1928
19:07
31 Avqust 2020

Məktəbdənkənar dərnəklərə yekun vuruldu

“Virtual məktəb” platforması üzərindən təşkil olunan məktəbdənkənar dərnəklərin fəaliyyəti başa çatıb.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, dərnəklər şagirdlərin tətil vaxtını faydalı və maraqlı keçirmələrinin təmin edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.

Bu il iyul ayının əvvəllərindən başlayan və iki ay müddətinə 6 fərqli istiqamət - “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” üzrə davam edən dərnəklərdə 20 mindən çox məktəbli iştirak edib.

COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada şagirdlərin maraqlarına uyğun olaraq təşkil edilən dərnəklərdə Azərbaycan və rus bölmələri üzrə şagirdlərə bədii əsərlərin düzgün oxunuşu, toxuma və əl işlərinin hazırlanması, şahmat, milli və xarici rəqslər öyrədilib, xalq çalğı alətləri haqqında geniş məlumatlar verilib.

Bundan əlavə, dərnəklərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün məşğələlərin videoyazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdirilərək onları təkrar izləmək imkanı yaradılıb.

Dİgər xəbərlər