Avqustun 3-də muxalifət.az saytında dərc olunan “Rəis müavini məni intihar həddinə çatdırıb” başlıqlı yazıda Siyəzən şəhər sakini Rəşad Əliyev iddia edir ki, guya onun Siyəzən rayon Polis Şöbəsinin bir sıra əməkdaşları barədə aidiyyəti qurumlara yazdığı şikayət ərizələri ilə bağlı şöbənin rəis müavini Əhməd Nəcəfov ondan intiqam almağa çalışır.
DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a daxil olan xəbərdə bildirilir ki, Rəşad Əliyev 2017-ci ilin oktyabr ayında narkotik maddələrin qanunsuz saxlanılmasında şübhəli bilindiyi üçün idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılıb. Bu zaman həmin nəqliyyat vasitəsindən R.Əliyevə məxsus iki bükümdə olan qurudulmuş marixuana aşkarlanıb. O, Siyəzən rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bu ilin may ayında şikayətçinin qardaşı Elnur Əliyev rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün idarə etdiyi nəqliyyat vasitəsi ilə Şabran rayonundan Siyəzən rayonuna gələndə saxlanılıb. Saxlanılarkən E.Əliyev məsuliyyətdən yayınmaq üçün üzərində gəzdirdiyi 4 ədəd kibrit qutusunda olan narkotik vasitəni nəqliyyat vasitəsinin yan şüşəsindən ataraq ərazidən uzaqlaşıb. Həmin şəxs istintaqa təqdim olunub. Aparılan istintaq hərəkətləri nəticəsində onun əməli sübuta yetirilib. Eyni zamanda istintaqın gedişində E.Əliyevin satış məqsədi ilə əldə etdiyi narkotik vasitənin mənbəyi də müəyyənləşdirilib və onu bu maddələr ilə təmin edən Şabran şəhər sakini Cavid Məmmədov da saxlanılıb. Saxlanılarkən C.Məmmədova məxsus fərdi yaşayış evindən isə 1 kiloqram 344 qram qurudulmuş marixuana, 5 qramdan artıq tiryək və 55 qram çətənə bitkisinin toxumları aşkarlanıb. Qeyd edilən faktlarla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bundan bir müddət sonra Rəşad Əliyevin əmisi oğlu Siyəzən şəhər sakini Rövşən Əliyev də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Evinə keçirilən baxış zamanı oradan narkotik maddə olan heroin və metamfetamin aşkarlanaraq götürülüb. R.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və o Siyəzən rayon Məhkəməsi tərəfindən həbs edilib.
Həmçinin regional qrupun məlumatında qeyd olunur ki, göründüyü kimi R.Əliyevin mətbuatda yayımladığı iddialar şər və böhtan xarakteri olmaqla Siyəzən rayon Polis Şöbəsinin fəaliyyətinə uğursuz kölgə salmaq cəhdidir.