1843
16:02
20 Avqust 2020

Azərbaycanda koronavirusun genetik kodu oxunacaq

Azərbaycan Milli Elmlər Akademiyası Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə koronavirus infeksiyasının genetik kodunun oxunması istiqamətində tədqiqatlar aparacaq.

Bu barədə Lent.az -a AMEA-dan məlumat verilib.

Qurumdan o da bildirilib ki, Azərbaycanın "Qırmızı Kitabı"nın III cildinin nəşri ilə bağlı işlər aparılır. Kitabın çapının 2023-cü ildə nəzərdə tutulduğu və bununla əlaqədar olaraq AMEA-da alimlərdən ibarət Redaksiya Heyəti yaradıldığı vurğulanıb. Qeyd olunub ki, "Qırmızı Kitabı"n birgə nəşrinə dair AMEA ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında müqavilə bağlanıb.

Bundan başqa AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələri ilə Kənd Təsərrüfatı Nazirliyinin müştərək tədqiqat proqramları olduğu bildirilib. Quraqlığa dözümlü buğda sortlarının yetişdirilməsi, xaricdən toxumların gətirilərək yerli iqlimə uyğunlaşdırılması, şoranlaşmış torpaqların əkinə yararlı vəziyyətə salınması, biçənək və otlaqların tədqiqi istiqamətində birgə layihələrin nəzərdə tutulduğu bildirilib.