmadı. İl ərzində əldə olunan nəticələri təhlil etmək və gələcəkdə müəllimlərin peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi istiqamətində təlim və vebinar proqramlarının hazırlanması məqsədilə yay aylarında onlayn formatda imtahanlar keçirildi. Yeni formatda keçirilən imtahanlar ciddi nəzarət altında və olduqca uğurlu baş tutdu.

- "Rəqəmsal Bacarıqlar" layihəsi hər zaman dərsdənkənar fəaliyyətləri ilə seçilib – bu məktəblilər üçün müxtəlif müsabiqələrin, tədbirlərin keçirilməsi, "Kod saatı"nın və yuxarıda qeyd etdiyiniz kimi vebinarların təşkil olunmasıdır. Yeni tədris ilində bu istiqamətdə hər hansı bir plan varmı?

- İndiyə qədər olan müsbət rəylərə əsaslanaraq, hələ ki tədbirlərin onlayn formatda təşkilinə davam etməyi planlaşdırırıq. Layihənin icra prosesi və gözlənilən nəticələr ilə tanış olmaq üçün yeni məktəblər üçün tədbirin keçirilməsi planlaşdırılır. Layihənin xəbərləri və gündəlik fəaliyyətləri ilə bağlı məlumatlarla sosial şəbəkələrdə rəsmi səhifələrdən tanış olmaq mümkündür.

Dİgər xəbərlər