10:52
21 Avqust 2020

Rusiyanın müxalifət liderinin Almaniyaya aparılmasına icazə verilmədi

“Aleksey Navalnının vəziyyəti yaxşılaşıb”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün A. Navalnının yerləşdirildiyi xəstəxananın baş həkimi Aleksandr Muraxovski jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həkimlərin konsiliumunun nəticəsinə əsasən, hələlik A. Navalnının Omsk xəstəxanasından çıxarılaraq Almaniyaya müalicəyə göndərmək olmaz.

A. Navalnının səhhətinin bir qədər yaxşılaşdığını vurğulayan baş həkim qeyd edib ki, lakin hələ də tam sabitliyə nail olunmayıb.

A. Muraxovski onu da bildirib ki, A. Navalnının Almaniyaya müalicəyə göndərilməsi üçün ilk növbədə pasiyentin səhhətinin tam sabitləşməsinə nail olmaq lazımdır.

Baş həkimin sözlərinə görə, A. Navalnının diaqnozunun müəyyənləşdirilməsi üçün tələb olunan tədqiqat təxminən iki gün davam edəcək.

A. Navalnının sözçüsü Kira Yarmış isə bildirib ki, əvvəlcə onun müalicə üçün Almaniyaya aparılmasına razılıq verən həkimlər daha sonra fikirlərini dəyişiblər.

“Həkimlər indiyədək onun aparılmasına icazə verirdilər. Buna görə də biz ən qısa zamanda bu məsələni təşkil etdik. Lakin son məqamda onlar icazə vermədiklərini bildirdilər. Əlbəttə ki, bu onlardan asılı deyil, bu Kremlin qərarıdır”, - K. Yarmış qeyd edib.

Dİgər xəbərlər