1900
18:15
26 Avqust 2020

"Danışıqlar prosesi konkret məsələlər ətrafında aparılmalıdır" - Ceyhun Bayramov

“Azərbaycan danışıqlar prosesində konstruktiv mövqeyini ərazilərimizin 20 faizinin işğalının davam etməsinə baxmayaraq, real fəaliyyəti ilə təsdiqləyib. Azərbaycan 30 ilə yaxındır ki, danışıqlar masasındadır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan münaqişənin siyasi yolla həllinin tərəfdarıdır: “Bununla yanaşı, biz hesab edirik ki, münaqişəni nizamlamaq üçün olduqca ciddi hüquqi baza mövcuddur və hesab edirik ki, danışıqlar prosesi beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə əsasən aparılmalıdır. Bunlar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və son illərdə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan digər sənədlərdir. Bu nöqteyi-nəzərdən biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq. Lakin hesab edirik ki, danışıqlar prosesi konkret məsələlər ətrafında aparılmalıdır, substantiv olmalıdır və danışıqlar prosesinin imitasiyası olmamalıdır. Hesab edirik ki, danışıqlar prosesinə zərbə vuran bəyanatlar, fəaliyyətlər beynəlxalq ictimaiyyət tərəfindən, ilk növbədə həmsədr ölkələr tərəfindən qınanmalıdır”.