Günəş enerjisindən istifadə - Ekologiyanı xilas edəcək seçim
07 sentyabr 2020 13:20 (UTC +04:00)

Günəş enerjisindən istifadə - Ekologiyanı xilas edəcək seçim

Günəş panellərdən istifadənin atmosferin təmizlənməsində

Dünyada əhalinin sayının çoxalması, istifadə olunan elektrik cihazlarına, nəqliyyat vasitələrinə tələbatın artması enerji daşıyıcılarına olan tələbatı da artırır. Bu da alternativ və bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirir. Bərpaolunan enerji mənbələri əsasən "günəş", "külək", "geotermal", "hidroenerji", "biokütlə" və "dalğa" enerjiləri kimi qruplaşdırılır.

 Xüsusən elektrik enerjisinin kəsildiyi vaxtlarda enerji mənbəyi kimi alternativ enerji mənbələrindən istifadə gündəmə gəlir. Bir neçə gün öncə Bakının bir hissəsində işıqların sönməsi və metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranması nəticəsində "Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu" stansiyalarında qatarların fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunub.

 

Bununla Azərbaycanda günəş panellərindən  istifadənin məsələsi yenidən gündəmə gəldi.

 

Bəs günəş panellərinin nə kimi ekoloji təsirləri var və Azərbaycanda bu panellərdən istifadə hansı səviyyədədir?

 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, elektrik enerjisinin istehsalında alternativ bərpaolunan enerji mənbələrindən istifadə ətraf mühitə mənfi təsirləri azaltmağa imkan verir:

“Hazırda dünyada qlobal iqlim dəyişmələri fonunda hamı alternativ enerji mənbələrindən istifadəni daha da artırmağı istəyirlər. Neftdən və kömürdən istilik effekti yaradan qazların əmələ gəlməsinə gətirib çıxardan elektrik enerjisi istehsalı proseslərini alternativ proseslərlə əvəz eləmək məqsədəuyğundur. O cümlədən, Azərbaycanda da iqlim dəyişmələri, ətraf mühitə yayılan təsirləri azaltmaq üçün mümkün qədər alternativ enerji mənbələrindən geniş şəkildə istifadə olunsun”.

 

R.Səttarzadə qeyd edib ki,  günəş panelləri vasitəsilə təmiz enerji əldə olunur. Günəşin şüaları elektrik enerjisinə çevrilir. Həmçinin əlavə edib ki, Azərbaycanda bir çox milli parklarda günəş panelləri quraşdırılıb və bu işlər davam etdirilir.

 “Harda elektrik enerjisinə çıxış çətindir, həmin yerlərdə belə panellər quraşdırılır. Azərbaycanda da günəş panellərindən istifadənin artırılması ilə bağlı planlar var”,- deyə nazirlik rəsmisi bildirib.

 Şöbə müdirinin sözlərinə görə, günəş panellərinin heç ziyanı ola bilməz:

 Ekoloq Rauf Soltanov bildirib ki, dünya miqyasında əhalinin istilik enerjisinə olan tələbatını ödəmək üçün yerin altında olan karbohidrogen  ehtiyatlarından geniş miqyasda istifadə olunur. Onun sözlərinə görə, gələcəkdə bu ehtiyatlar bitəcək və yerin özünün daxili sferasında olan enerjidən istifadə olunacaq:

 

“Bununla bağlı dünya miqyasında günəş enerjisindən istifadə etmək üçün  müxtəlif texnologiyalar  var və bunlardan biri də günəş panelləridir:

Bu, gələcəyin həyati zəruri olan bir problemidir. Bitkilər üzərinə düşən günəş enerjisini 0.3 faiz mənimsəyir, onu yaşıl kütləyə çevirir, ağaclarda isə bu göstərici 3 faizdir. Dünyanın gələcəyi günəş enerjisindən istifadədən asılıdır. 50-100 il sonra bu, yeganə enerji mənbəyi olacaq. Azərbaycanda da günəş panellərindən istifadə etmək ən vacib məsələlərdən biridir. Məsələn, külək enerjisindən istifadə etməklə alınan enerji və günəş panellərindən əldə olunan enerji arasında böyük fərq var. Çünki günəş enerjisi küləyə nisbətən daha davamlı və dayanıqlı enerji mənbəyidir. Məsələn, Qubada panellər qurulub. Həmin paneldən küçənin işıqlandırılmasında  istifadə olunur. Hava  işıqlananda panellər sönür, ehtiyat enerjini toplayır. Bu, iqtisadi cəhətdən olduqca böyük əhəmiyyət kəsb edir”.

 Ekoloq qeyd edib ki, günəş panellərindən istifadə etməyin bir sıra mənfi tərəfləri də var. Onun sözlərinə görə, günəşin yerə verdiyi  enerjinin bir hissəsi panellər vasitəsilə elektrik enerjisinə çevrilir, qalanı isə yenidən atmosferə qayıdır.

 

“Bu zaman parnik effekti yaranır. Dünya miqyasında günəş panelləri az olduğu üçün bunun təsiri o qədər görünmür. Amma gələcəkdə günəş panellərindən istifadə etmə 60-70 faizə çatdıqda onun atmosferə böyük təsiri olacaq. Parnik effekti yer kürəsinin isinməsində böyük rol oynayır, həmçinin buzlaqların əriməsi, müəyyən  qlobal ekoloji problemlərin yaranmasına  gətirib çıxarır. Günəş panellərindən indiki səviyyədə istifadə ilə parnik effekti demək olar ki, yox dərəcəsindədir”.

 

R.Soltanov bildirib ki, hazırda dünya texnologiyası günəş enerjisindən istifadəyə yönəlib:

 

“Aparılmış hesablamalar göstərir ki, gələcəkdə əhalinin enerji ehtiyatının 60-70 faizi günəş enerjisi hesabına təmin olunacaq. Əlbəttə yer kürəsində müəyyən dəyişikliklər əmələ gələcək. Günəş enerjisinin istiliyinin yerə qaytarılması həm də  havanın tərkibində də müəyyən dəyişikliklərə səbəb olacaq. Yəni hər hansı texnoloji prosesin yüksək nəticəsi ilə yanaşı müəyyən ekoloji təsirləri də olur”.

 

Ekoloq vurğulayıb ki, panellərdən istifadə etməklə alınan enerjinin atmosferin  təmizlənməsində çox böyük rolu olacaq, yəni karbohidrogen məhsullarından yanacaq kimi istifadə edilməyəcək və onların  havaya buraxdığı karbon qazı, maşınların istifadə etdikləri karbon oksidinin miqdarı azalacaq:

“Bu, atmosferin çirklənməsinin qarşısının alınmasında ən böyük təsiredici amillərdən biri olacaq. Bu gün Bakı şəhərində atmosferin çirklənməsinin əsas səbəbi, 65-70 faiz  avtomobillərin payına düşür. Təsəvvür edin ki, bu avtomobillər günəş enerjisindən istifadə edərsə Bakıda atmosferin çirklənməsi, yəni karbon qazının miqdarı 40-50 dəfə azalacaq”.

 

R.Soltanovun sözlərinə görə, inkişaf etmiş kapitalist ölkələrində günəş enerjisindən istifadə etmə əmsalı Azərbaycanla  müqayisədə 1000 dəfə çoxdur:

“Azərbaycanda son 4-5 ildə bu istiqamətdə işlər görülüb. Ölkəmizdə su problemi var, hələ yeni-yeni inkişaf edir, müəyyən struktur sahələrinə pul ayrılır. Azərbaycanın da inkişaf etmiş ölkələr kimi pulu çox olsa, əlbəttə, ölkənin hər yerində günəş enerjisindən istifadə etmə əmsalı yüksək olardı. Azərbaycan gələcəkdə müəyyən problemlərini həll etdikdən sonra şübhəsiz ki, bu istiqamətə böyük önəm verəcək”.

 

Qeyd edək ki, 2004-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə 2030-cu ilədək bütövlükdə istehlak olunan enerjinin 30%-nin alternativ mənbələrdən əldə olunması nəzərdə tutulub.

 

Faiq Mahmudov

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ekologiya və Təbiİ Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə həyata keçirdiyi “Altenrativ mənbələrdən istifadə etməklə təbiəti qoruyaq” layihəsi çərçivəsində hazırlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1169

Oxşar yazılar