4177
13:12
02 Sentyabr 2020

Sənədsiz ev problemi: proses nə üçün ləngiyir? - RƏSMİ

“Sənədsiz evlər ilə bağlı yaradılmış komissiyaların işi pandemiya ilə əlaqədar ləngiyir”.

Bu barədə Lent.az -a Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, komissiyalarda hər rayon üzrə aidiyyəti ərazilərə dair araşdırmalar aparılır:

“Komissiyaların işləri yekunlaşdıqdan sonra bizə məlumat veriləcək və nəticələr ictimaiyyətə açıqlanacaq”.

Mövzu ilə bağlı saytımıza danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, prosesin ləngiməsinin bir neçə səbəbi var:



“Bu ilin mart ayından etibarən sənədsiz evlərə çıxarışların verilməsinə başlanılmalı idi. Ancaq Əmlak Məsələləri Dövlət Komitəsinin ləğvi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yaradılması ilə çox şey dəyişildi. Bu səbəbdən də 7-8 aydır ki, əmlakların ilkin özəlləşmələri də dayandırılıb və sözügedən sektor durmuş vəziyyətdədir.

Bundan başqa mart ayından pandemiyanın Azərbaycanda da yayılması sənədsiz evlərlə bağlı işlərin yubanmasına səbəb oldu”.

E.Fərzəliyev xatırladıb ki, hazırda sənədsiz evlərdə yaşayanların əksəriyyəti fərdi evlərdə qalanlardır:

“Abşeronda və Bakıda təxminən 500 minə qədər sənədsiz həyət evi var. Eyni zamanda, minlərlə yeni tikilidə çıxarışsız evlər var. Sözügedən evlərin alqı-satqısı zamanı dövlətə vergi ödənilmir. Bu evlər nə qədər tez sənədləşdirilərsə, büdcəyə daxilolmalar da o qədər tez artacaq. Hazırda dövlət çıxarışsız evlərin satılmasından heç bir gəlir əldə edə bilmir”.

Ekspert deyib ki, tikinti ilə bağlı xüsusi qurum yaradılmalı və oradan da vətəndaşlar çıxarışı, icazəni ala bilməlidirlər:

“Bir pəncərə sistemi olsa, hadisələr müsbətə doğru dəyişəcək və vətəndaşlar problemlərlə qarşılaşmayacaq.

Bunu da bildirim ki, pandemiya dövründə insanlar daha çox fərdi evlər aldılar. Çünki qapanmaya görə hər kəs binada qala bilmirdi. Ucuz olduğu üçün sənədsiz evlər daha çox satıldı. Əgər həmin evlərin çıxarışı olsaydı, dövlət bundan xeyli vəsait əldə edəcəkdi. Burada uduzan tərəf dövlətdir. Çünki evin satılmasından gəlir əldə edə bilmir. İstənilən tikinti işləri aparılanda qeyri-rəsmi olsa da icazə verilir, ancaq rəsmiləşdirmə aparılmır və illərlə bu hal davam edilir.

Eyni zamanda, sənədsiz evlərin probleminin həll edilməməsi səbəbindən minlərlə şəxs Bakı və Abşeronda evi ola-ola evinə qayıda bilmir. Çünki onların qeydiyyatı yoxdur”.

Xatırladaq ki, komissiyaların tərkibinə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, FHN-in, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “Azəriqaz” İB-in,“Azərişıq” və “Azərsu” ASC-nin nümayəndələri daxildir.