15:38
02 Sentyabr 2020

"Sovet maşınları hədsiz bahalaşıb" - Bazarda real vəziyyət

Pandemiya ilə əlaqədar müvəqqəti fəaliyyəti dayanan iri ticarət mərkəzləri və bazarlar arasında maşın bazarı da var. Buna görə də hazırda satışlar və elanlar onlayn şəkildə aparılır. Son zamanlar isə ölkədə hətta 20-30 ilin maşınlarının qiymətində də ciddi artım müşahidə olunur. Bundan əvvəl isə əksəriyyət karantin və durğunluqla bağlı qiymətlərin kəskin düşəcəyini düşünürdü. İndiki vəziyyətdə ucuzlaşmanın və canlanmanın nə vaxtdan başlayacağı həm maşın almaq istəyənləri, həm də həvəskarları ən çox düşündürür.

Avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov Lent.az -a açıqlamasında qiymət bahalığını bazarın bağlı olması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu bahalaşmaya da öz maşınını satmaq istəyənlər səbəb olub:

“Hazırda Azərbaycanda maşınların qiymətinin bahalaşması bazarların fəaliyyət göstərməməsi ilə bağlıdır. Məsələn, indiki dövrdə kimsə öz maşınını satmaq üçün qiyməti ilə maraqlanmalıdır. Bazar olmadığı üçün girib saytda həmin maşının 11-12 min manata qoyulduğunu görür. Düşünür ki, mənim maşınım da bu qiymətədir. Maşının nəyi olub-olmadığını heç özü də bilmir. Realda baxanda isə maşının zərbə aldığı bilinir. Gileylənəndə yaxşı maşının çox baha olduğunu deyir. Ancaq bazar olanda maşın yiyəsi ətrafdakı maşınlara baxıb qiymət qoya bilir. Bundan əlavə, qiymətlər bazarın saatına görə də tənzimlənir. Səhər tezdən yox, günorta saat 1-2-də, camaat yorulub getmək istəyəndə güclü ucuzluq olur. Ona görə də bazarın ən qızğın vaxtı bu saatlardır. Qiymətlərin hazırda bu cür qalxmasına səbəb alverçilər yox, maşınlarını satanlardır”.

Ekspert birmənalı olaraq ucuzlaşmanın müşahidə edilmədiyini və sovet maşınlarının daha çox bahalaşdığını qeyd edib:

“İndiki vəziyyətdə sovet maşınlarının qiyməti hədsiz dərəcədə artıb. Əvvəl “Toyota Prius” avtomobilləri çox gəlirdisə, onun yerini Amerikadan gələn “Chevrolet Cruze”lər tutub. Avtomobillərin kreditə verilməsi imkanı da alqı-satqının ayaqda durmasına kömək olur. Birmənalı olaraq, ucuzlaşma yoxdur. Dünyanın bir sıra ölkələrində alqı-satqının canlanması üçün müxtəlif tədbirlər görülüb. Eşitdiyimə görə, ABŞ-da aşağı faizlə kampaniyalar təklif olunub. Ancaq təəssüf ki, bizdə heç bir oxşar və ya digər tədbir görülməyib”.

Sərxan Qədirov qonşu ölkələrdə, əsas da Gürcüstanın avtomobil bazarında canlanma və ucuzluq olmasına belə aydınlıq gətirib:

“Qafqaza və bir sıra Orta Asiya ölkələrinə maşınlar məhz Gürcüstan dəniz limanı vasitəsilə gətirilir. Orada gömrük rüsumları 300 dollar təşkil edir. Bu səbəbdən ölkə bütünlüklə avtomobil bazarına çevrilib. Gömrük ucuz olmalıdır ki, maşınlar da ucuz olsun. Ancaq Azərbaycanda xaricdən gətirilən avtomobillərin dövlət qeydiyyat rüsumu maşının qiymətinə bərabər, hətta ondan da baha olur. Bu da ölkədən xaricə avtomobil satışına imkan vermir. Azərbaycana ancaq xaricdən maşın gətirilir, bəs hara qədər? Baha qiymətlərin də, durğunluğun da səbəbi gömrük qiymətləridir”.

Dİgər xəbərlər