1078
11:57
01 Sentyabr 2020

"Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdü kəsilməyib" - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovaya verilən təqaüdün kəsilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Lent.az -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov deyib ki, erməni girovluğunda qalan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovaya verilən ödəniş dayandırılmayıb:

"Firuzə Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilmişdi. Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. Firuzə Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir.

Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il azadlıqdan məhrum edilib.