1036
14:21
01 Sentyabr 2020

Çay sularımızda bakteriyaların miqdarı yüz dəfələrlə çoxdur

Azərbaycanın su ehtiyatlarının 70 faizi transsərhəd sulardan asılıdır. Ona görə su ilə bağlı problem ölkədə həmişə olub və getdikcə də kəskinləşir.

Lent.az xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə "Respublika" qəzetində açıqlayıb.

O bildirib ki, hələ 2013-2014-cü illərdə Coğrafiya İnstitutu ilə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə Azərbaycanda su problemlərinə həsr olunmuş 2 beynəlxalq elmi-praktiki konfrans və “Dəyirmi masa”, forum, eləcə də bu günə qədər onlarca elmi seminar keçirilib: “Hələ onda ölkədə su qıtlığı özünü kəskin büruzə vermirdi, lakin coğrafiyaçı alimlər uyğun tədbirlər görülməsə, yaxın gələcəkdə bu problemin kəskinləşəcəyini proqnozlaşdırmışdılar. Su ilə bağlı tədbirlərdə həmsərhəd ölkələrin tranzit çay sularının həddindən artıq çirklənməsini coğrafiyaçılar dəfələrlə müzakirə edib. 1980-ci illərin sonlarından bu dövlətlərin heç bir müəssisəsində təmizləyici qurğular işləmədiyindən həmin dövlətlərin ərazisindən atılan çirkab sularını qəbul edən transsərhəd çaylar çirkləndirir. Çay suyunda olan zərərli kimyəvi maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, mədə-bağırsaq basilləri, bakteriyalar isə yüz dəfələrlə artıqdır. Alimlər Ermənistan və Gürcüstan respublikalarının transsərhəd suların istifadəsində məsuliyyət daşımaları üçün onların Beynəlxalq Konvensiyaya qoşulmalarını zəruri hesab edirlər.