Payızın dəyişkən havasından dərimizi necə qoruyaq? – Kosmetoloqdan məsləhət
02 sentyabr 2020 19:58 (UTC +04:00)

Payızın dəyişkən havasından dərimizi necə qoruyaq? – Kosmetoloqdan məsləhət

Mövsüm dəyişəndə dərimizin ehtiyacları da dəyişir. Havaların soyuması ilə dəri problemləri ortaya çıxır. Bəs mövsüm dəyişərkən dəriyə qulluq necə olmalıdır?

Bu mövzu demək olar ki, bütün xanımları maraqlandırır. Bəzən düzgün qulluq etmədiklərinə görə başqa problemlərlə də qarşılaşırlar.

Kosmetoloq Mehriban İbrahimova Lent.az-a açıqlamasında payız aylarında dəriyə qulluqdan danışıb. Kosmetoloq bildirib ki, soyuq hava dəridəki bəzi problemləri artırır:

“Bunlardan biri dəri quruluğudur. Dəridəki quruluğun qarşısını almaq üçün mütləq onun nəmlənməsinə şərait yaratmaq lazımdır. Xüsusilə soyuq havaya çıxmazdan öncə və duş qəbul etdikdən sonra nəmləndirici kremlərdən istifadə edin. Bununla həm dəri çatlamalarının, həm də vaxtından əvvəl qırışların yaranmasının, dərinin qocalmasının qarşısını alacaqsınız. Bundan əlavə, gün ərzində 1-1,5 litr su içməyi də unutmayın”.  

Mehriban İbrahimovanın dediyinə görə, hətta sağlam adamlarda daimi olaraq soyuq havanın və küləyin təsirindən vaxtından əvvəl qocalma müşahidə olunur:

"Əgər fikir vermisinizsə, uzun müddət şaxtada qaldıqda qan damarları daralır və dəri ağarır. Bu da qan dövranına mənfi təsir göstərir, maddələr mübadiləsi pozulur, dərinin qidalanması isə azalır. Bu zaman dəri müxtəlif qıcıqlanmalara məruz qalır, ağarır və təravətini itirir. Lakin dəriyə düzgün qulluq etdikdə, bunun qarşısını almaq olar".

Kosmetoloq bildirir ki, soyuq hava şəraitində dərinin donmadan və quruluqdan qorumaq üçün daimi olaraq xüsusi qoruyucu kosmetik vasitələrdən istifadə etmək lazımdır:

"Əgər dəri qurudursa, axşamlar dərinin təravətli olması üçün ona xama, süd, yağlar vurmaq olar. Bu mövsümdə nəmləndirici vasitələrdən və xüsusi maskalardan da istifadə olunmalıdır". 

Üzə qulluq zamanı dodaqları unutmaq olmaz. Çünki onlar zədələnərsə, dodaq boyası da istədiyimiz kimi qalmaz. Kosmetoloq da bunları təsdiqləyir:

“Daha yaxşı olar ki, dodaqların qurumasının qarşısını almaq üçün tərkibində yağ turşuları olan dodaq kremlərindən istifadə edəsiniz. Əgər sizin əlinizin altında heç bir kosmetika yoxdursa, o zaman adi bitki yağlarından istifadə edin. Bitki yağlarından mütəmadi istifadə dodaq dərinizin elastikliyini saxlamaqda kömək edər.

Bal vasitəsilə dodaqların nəmləndirilməsi də effektivdir. Balın tərkibindəki maddələr dodaq çatlamasına qarşı xeyirlidir”.

Sonda onu da qeyd edək ki, dərinin parlaq və təravətli olması üçün bu qulluqlarla yanaşı, düzgün kosmetik vaistələrin seçilməsi və qidalanmaya diqqətlə yanaşmaq da vacibdir.

# 2638
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar