1426
11:22
26 Avqust 2020

Balıq ovuna gedənlərin nəzərinə - BUNLARI ETSƏNİZ...

Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər.

Bu barədə Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Sənaye balıq ovu məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN” Xidmət Mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.